“Azərbaycanda Türkiyənin hərbi baza yaratması beynəlxalq gücləri narahat edir” - POLİTOLOQ
Vurğun Həsənli: “Rusiya – Türkiyə münasibətlərinin minimuma endirilməsi regionun donması mənasına gəlir”
24 İyul 2013 15:21 MüsahibəAnkara Universitetinin əməkdaşı, politoloq Vurğun Həsənli Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ilə bağlı fikirlərini "Olaylar"a bildirib.
Vurğun Həsənli qeyd edib ki, Azərbaycan- Türkiyə hərbi əməkdaşlığı əhəmiyyətli olduğu qədər də vacibdir. Çünki hər iki dövlətin düşmənləri çoxdur və bənzərdir. Eyni zamanda, hər iki ölkə tarix boyunca haqsızlıqlara, zülmlərə məruz qalıb. Politoloqun sözlərinə görə, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması söz-söhbəti on ildən çoxdur ki, mütəmadi gündəmə gəlir amma reallaşa bilmir. Həm də söhbət hərbi baza yaratmaqdan gedirsə, bu məsələ sadəcə hər iki dövlətin qonşularını deyil, beynəlxalq gücləri də narahat edir. V.Həsənli bunun hazırkı mərhələdə reallaşacağını mümkün hesab etmir. Lakin politoloq onu da qeyd edir ki, Qəbələ radiolokasiya sisteminin boşaldılacağı da ehtimal olunmurdu. Azərbaycan hakimiyyəti iradə ortaya qoyaraq sözügedən radiolokasiya sistemini rusların nəzarətindən çıxardı.
Politoloqun sözlərinə görə, başqa bir ehtimal isə ortaq hərbi birliyin yaradılmasıdır. Bir hərbi hissənin model kimi yaradılaraq necə nəticə verəcəyinə baxmaq lazımdır. Yəni ortaq hərbi birlik yaradıldıqdan sonrakı hadisələrin inkişafı əsasdır. Burada qonşu ölkələrin münasibəti, hər iki ölkə hərbçilərinin bir yerdə çalışmasının müsbət və mənfi tərəfləri analiz edilərək gələcək üçün addımlar atılmalıdır. Müsbət təcrübə əldə olunarsa, Azərbaycanda türk hərbi bazasının qurulması və ya digər müstəvilərdə hərbi əməkdaşlığın rakursları ortaya çıxa bilər.
Vurğun Həsənli bildirir ki, hər iki ölkə hökumətlərinin iradəsi olarsa Azərbaycan və Türkiyə hərbi bazasının yaradılması mümkün və labüddür.
Politoloq həmçinin Azərbaycan - Türkiyə hərbi əməkdaşlığının qurulmasında Rusiya amilini dəyərləndirib: "Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasında ən böyük əngəl və təhdid Rusiyanın bu məsələdə narahatlığıdır. Çünki ABŞ-ın Cənubi Qafqaz regionunda, Xəzər dənizində öz hərbi bazasını yaratmaq niyyəti ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatı Rusiyanın sərt etirazı ilə qarşılaşmış və məsələ gündəmdən düşmüşdür. Rusiya regionda öz hegemonluğundan başqa güc istəmir. Bu o deməkdir ki, Rusiya öz ordusundan müasir, güclü, professional ordu istəməyəcəkdir. Müharibə şəraitində olan Azərbaycanın bu niyyətinin on illərlə reallaşmamasına təsir edən ən mühüm məqam Rusiyanın mövqeyidir. Rusiya-Türkiyə ikitərəfli münasibətlərində Azərbaycan mühüm yer tutur. Ancaq Rusiya-Türkiyə münasibətləri çoxşaxəlidir, dərin tarixi köklərə malikdir. Əlbəttə belə bir layihə həyata keçərsə soyuqluq yarana bilər, amma bu uzunmüddətli, ya da əlaqələrin minimuma endirilməsi mümkün deyil. Rusiya-Türkiyə əlaqələrinin minimuma endirilməsi regionun donması mənasına gəlir".
Sevda Qurbanqızı