“İsa Qəmbərin öz namizədliyini saxlaması ona olan nifrəti bir az artırmış oldu” - MÜSAHİBƏ

Niyaməddin Orduxanlı: “Artıq “yurd”çular İsa Qəmbəri xəyanətdə ittiham edirlər”

"Belə bir vəziyyətdə bu qüvvələr xalqdan necə səs ala bilərlər?"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının "OLAYLAR"-a müsahibəsi

-Niyaməddin bəy, Milli Şurada baş verənlər, konkret olaraq Müsavat Partiyasının nümayiş etdirdiyi mövqe nəyə hesablanıb və bu mövqe Müsavatın MŞ-nı tərk etməsinə gətirib çıxaracaqmı?

-Milli Şurada baş verənlər birbaşa onun göstəricisidir ki, bu qurum üzvlərinin böyük əksəriyyəti Müsavat Partiyasına qarşı barışmaz mövqe tutublar. İsa Qəmbərin öz namizədliyini saxlaması ona olan nifrəti bir az artırmış oldu. Artıq İsa Qəmbəri "yurd"cular xəyanətdə ittiham edirlər. Elçibəy dövrünün naziri işləmiş İbrahim Vəliyev acıq formada İsa Qəmbərə xəyanətkar deyir. Milli Şurada İsa Qəmbərə qarşı hərəkatın başında birbaşa Əli Kərimli dayanır. Bu səbədən də İsa Qəmbər mətbuatda sərt formada Əli Kərimliyə mesaj verir ki, "yiğışdır bu əxlaqsızlığı". Hər iki partiyanın rəhbər şəxslərinin sosial şəbəkələrdə bir-birinə qarşı yazdıqları təhqirlərdən də görünür ki, bu adamlar heç vaxt bir-birini qəbul etməyiblər və bundan sonra da etməyəcəklər. Bunlar arasında gedən "soyuq müharibənin" 20 illik tarixi var. Bunların hər ikisi Elçibəy hakimiyyəti dönəmində belə bir-birinə qarşı amansız mübarizə aparıblar. Onda hər ikisi vəzifə daşıyırdılar. Arif Hacılı və onun qardaşı Vaqif Hacıbəyli səviyyəsində Əli Kərimlinin ünvanına kəskin bəyanatlar verilir. Bunun səbəbi də Əli Kərimlinin nəzarətində olan facebook qrupunda Müsavat Partiyasına qarşı yazılan təhqirlərdir. Bu münasibət onu göstərir ki, Rüstəm İbrahimbəyov "Milli Şura"nın namizədi kimi seçkidə iştirak edə bilməsə, Əli Kərimli heç bir halda İsa Qəmbərin vahid namizəd olmasına razlıq verməyəcək. Seçkiyə 2 aydan da az qalmış bir vaxtda bu siyasi qüvvələr bir-birlərinə əxlaq dərsi keçirlər. Belə bir vəziyyətdə bu qüvvələr xalqdan necə səs ala bilərlər? 20 ildir bir-birini "satqınçılıq"da, "xəyanət" də ittiham edənlər hansı formada birgə fəaliyyət göstərə bilər. Bunların birgə qurduğu hökümət neçə ay çəkə bilər? Ona görə də bunlar heç vaxt hakmiyyətə gələ bilməyəcəklər. Məgər xalqımız bütün baş verənləri görmür? Ona görə də qeyd edirəm ki, radikal müxalifət bu seçkidə də böyük məğlubiyyətə uğrayacaq və Azərbaycan xalqı bunlara dəstək verməyəcək. Müsavat Partiyasının qurumu tərk etməsinə gəldikdə isə, əgər bu baş vermiş olsa, deməli bu o deməkdir ki, Milli Şura həmin an dağılacaq.
 

-Rüstəm İbrahimbəyov iyulun 30-da Bakıya gələcəyini deyib. Sizcə o, Bakıya gələcəkmi, yoxsa İbrahimbəyov da  Rəsul Quliyev kimi gedişlər edir?
 

