İnsanın əhvalı onun rəngini dəyişir - MÜSAHİBƏ
Enerji itkisi xəstəlik yaradır
17 İyul 2013 16:24 Müsahibə
Müsahibimiz psixoloq Tünzalə Verdiyeva meditasiya ilə bağlı "Olaylar"ın suallarını cavablandırıb
-Tünzalə xanım, meditasiya nədir?
-Meditasiya - latıncadan tərcümədə "meditatio" , "meditor" - düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya zehni gərəksiz düşüncələrdən, hadisələrdən təmizləyir və insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. Bu üsulun məqsədi insanın ruhunu sakitləşdirmək və gündəlik həyata bu sakitliyin yansılmasından ibarətdir. Meditasiyanın təsiri insanin orqanizmi ilə yanaşı onun fikrində və əqlində yaratdığı dəyişikliklərdir. Meditasiya nəticəsində insanın xarici və daxili mühitdə baş verən proseslərə qarşı pozitiv idarəetmə bacarığı yaranır.
-Meditasiya necə edilir?
-İnsanın xüsusi duyğu analizatorları var. Eşitmə, iybilmə, dadbilmə, təmas. Meditasiyanın köməyi ilə bu duyğu orqanlarını xarici aləmdən təcrid edirik. Bütün diqqəti insanın daxilinə yönəldirik. Meditasiya üçün sakit bir yer seçilir.Yəni diqqəti kənar səslər yayındıra bilməsin.Və həzin bir musiqi səsləndirilir.O musiqi harmoniya yaradır. İlk öncə misal üçün istirahət ideyasını beyninizdə tutursunuz. Bütün diqqət ancaq dincəlmək ideyasının üzərində köklənir. Başqa heç nə düşünmürsən. Başqa fikirlər beyninizə gəlsə də yenə də həmin dincəlmək ideyasına qayıdırsınız. Yavaş-yavaş beyində artıq bir ideya qalır, qalanlarından beyin uzaqlaşır.
-Meditasiya insana nə üçün lazımdır?
-Meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olması, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniya yaratmaq üçün insana lazımdır.
-Meditasiya neçə yerə bölünür?
-Meditasiya əsasən iki yerə bölünür:
1) Boşluqda meditasiya - bu yolla beyin müəyyən bilik vəziyyətinə çatır, Şərqdə buna "Maarifçilik" deyilir.
2) Birtərəfli meditasiya - konkret bir obyekt üçün olan araşdırma, məsələn, şəxsi nəfəs, zehn, vizual obrazı aydınlaşdırma. Belə meditasiya ilə birinci növdəki kimi, bədən rahatlaşıb, fikir cəmləşib beyni müəyyən bilik vəziyyətinə gətirmək və sonra, axtarış və informasiya üçün olan ikinci bilik təbəqəsinə çatmaqdır.
-Meditativ transa girmək üçün hansı üsullardan istifadə edirlər?
1)Dini
2)Dini-fəlsəfi
3)Psixoterapevtik
4)Didaktikopropedevtik
Bunlara meditativ praktikalar deyilir.
Ədəbiyyatda meditativ vəziyyətə çatmaq üçün yüzlərlə üsullar qeyd edilib. Təcrübələr göstərib ki, bütün bu üsulları cəmləşdirən əsas monoton təkrar olunan hərəkətlərə dərindən fikri cəmləməkdir. Belə monoton hərəkətlər fiziki ola bilər, məsəl üçün , Afrika tayfalarındakı ritual rəqslər, savaş incəsənətindəki məşqlər, təsbehi əllə oynatmaq (muncuqlarini hərəkətə gətirmək), mantranı (meditasiya üçün duayabənzər bir yarı-musiqili sözlər) səsləndirmək, tənəffüsə fikir cəmləmək və s. Psixi də ola bilər, təsəvvür də ola bilər, məsələn, çakralara fikri cəmləmək, "astral bədənin" mövcudluğuna fikir vermək. Əsas məqsəd ətraf aləmdən təcrid olunmaq və tam sakitliyə nail olmaqdır.
-İnsan vücudunda enerji dövriyyəsini təmin etmək və enerjini artırmaq üçün nə etmək lazımdır?
-Bunun üçün çakralardan ( mənası "çarx", "dairə", "disk") istifadə olunur.
İnsan bədənində 7 əsas çakra vardır:
1. Onurğa sütununun aşağı hissəsinə yaxın yerləşən, rəngi tünd qəhvəyi, qırmızı, boz, tünd qırmızı, əsas funksiyası həyatı qoruma instinkti, aqressiyanın bütün növləri və neqativ aqressiyalar, həyata dözümlülük, təhlükəsizlik, sağlamlıq, nəslin davam etdirilməsi instinkti, yəni material aləmlə sıx bağlı olan hisslər.
