Milli Şuraya toplaşanlar demaqoqluqla məşğuldurlar - MÜSAHİBƏ
Ramiz Tağıyev: “Onların səviyyəsizlikləri sosial şəbəkələrdə bir birilərini təhqir etmələrindən açıq görünür”
26 İyul 2013 15:54 MüsahibəBir müddət əvvəl həbsdən çıxan Milli Azadlıq Hərəkatının fəallarından Canımız Azərbaycan Partiyasının sədri Ramiz Tağıyevin "OLAYLAR"-a müsahibəsi
-Ramiz bəy, hazırda müxalifətdaxili vəziyyəti necə dəyərləndirisiniz?
-Zənnimcə əvvəlcə müxalifətin sərhədləri və kimliyi müəyyən olunmalıdir.
-Görünən odur ki, müxalifət seçkidən daha çox daxili çəkişmələrə üstünıük verir. Son vaxtlar Milli Şura adı altında yaradılan qurumda baş verənlər də belə deməyə əsas verir. Sizcə bu seçkidə müxalifətin məğlubiyyətini qaçılmaz etməyəcəkmi?
-Milli Şurada müxalifət düşərgəsindən çox uzun illər bədbəxt millətimizin taleyini beynəlxalq hərraca çıxarmış siyasi dəllallar təmsil olunur. Onların səviyyəsizlikləri sosial şəbəkələrdə bir birilərini təhqir etmələrindən açıq görünür. Tutaq ki, bu şəraitdə onlar hakimiyyətə gəldilər. O zaman ölkəıdə nələrin baş verəcəyini indidən söyləmək mümkündür. Milli Şuraya toplaşanlar milli savaş deyil şəxsi intriqaları naminə demoqoqluqla məşğuldurlar.
-Ümumiyyətlə, Milli Şura ideyasını necə qarşılayırsınız?
-Milli Şura Moskvadan idarə olunduğu üçün, hazırda mənim həmin şuraya münasibətim düşmənçilik səviyyəsindədir. Hesab edirəm ki, Milli Şura yanlış yoldadır. Uzun illər siyasi meydanda olanların öz yerlərini təsadüfi birinə buraxmaqlarını qəbul etmək mümkün deyil. Bu baxımdan Milli Şurada siyasi xəttini bəyəndiyim kimsə yoxdur. İndi müəyyən ölkələrə səfərlərə çıxmaq barədə danışırlar və bunu reallaşdırırlar. Ancaq hesab edirəm ki, onlar xarici səfərə Türkiyədən başlasaydılar, bəlkə də müsbət qarşılayardım. Xatırlayırsınızsa ölkə prezidenti də ilk səfərini daima qardaş Türkiyə Cümhuriyyətinə edib. O cümlədən qardaş ölkənin də prezidenti və digər rəsmi şəxsləri seçkilərdən sonra ilk səfərlərini Azərbaycana gəlməyi planlaşdırıblar. Bunlar isə indidən kursu düz götürməyiblər, nicatlarını bir yox, on, on beş ölkədə axtarmağa başlayıblar. Ancaq bu bir reallıqdır ki, xalqımız xaricilərin çaldığı havaya heç vaxt oynamayıb, oynamayacaq da. Açıq-aşkar görünür ki, bir çox xarici ölkə Azərbaycanda çaxnaşma yaratmaq üzərində işləyir. Görmürükmü nələr baş verir, müsəlman dünyasında. İnanın ki, müsəlman dünyasında baş verən qardaş qırğınlarından xüsusi həzz alan antimüsəlman, antitürk mafiyalar var. Bütün bunlara baxmayaraq, mən xalqımızın ən düzgün seçim edəcəyinə inanaraq, ölkəmizə uzanan yad barmaqların sındırılacağını indidən görürəm. Tam qətiyyətlə söyləyirəm ki, Milli Şuraya hakimiyyət eşqiylə toplanmış milli ruhdan kənar birilərinin arzuları gözlərində qalacaq. Xalq yaxşı görür ki, hələ ortalıqda heç nə yoxdur, ancaq Milli Şuraya cəmlənmişlər bir-biriylə qırğına çıxıb. Onlarmı ölkəni idarə edəcəklər? Özlərini idarə edə bilməyənlərmi ölkəni idarə edəcək?
-Həmin qurumda baş verən son ziddiyətlər onun tezliklə parçalanmasından xəbər vermirmi?
-Mən demişəm və yenə də həmin fikrimdə qalıram ki, Milli Şurada təmsil olunanlar davamlı addımlaya bilməyəcəklər. Çünki, əksəriyyəti ayrı-ayrı xarici ölkələ tərəfindən idarə olunduqlarından, həmin ölkələrin sifarişinə əməl etmək məcburiyyətindədirlər.
-Sizcə belə bir şəraitdə müxalifət prezident seçkilərində nəyəsə nail ola bilərmi?
-Çox güman ki, siz də uzun illər onların belə qurumlar yaradıb siyasi diletantları ümidləndirdiklərinin şahidi olmusunuz. Mən başqa ölkələrdə yazılan hər hansı ssenarini olkəmiz üçün məqbul hesab etmirəm.
Süleyman İsmayılbəyli