-Rüstəm İbrahimbəyov konkret olaraq Bakıya gəlməyə çəkinir. Özü də mətbuata acqlamasında demişdir ki, "dəliyəm Bakıya gəlim və məni həbs etsinlər?". Görünür Rüstəm İbrahimbəyovun özü hamıdan yaxşı bilir ki, ona açılan cinayət işinin tərkibində hüquq-mühafizə orqanlarının əlinə kifayət qədər əsas var ki, onun həbsi reallaşsın. Ona görə də bu adam vaxt uzadıb "prezidentlyi namizəd" statusunu əldə edib Bakıya qayıtmaq istəyir. Hər gün deyir ki, xaricə səfərlərim var, ona görə gələ bilmirəm. Dünən məlum olub ki, bu adam Bakıdan gedəndən sonra indiyə qədər heç bir xarici səfərə getməyib. Sadəcə Milli Şuradkı insanları aldatmaqla məşğuldur.

- İbrahimbəyovun namizədliyiyinin qeydə alınmayacağı təqdirdə Mehman Əliyev və ya Rafiq Əliyevin namizəd kimi iştirak etməsi təklif olunur. Bu nə dərəcədə realdır?
 

-Bu qurumdan kimin namizəd olmağından asılı olmayaraq prezident seçkilərində iştirak edən şəxs ən zəif namizəd kimi qəbul ediləcək. Digər tərəfdən İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyinə razılıq verməybsə, inanmıram bundan sonra başqa bir namizədə "hə" desin. Mənə elə gəlir ki, Milli Şura tezliklə dagılacaq və ən azından həmin qurumdan 3-4 namizəd olacaq.

-İsa Qəmbərin seçkidə iştiraka israrlı görünməməsi AXCP sədri Əli Kərimlinin də öz namizədliyini irəli sürməsi ilə nəticələnə bilərmi? 

-İsa Qəmbər bütün hallarda seçkidə iştirak edəcək. Xatırlayırsınızsa Arıf Hacılı bəyanat vermişdir ki, İsa Qəmbər seçkidə iştirak etməsə, özüm namizəd olacam. İsa Qəmbər yaxşı bilir ki, bu seçkilər onun son şansıdır. Oktyabr seçkilərindən dərhal sonra Müsavat Partiyasi uzun illərdir keçirmədiyi qurultayını keçirəcək. Və bu qurultayda İsa Qəmbər başqan seçilə bilməyəcək. Nəhayət, Arif Hacılının gözlədiyi başqanlıq arzusu reallaşacaq. Arif Hacılı ilə İsa Qəmbər arasında çoxdankı razılıq yerinə yetiriləcək. Bütün bunlara görə İsa Qəmbərin seçkidə iştirakı qaçılmazdır. Bir daha qeyd edirəm ki, bu gün İsa Qəmbərin seçkidə iştirakına ən çox mane olan Əli Kərimlidir. Əli Kərimli İsa Qəmbərə sonuncu pisliyini etməkdədir.
 

-Belə olan halda səslərin və elektoratın parçalanması radikal müxalifətin növbəti məğlubiyyətini qaçılmaz etməyəcəkmi?
 

-Azərbaycan xalqı bütün prosesləri yaxından izləyir. Məgər görmür ki, bütün günü bir-birini təhqir edən qüvvələr hakimiyyətdə olsa ölkə hansı vəziyyətdə olar? 20 ildir ki, xalqımız radikal müxalifətə dəstək vermir. Düşünürəm ki, oktyabr seçkisində radikal müxalifət böyük bir məglubiyyətlə üzləşəcək. Heç bir radikal inqilab xalqa xeyir gətirməyib. Bu gün Misirdə baş verən hadisə bir daha bunu sübut etdi. Artıq ildə bir dəfə Misir də inqilab baş verir. Bu zaman hamıdan çox itirən isə, Misir xalqıdır.

Süleyman  İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31