“Seçkini boykot məqbul deyil”
Ramil Hüseynov: “Siyasi turist kimi turneyə çıxıb özlərinə xaricdə havadarlar axtarırlar”
15 İyul 2013 17:08 MüsahibəVətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun "OLAYLAR"-a müsahibəsi
-Ramil bəy, bu günlərdə yenidən Eldəniz Quliyev sizin partiya və onun sədri Əli Əliyevi tənqid edib. Bununla bağlı nə deyə bilərsiniz?
-Belə bir deyim var ki, keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür. Bizim belə "siyasi keçilər"ə vaxt sərf etməyə nə vaxtımız, nə də həvəsimiz var. Eldəniz Quliyev danışmalıdı. Çünki onun parası danışmaqdan çıxır. Ona görə də 2015-ci ilə qədər dolanışığını təmin etmək üçün kimlərinsə haqqında boş-boş danışmağa üstünlük verir. O, nə qədər çox danışsa bir o qədər də muzd alir. Axı Eldəniz Quliyevin əlindən başqa nə gəlir? Bu insan seşki dövrlərində üzə çıxır, növbəti seçkilərə qədər öz maddi təminatını həll edir. Onun məşğuliyyəti yalnız bundan ibarətdir.
-Rüstəm İbrahimbəyovun Oskar mükafatçısı olduğunu bildirən Eldəniz Quliyev qeyd edir ki, ona əslində heç nə lazım deyil, o yalnız xalqı düşünür. Sizcə, bu ifadələrdə nə dərəcədə səmimilik var?
-Bizim Rüstəm Ibrahimbəyovla heç bir şəxsi qərəzimiz və heç bir problemimiz yoxdur. Sadəcə, onun çox şübhəli tərzdə indi meydana çıxması çox sayda sual yaradıb və onu hədəfə gətirib. Çox təccüblüdür, indiyə qədər Rüstəm İbrahimbəyov niyə ağzına su alıb susmuşdu? Axi 20 ildir Azərbaycanda eyni siyasi vəziyyət hökm sürür. Onda Rüstəm İbrahimbəyov hakimiyyəti dəstəkləyirdi, Amma elə ki şəxsi biznes maraqlarına toxunuldu, o zaman bu iqtidarla mübarizə aparmağa başladı və Azərbaycan da onun nəzərində qeyri-demokratik və korrupsioner ölkəyə çevrildi. Rüstəm İbrahimbəyovun ictimai xadim kmi nüfuzu var idi. Bir ziyalı kimi biz də onunla fəxr edirik ki, o Oskar mükafatına layiq görülüb. Lakin siyasi proseslərə qoşulandan və bu cür ciddi iddialar ortaya qoyandan sonra o ictimai nüfuzunu da itirməyə başladı. Siyasi nüfuzu isə onsuz da yox dərəcəsində idi. Vətəndaş və İnkişaf Partiyası olaraq hələ Milli Şura adlı bir qurum yaranmamışdan Azərbaycanın Avrasiya İttifaqına sürüklənməsi, Rusiya tərəfindən təzyiqlərin olması ilə bagli mövqeyimizi bildirmişdik. Biz Azərbaycanın milli suverenliyinə təhlükə yaranan anda istənilən qüvvəyə qarşı olacağıq. Bu məsələdə mövqeyimiz eyni olan qüvvələrlə əməkdaşlıq edəcəyik. Onlar xalqla işləmək əvəzinə, xarici səfərlərə üstünlük verirlər. Xarici qüvvələrin dəstəyinə möhtac olduqlarını nümayiş etdirirlər. Yarandığı gündən indiyə qədər hansı ideyanı ortaya qoyublar, nə iş görüblər, hansı konkret addımlar atıblar? Əvəzində siyasi turist kimi turneyə çıxıb xaricdə özlərinə havadarlar axtarırlar.
-Bu arada Rüstəm İbrahimbəyov tərəfdarları seçkini boykot çağırışları edirlər. Sizcə seçkini boykot etmək nə dərəcədə məntiqlidir?
-Hesab edirəm ki, prezident seçkilərini boykot etmək uğurlu metod deyil. Biz VİP olaraq hesab edirik ki, seçkidə iştirak edib xalqın aktivləşdirilməsinə nail olmaq lazımdır. Bu gün adıçəkilən düşərgədə qruplaşmalar mövcuddur. Həmin qruplaşmadan biri Rüstəm İbrahimbəyovun ətrafında formalaşıb. Onlar Rüstəm İbrahimbəyovun seçkidə iştrak etməsi mümkün olmadığı halda boykota üstünlük verirlər. Digər tərəf isə Müsavat Partiyasının başqanı İsa Qəmbərin ətrafıdır. Bu qrup isə istənilən halda seçkidə iştrakın tərəfdarıdı.
Süleyman İsmayılbəyli