2. Göbəkdən aşağı 3 barmaq məsafəsində yerləşən, rəngi portağal, çəhrayı, bönövşəyi, funksiyası emosiya, seksual energiya, həyata olan sevinc, istək, həzz.
3. Təxminən mədə tərəfdə yerləşir, rəngi sarı, funksiyası hakimiyyət, idarəetmə, azadlıq, karyera, özünə inam, ağıl.
4. Ürəkdə yerləşən, rəngi yaşıl və mavi, funsksiyası tabe olma, sevgi, mərhəmət, sevinc.
5. Boğazda yerləşir, rəngi indiqo, funksiyası ünsiyyət, özünüifadə, incəsənət potensialı, harmoniya.
6. Alında "üçüncü göz", rəngi ametist, funskiyası intuisiya, ağılın funksiyalaşdırılması, yüksək bilik (parapsixoloji), ekstrasensor bacarıqlar.
7. Bədəndə deyil, amma başın tam üstündə olan çakra. 6-cı çakra aktiv edildikdən sonra, yəni "üçüncü göz", açıldıqdan sonra insanda bu çakra da əmələ gəlir. Rəngi yasəmən gülü rəngli, funksiyası kainata qoşulma, təmiz azadlıq (fiziki azadlıq, yuxuda olan kimi), nirvana (buddizmdə buna kainata qoşulmaq, ruhun bədəndən çıxıb yuxarıya getməsi mənasını verir).
İnsan "aurası" adlandırılan, yəni hər bir insanın enerji sahəsi, məhz bu çakraların cəmi rəngi və işığıdır. Boşuna deməyiblər ki, insanın emosiya və hissiyyatından asılı olaraq aurasının rəngi də dəyişilir. Elə bu çakralar da gördüyünüz kimi rənglərini dəyişə bilirlər.
-Meditasiya insanı xəstəliklərdən azad edə bilərmi ?
-8 həftə meditasiya ilə məşqul olan bir qrup insanda, yalnızlıq hissinin azaldığını müşahidə edən alimlər, onların sağlamlıqlarını analiz edərkən sürpriz bir hal ilə qarşılaşdılar. Meditasiya, Alsheymer xəstəliyindən, ürək qan damar sistemi xəstəliklərindən və digər infeksion xəstəliklərdən insanı mühafizə edir.
Meditasiya ilə məşğul olan insanlarda, 143-cü gen, iltihabi xəstəliklərdən mühafizə geni dəyişmişdir. Bu dəyişiklik nəticəsində insanlarda iltihabi xəstəliklərə qarşı immunitet güclənmişdir.
Bu gen dəyişikliyinin, insan orqanizminə olan təsiri çox böyükdür. Bu dəyişiklik orqanizmin böyük xəstəliklər spektrindən mühafizə edir.
Bu xəstəliklərə nümunə kimi, neyrodeqenerativ xəstəlikləri, ürək, qan-damar sisteminin iltihabını və xərçəngin bəzi növlərini göstərmək olar. İnsan daima enerji itirir, bu enerji itkisi bədənin müəyyən yerlərində nasazlıqlar yaradır, beləliklə insanda xəstəliklər meydana gəlir. Meditasiya zamanı isə insan nirvanada olur, yəni kainata qoşulur, kainat insana öz sonsuz enerjisini verir. Başdan aşağı bütün bədənə enerji daxil olur. Bədən qidalanır. Xəstə olan yerlər meditasiya zamanı göynəyə də bilir. Bu o deməkdir ki, enerji cəhətdən ac qalmış bədənin müəyyən nöqtələri enerji ilə qidalanır və xəstəliklər bununla yox olur. İnsanın immuniteti yüksəlir və xəstəliklərə yoluxmur.Əhval-ruhiyyəsi yüksək olur.Ətrafa pozitiv enerji saçır.
-Nə qədər müddətə meditasiya öz təsirini göstərir?
-Meditasiya bir və ya bir neçə kursdan sonra öz təsirini göstərməyə başlamır. Çox adam elə düşünür ki, qisa bir meditasiya kursu keçməklə bu məşğuliyyətin verdiyi bütün faydaları hiss edəcəklər. Bu yanlışdır. Meditasiyanın faydalarını görə bilmək üçün, gərək müəyyən bir müddət ərzində müntəzəm məşqul olunsun.
Gündəlik insanlar ən azı 15-20 dəqiqə meditasiya etsinlər ki, müəyyən bir müddətdən sonra effekti hiss etsinlər.
Sevda Qurbanqızı