“Müxalifət düşərgəsində təmsil olunan partiyaların böyük əksəriyyəti….”
Aydın Hüseynov: “Cəmiyyətin müdafiə etmədikləri partiyalardır”
17 İyul 2013 16:21 MüsahibəYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynovun "OLAYLAR"-a müsahibəsi
-Aydın müəllim, ölkədə seçkiöncəsi ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Azərbaycanda azad demokratik açıq cəmiyyət formalaşıb. Ölkəmizdə demokratik prinsiplər 1993-cü ildən bərqərar olmağa başlayıb. Tarix boyu həmişə azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan xalqımız öz milli müqqədəratını həmişə uca tutmağı bacarıb. Təbii ki, əsrin əvvəllərində əldə etdiyimiz milli müstəqilliymizin ömrü az olsa da xalqımız mübarizə əzmini itirmədi. Artıq ötən əsrin sonlarına yaxın Azərbaycan xalqı yenidən öz milli müstəqilliyni bərpa etməyə nail oldu. Bu amil sözsüz ki, xalqımızın öz milli azadlıq mübarizəsində növbəti qələbəsi idi. Sözsüz ki, bu mübarizələrdə xalqımızın itkiləri də çox oldu. Amma bütün bunların müqabilində azadlıq və müstəqillik kimi ən yüksək dəyərlərin təmin olunmasına nail olduq. Bu gün Azərbaycanda normal demokratik və şəffaf bir cəmiyyət qurulub. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan demokratik islahatlar cəmiyyətimizin inkişafına, vətəndaş inistitutlarının formalaşmasına xidmət edirdi. Təbii ki, bunların fonunda azad və demokratik bir cəmiyyətin tam mənada formalaşması da labüd idi. Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin uğulu islahatlarını böyük əzmlə davam etirən cənab Prezident İlham Əliyev Azərbaycanda praqmatik cəmiyyətin formalaşmasına nail oldu. Bu gün cəmiyyətimiz öz istək və arzularını açıq şəkildə ifadə edə bilir və bunu üçün bütün təsisatlar mövcuddur. Ölkəmizdə 1993-cü ildən indiyə qədər keçirilmiş seçki proseslərində Azərbaycan cəmiyyəti heç bir maneə olmadan öz iradəsini ortaya qoyub. İndi artıq ölkəmizdə demokratik modern bir cəmiyyət formalaşıb ki, onun da istək və arzuları tam təmin olunub. Çünki bu gün cəmiyyətin iradəsindən kənarda hər hanası bir prosesin baş verməsi qeyri-mümkündür. Bu mənada Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində ictimai-siyasi durum yüksək səviyyədədir. Ötən seçkilərdə olduğu kimi qarşıdan gələn növbəti prezident seçkilərində də, şəffaflığın, demokratik prinsiplərin təmin olunması üçün bütün zəruri addımlar atılıb. Cəmiyyətimizdə yüksək seçki əhval-ruhiyyəsi mövcuddur ki, bu da insanlarımızın proses haqqında məlumatlı olmasını ortaya qoymuş olur. Eyni zamanda həm regionda, həm də onun hüdudlarından kənarda baş verən proseslər fonunda Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür. Bu da imkan verir ki, qarşıdan gələn növbəti seçkilər tam normal və açıq şəraitdə heç bir maneə ilə üzləşmədən reallaşa bilsin.
-Hakim partiya ilə yanaşı müxalifət düşərgəsi də müəyyən mənada seçkiyə hazırlaşır. Sizcə müxalifət bu seçkidə nəyəsə nail ola biləcəkmi?
- Ölkəmizdə Konstitusiyaya görə çoxpartiyalı bir sistem mövcuddur. Təbii ki, belə bir sistemin olması cəmiyyətimizin seçkiyə hazırlığını, ictimai-siyasi durumu şərtləndirən amil kimi dəyərləndirilir. Bildiyiniz kimi Azərbaycanda 20 ildən artıqdır ki, müxalifətçiliklə məşğul olan partiyalar mövcuddur. Həmin partiyalar müəyyən seçki proseslərinə elektorat qıtlığından qatılmasalar da, onlar əksər siyasi proseslərə qatılıb və öz güclərini sınamağa cəhd ediblər. Amma müxalifət düşərgəsində 1990-cı illərin əvvəllərində xalqın qanı üzərindən hakimiyyətə gəlmiş qüvvələr də təmsil olunur ki, onlara da cəmiyyətin birmənalı münasibəti mövcuddur. İndiki məqamda isə onların seçkiyə hazırlıq yaratmaq görüntüsü isə cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Çünki bu qüvvələr heç bir vaxt cəmiyyətin maraqlarının təmin olunması üçün konkret addımlar atmayıblar. Məhz bu səbəbdən də, onların növbəti dəfə seçkilərə hazırlıq oyunları qurmaları tamam başqa mətləblərdən xəbər verir. Bu gün onlar müəyyən birlik və təşkilatlanma kimi qondarma şuralar yaratmaqla əslində öz potensiallarının nə səviyyədə olduğunu növbəti dəfə ortaya qoymuş olurlar. Bununla yanaşı bizlər müxalifətin 20 ildən artıq olan fəaliyyətsizliyini müşahidə etmişik ki, onlar ancaq hər seçki öncəsi müəyyən dərəcədə fəallığa oxşar bir mövqe sərgiləyirlər. Normal müxalif partiyalar isə cəmiyyəti maraqlandıran bütün proseslərdə aktiv olmalı və onların maraqlarının müdafiəsi üçün konkret fəaliyyəti ilə seçilməlidirlər. Bizdə isə bunun əksini müşahidə edirik ki, müxalifət Azərbaycanın maraqlarını heç bir vaxt ifadə etməyə belə cəhd etmir. Bu da sözsüz ki, cəmiyyətin diqqətindən kənarda deyil. Qarşıdan gələn seçkinin isə həmişə olduğu kimi müqəddəratını cəmiyyət müəyyənləşdirir. Məhz bu konteksdən çıxış edərək demək olar ki, cəmiyyətin indiyə qədər mənfi mövqeyi ilə əhatə olunmuş müxalifəti növbəti seçki prosesində gözləyəcəyi aqibət bəllidir.
