“Hamı müttəfiqinə hər an “atmağa” meyillidir” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Öz dostları, silahdaşlarına belə münasibət bəsləyən partiyalar xalqa nə münasibət bəsləyə bilər?”

"Yeni müxalifət birliklərinin yaradılması da demokratiyadan sui-istifadə etməkdir"

Bir müddət əvvəl yaradılan Demokratik Qüvvələr Birliyi ilə bağlı fərqli düşüncələr səslənməkdədir.  Hazırda Demokratik Qüvvələr Birliyindən kənarda qalan, lakin son proseslərə qədər bu qurumun üzvü olan partiyalarla birlikdə Məşvərət Məclisində təmsil olunan siyasilər DQB-ni eks-spiker Rəsul Quliyevin layihəsi kimi qələmə versələr də, bunun əksini düşünənlər də var. Belə ki, Demokratik Qüvvələrin Məşvərət Məclisində müşahidəçi kimi fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyası yeni yaranmış DQB-ni o qədər də uğurlu bir layihə hesab etmir. Bu səbəbdən Demokratik Qüvvələr Birliyinə qoşulmadığını bəyan edən ADP hesab edir ki, yeni təşkilat və qurumlar yaratmaq əvəzinə müxalifətin birgə fəaliyyət göstərməsi istiqamətində addımlar atmaq daha məqsəduyğun olardı. Partiyanın sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, müntəzəm olaraq müxalifətin yeni-yeni birlik və təşkilatlar yaratması əslində demokratiyanın qüsurlarının göstəricisidir. Yəni, bir sıra müxalifət partiyaları demokratiyadan sui-istifadə edərək gündə bir birlik və ya təşkilat yaradırlar. ADP sədri məhz bu səbəbdən rəhbərlik etdiyi partiyanın yeni yaradılmış Demokratik Qüvvələr Birliyində təmsil olunmağa maraq göstərmədiyini söyləyib. Sərdar Cəlaloğlu "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, demokratiyanın bir çox qüsurları var ki,  bu qüsurlardan biri demokratiyanın özündən qaynaqlanır: "Demıkratiyadan  sui-istifadə bizdə süni şəkildə çoxluq yaratmağa gətirib çıxarıb. Bu gün Azərbaycanda 50 qeyri-hökumət təşkilatına ehtiyac varsa, faktiki olaraq ölkədə 5 minə yaxın QHT fəaliyyət göstərir. Yaxud Azərbaycan xalqı 3-4 ciddi partiya yarada bilərsə, bu gün 50 partiya dövlət qeydiyyatından keçib. Bu da onu göstərir ki, bu adamların böyük əksəriyyəti demokratiyadan sui-istifadə edir. Yəni, bu baxımdan yeni müxalifət birliklərinin yaradılması da demokratiyadan sui-istifadə etməkdir. Azərbaycanda mövcud olan təşkilatların sayı kifayət edir ki, iş görəsən. Hansısa iş görmək üçün yeni bir təşkilat yaratmağa ehtiyac yoxdur. Təcrübə də göstərir ki, yeni təşkilatların yaradılması istiqamətində gedən proseslər əslində funksiollaşa bilməməyin nəticəsidir. Bundan əvvəl Demokratik Qüvvələrin Məşvərət Məclisi vardı. Həmin təşkilat yaradılarkən dəfələrlə Azərbaycan Demokrat Partiyasına müraciət olundu ki, gəlib ora üzv olun. O zaman bildirdik ki,  İctimai Palata olduğu halda nə üçün ayrı bir qurum yaradırsınız. Cavabında isə iddia etdilər ki, guya ortaya güc qoyacaqlar. Sonradan məlum oldu ki, həmin qurumda partiyaların bir çoxu bu gün vaxtı ilə İctimai Palatada olan partiyalarla bir yerdə fəaliyyət göstərirlər. Əgər nəticə belə olacaqdısa, nə üçün ayrı bir struktur yaratmışdınız?". Azərbaycan Demokrat Partiyasının sədri onu da deyib ki, zaman-zaman bir-biri ilə müttəfiqlik edən partiyalar dar məqamda öz müttəfiqlərinə arxa çevirirlər: "Biz ADP olaraq bu gün Ümid Partiyası ilə müttəfiqik. Dəfələrlə İqbal Ağazadəyə qarşı hücumlar olsa da, mən onu heç kimin ayağına vermədim. Hətta öz nüfuzumu zərbə altına qoyaraq bu prosesdə fəaliyyətimi davam etdirdim. Həmçinin İqbal Ağazadə də məni müdafiə etdi. Ancaq bu adamlar bir balaca şərait yaranan kimi öz silahdaşları, əqidədaşları, qarşısında öhdəliyi olan təşkilatlara tüpürüb döngəni dönürlər. Öz dostları, silahdaşlarına belə münasibət bəsləyən partiyalar xalqa nə münasibət bəsləyə bilər? Bu siyasi müxalifətin mənəvi məsələsidir. Hami müttəfiqinə hər an "atmağa", fırıldaq gəlməyə meyillidir. Ona görə də demokratiya ümumi şəkildə inkişaf etmir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31