“Müsavat Partiyasının bu addımı cəmiyyət tərəfindən böyük xəyanət kimi dəyərləndirilə bilər” - MÜSAHİBƏ

Taliyət Əliyev: “Bilirdim ki, bu qurumun perspektivi sual altındadır”

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyevin "OLAYLAR"-a müsahibəsi

-Taliyət bəy, Azərbaycan Demokrat Partiyasının prezident seçkilərində öz namizədi ilə iştirak etmək iddiası hansı zərurətdən yarandı? Çünki bir müddətə qədər ADP sədrinin seçkidə namizəd kimi iştiraka maraqlı olmadığı bildirilirdi.

-Düzdür, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu  prezident seçkilərində iştirakda maraqlı olmayıb. Amma partiya daxilində ADP-nin prezident seçkilərində öz namizədi ilə iştirak etməsini istəyənlər var. Ümumiyyətlə, bu ilki prezident seçkilərində iştirakla bağlı ADP-nin daxilində bir neçə variant müzakirə mövzusu olub. Birincisi, demokratik düşərgənin tam şəkildə iştirak etdiyi birliyin vahid namizədini dəstəkləmək, ikincisi, "Qarabağ" bloku adı altında seçkilərə qoşulmaq və nəhayət üçüncüsü ADP olaraq öz namizədi ilə seçkilərə qatılmaq. Bu üç variant bu gün də müzakirə mövzusu olaraq qalır və heç biri aktuallığını itirməyib. Baxmayaraq ki, İdarə Heyətində keçirilən sonuncu müzakirələrdə Azərbaycan Demokrat Partiyasının öz namizədi ilə seçkilərə qoşulmasının tərəfdarları çoxluq təşkil edirdi, amma müzakirələrin nəticəsi olaraq qərar qəbul etmək mümkün olmadı.

-Sizcə, Azərbaycan Demokrat Partiyasının seçkiyə öz namizədi ilə getməsi Qarabağ blokunda hansısa gərginlik və ya ziddiyətlər yaradacaqmı?

-Azərbaycan Demokrat Partiyasının prezident seçkilərində öz namizədi ilə iştirak edəcəyi barədə nə siyasi, nə də hüquqi qərarı yoxdur. Qərar olacaqsa belə, hesab edirəm ki, müttəfiqimiz olan Ümid Partiyası bunu anlayışla qəbul edəcək. Necə ki, ADP Ümid Partiyasının qərarını anlayışla qəbul etdi.

-ADP-nin yeni yaradılan Demokratik Qüvvələr Birliyinə qoşulmamasının səbəbi nədir? Bu qurumun eks-spiker Rəsul Quliyevin tövsiyyəsi əsasında yaradılması sizi həmin birlikdən kənarda qoydu?

-ADP olaraq biz Demokratik Qüvvələrin Məşvərət Məclisində müşahidəçi statusunda iştirak edirdik. Bu qurumda partiyanı mən təmsil edirdim. Hadisələrin iştirakçısı kimi bilirdim ki, bu qurumun perspektivi sual altındadır. Məşvərət Məclisinin buraxılması və əvəzində yeni bir qurumun yaradılması təşəbbüslərindən də məlumatlı idim. Bizə də yeni qurumda iştirakla bağlı müraciət olunmuşdu. Sonuncu hadisələrdə ölkədə olmadığımdan iştirak edə bilmədim. Eyni zamanda qarşı tərəfdən də bizə əlavə müraciət olunmadı. Həmçinin yeni yaradılan qurumda təmsil olunmaq üçün bizim tərəfdən də təşəbbüs göstərilmədi. Burda başqa məqam axtarmağa dəyməz. Hesab edirəm ki, Azərbaycan Demokrat Partiyası həmin qurumda iştiraka təşəbbüs göstərsəydi, adekvat reaksiya verilərdi.

-Rüstəm İbrahimbəyovun seçkidə iştirakı mümkünsüz olacağı təqdirdə Milli Şuranın namizədinin ya Mehman Əliyev, ya da Rafiq Əliyev olacağı bildirilir. Siz bunu nə dərəcədə mümkün hesab edirsiniz?

-Hər iki şəxsə böyük hörmətim var. Azərbaycan Demokrat Partiyası olaraq biz lap əvvəldən Rafiq Əliyevin vahid namizəd olması təşəbbüsünü qaldırmışdıq. İstər Rafiq Əliyev, istərsə də Mehman Əliyev prezidentliyə namizədliyə layiqli insanlardır. Amma situasiya elədir ki, Milli Şurada təmsil olunan bütün qüvvələr Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına çalışmalı və buna nail olunmalıdır. Bu baş verməyəcəksə, alternativlərin verilməsinin bundan sonra ciddi nəticəsi olmayacaq.

-Müsavatçıların Milli Şuraya qarşı nümayiş etdirdiyi sərt mövqe belə deməyə əsas verirmi ki, Müsavat Partiyası tezliklə Milli Şuranı tərk edəcək?

-Müsavat Partiyasının prezident seçkiləri ilə bağlı qərarını qüvvədə saxlaması nəinki, Milli Şurada, o cümlədən cəmiyyətdə birmənalı qarşılanmır. Hesab edirəm ki, Müsavat Partiyası yekunda situasiyaya adekvat qərar verəcək. Bu baş verməsə cəmiyyət tərəfindən böyük təpkilərlə üzləşəcək. Bu gün cəmiyyət arasında deyirlər ki, 2008-ci il president seçkilərində meydan boş idi, Müsavat Partiyası niyə  o zaman seçkiyə qatılmadı,  indi isə inadkarlıq göstərir.  Nə dəyişdi? Düzdür baş verən hadisələr göstərir ki, Milli Şuranın birliyi hələ kövrəkdir. Amma Müsavat Partiyasının bu birliyi tərk etməsi inandırıcı deyil. Çünki, Müsavat Partiyasının bu addımı cəmiyyət tərəfindən böyük xəyanət kimi dəyərləndirilə bilər.

-Konkret olaraq Azərbaycan Demokrat Partiyası Milli Şuranın hansısa perspektivinə inanırmı?

- Milli Şura ilə bağlı Azərbaycan Demokrat Partiyasında  yekdil mövqe yoxdur. Başda partiyanın sədri Sərdar Cəlaloğlu olmaqla, bir qrup hələ də Milli Şuranın Rusiyanın proyekti olmasından dolayı narahatçılıqlarını ifadə edirlər. Belə hesab edirlər ki, bu qurum heç də ölkəyə yaxşı perspektiv vəd eləmir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31