- Müxalifət bir qayda olaraq hakimiyyətə gəlmək üçün xarici dəstəyə ehtiyac duyur. Sizcə müxalifət siyasi mübarizədə nəyə görə xalqın dəstəyinə yox, məhz xarici dairələrin dəstəyinə arxalanır?
-Bu gün müxalifət düşərgəsində təmsil olunan partiyaların böyük əksəriyyəti cəmiyyətin marağında olmayan, cəmiyyətin müdafiə etmədikləri partiyalardır. Müxalifət nümayəndələrinin özləri də bunu dəqiq bilirlər. Onlar məhz bu səbəbdən də, xarici donor təşkilatların himayəsinə sığınırlar. Çünki istənilən siyasi təşkilatın və hakimiyyətə iddiası olan qurumun arxasında cəmiyyətin maraqları dayanmalıdır. Etiraf etmək lazımdır ki, bu gün müasir Azərbaycan cəmiyyətində Yeni Azərbaycan Partiyasından başqa güclü elektorata, sosial bazaya malik olan siyasi təşkilat mövcud deyil. Müxalifət partiyalarının xarici donorlara arxalanaraq özlərinin mövcudluqlarını saxlaması, onların müəyyən öhdəliklər qarşılığındakı fəaliyyətlərinə dəlalət edir. Bu gün müxalifət partiyalarının əksəriyyətinin xarici donorlar qarşısında öhdəlikləri mövcuddur. Düşünürlər ki, hansısa sehirli qüvvə onları düşmüş olduqları acınacaqlı durumdan çıxaracaq. Məhz bu səbəbdən də müxalifət cəmiyyətə tərəf istiqamət almaqdan, onun maraqlarını ifadə etməyə çalışmaqdan xarici qütblərin himayəsinə daha çox üstünlük verirlər. Eyni zamanda cəmiyyətin müxalifətə qarşı münasibəti də birmənalı deyil. Çünki müxalifətin riyakarlığı burada təmsil olunan şəxslərin müəyyən bir dövr hakimiyyətdə olaraq Azərbaycan xalqına xəyanət etməsi onları cəmiyyətin dəstəyindən birmənalı şəkildə məhrum edib. Digər bir tərəfdən isə müxalifətin özü xarici qütblərin himayəsinə girməyə maraqlıdır ki, bu da onlara müəyyən maddi dividentlər gətirir. Müxalifət məhz xarici donorların antı-azərbaycan mövqeli qüvvələrin göstərişlərini icra etməklə cəmiyyətin özünə olan nifrətini birə beş artırmış olur. Bu da sözsüz ki, müxalifətin Azərbaycan cəmiyyətindən kənarda özünə dayaq axtarışını təmin edən başlıca faktorlardan birinə çevrilir.
-Siz hakim partiyanın rəsmisi olaraq bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyanızın namizədinin qələbəsinə əminsinizmi?
- Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan cəmiyyətinin ən aparıcı siyasi qüvvəsi, lokomotividir. Partiyamız nəinki Azərbaycan hüdudlarında, eyni zamanda onun hüdudlarından kənarda da böyük nüfuza və dəstəyə malik bir təşkilatdır. Bu gün Cənubi Qafqaz regionunda Yeni Azərbaycan Partiyası ilə siyasi rəqabət apara biləcək ikinci bir quruma rast gəlmək qeyri-mümkündür. Çünki bu partiya Azərbaycan xalqının istək və arzularının təcəssüməsi olaraq Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılıb. YAP yarandığı dövrdən xalqımızın maraqlarını ifadə edən aparıcı bir quruma çevrildi. 1993-cü ildən indiyə qədər qatılmış olduğu bütün seçki proseslərində YAP cəmiyyətin birmənalı mövqeyini və dəstəyini qazanmış yeganə siyasi qüvvədir. Bu gün isə YAP sıralarında Azərbaycan cəmiyyətinin 600 mindən çox üzvü təmsil olunur. Ötən ay özünün möhtəşəm qurultayını keçirən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkiləri ilə bağlı 600 mindən artıq partiya üzvü ilə yanaşı xalqımızın istək və arzularına uyğun olaraq cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürməklə tarixi bir qərar qəbul etmiş oldu. Çünki Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev son 10 ildə gördüyü işlərlə Azərbaycan xalqının sevgisini və rəgbətini tam təmin etmiş olub. Bu mənada biz əminik və cəmiyyətimizin istəyini də açıq şəkildə görürük. Qarşıdan gələn prezident seçkiləri öz demokratikliyi və şəffaflığı ilə yanaşı Yeni Azərbaycan Partiyasının namizədi cənab Prezident Ilham Əliyevin növbəti möhtəşəm qələbəsi ilə tarixə çevriləcək.
Süleyman İsmayılbəyli