“Ümid də bizimlə razılaşmadan İqbal Ağazadənin namizədliyini irəli sürüb” - MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “Rüstəm İbrahimbəyovun davranışlarından belə görünür ki, onun hətta təmsil etdiyi qurumun üzvlərindən heç birinə güzəştə getmək fikri yoxdur”
12 İyul 2013 15:11 Müsahibə" Görünür, bu da onun demokratiyanı tam mənimsəməməsi ilə bağlıdır"
Son günlərə qədər prezident seçkilərində namizəd kimi iştirak etməkdə həvəsli görünmədiyini deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da mövqeyini bir qədər dəyişərək prezidentliyə namizəd ola biləcəyini qeyd edib. Elə bu səbəbdəndir ki, ADP-nin də daxil olduğu "Qarabağ" blokunda partiyalar arasında bir sərinliyin yarandığı bildirilir. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu prezidentliyə namizədliyə iddia etməsi və bundan sonra atacağı addımlar barədə danışıb.
-Sərdar bəy, bir müddət əvvəl rəhbərlik etdiyiniz Azərbaycan Demokrat Partiyasının prezidentliyə namizədinin olmayacağı bildirilsə də, bu günlərdə sizin də seçkilərdə mübarizə aparacağınız istisna edilməyib. Bu mövqe dəyişikliyi nədən irəli gəlir?
-Mənim mövqeyim ondan ibarətdir ki, ambisiya xatirinə seçkilərdə iştirak etmək düzgün deyil. Əgər bizim ideyaları dəstəkləyən, bizimlə eyni fikirdə olan bir adam seçkilərdə iştirak edəcəksə, həmin namizədi dəstəkləmək kifayət edər. Ancaq indiki situasiyada görürəm ki, bu gün siyasi səhnədə istiqlalçı demokratik kəsimin iradəsini ifadə edən bir nəfər də olsun namizəd yoxdur. Rüstəm İbrahimbəyov da müxalifətin müəyyən bir kəsiminin iradəsini ifadə edir. Ancaq istiqlalçılıq burada arxa plandadır. Əksinə bəzi məqamlarda istiqlalçılığa təhlükə törədən yol tutulur. Bu baxımdan mən mövcud olan boşluğu doldurmaq istəyirəm. Əgər partiya da məni dəstəkləyəcəksə, o halda istiqlalçı demokratik qüvvələrin vahid namizədi kimi bu seçkilərdə iştirak etmək istəyirəm.
-ADP-nin də daxil olduğu "Qarabağ" blokundan Ümid Partiyasının sədri İqbal Ağazadə də seçkilərdə prezidentliyə namizəd kimi iştirak edəcək. Bu məqam "Qarabağ" blokunda müəyyən mənada fikir ayrılığı yaratmayacaq ki?
-"Qarabağ" bloku siyasi bir blokdur və ona görə də bizim prezident seçkilərində yalnız bir namizədlə iştirak etmək barədə sazişimiz yoxdur. Ümid Partiyası da bizimlə razılaşmadan İqbal Ağazadənin namizədliyini irəli sürüb. "Qarabağ" blokunda heç bir öhdəlik yoxdur.
-Ancaq İqbal Ağazadə onu da deyib ki, "Qarabağ" blokundan iki namizəd olsa da, sonrakı mərhələdə vahid mövqedən çıxış etmək mümkündür. Partiyalar hansı məqamda vahid mövqe nümayiş etdirə bilərlər?
-Birincisi, müxalifət çoxsaylı namizədlərlə seçkilərə gedəcəksə, o halda indidən prezidentliyə namizədlər arasında elə bir münasibət formalaşmalıdır ki, sonda bu düşərgə seçki günü vahid namizədlə iştirak etsin. Bunun üçün münasibətləri bu formada qurmalıyıq. İkincisi, ola bilsin ki, seçkinin müəyyən mərhələsində bir namizəd digərinin xeyrinə öz iddiasını geri götürsün. Müsavat Partiyasının başqanı İsa Qəmbər xeyli müddət əvvəl seçkilərdə namizəd kimi iştirak edəcəyini açıqlamışdı. Ancaq Milli Şura ideyası ortaya çıxandan sonra İsa Qəmbər güzəştə getdi. O baxımdan "Qarabağ" blokunda da eyni vəziyyət ola bilər. Ümid Partiyası ADP-nin, Azərbaycan Demokrat Partiyası isə Ümidin namizədini dəstəkləyə bilər. Və yaxud Milli Şuranın bizim namizədə güzəştə getməsi mümkündür. Düzdür, Rüstəm İbrahimbəyovun davranışlarından belə görünür ki, onun hətta təmsil etdiyi qurumun üzvlərindən heç birinə güzəştə getmək fikri yoxdur. Görünür, bu da onun demokratiyanı tam mənimsəməməsi ilə bağlıdır. Ancaq biz demokratik qüvvələrik və bizim üçün dövlətin müstəqilliyi və demokratiya, xalqın maraqları öndə gedir. Bu maraqlar tələb edəcəyi təqdirdə biz seçkidən çəkilə də bilərik. Yaxud Azərbaycan Demokrat Partiyası olaraq başqa qüvvələrin namizədinə dəstək də nümayiş etdirərik.
-ADP-nin namizədi olaraq cəmiyyətə digər namizədlərdən fərqli nə təqdim edirsiniz? Xalq nəyə görə cəmiyyət Demokrat Partiyasının namizədini dəstəkləməlidir?
-Hər halda bunlar hamısı bizim seçki texnologiyamızın sirrləridir və indidən açıqlamaq istəmirəm. Çünki indidən nəsə demək qeyri-ciddi səslənər. Ancaq bizim dövlətçilik, demokratikləşmə və dünyaya intqerasiya ilə bağlı öz komanda konsepsiyamız var. Hansı ki, həmin konsepsiya heç kimdə yoxdur. Təkcə bir məsələni qeyd edim. Biz komandamızı adlar deyil, faizlər üzrə müəyyən edirik. Əgər gələcəkdə mən prezident seçilsəm, komandama 40 faiz kadrları Azərbaycan Demokrat Partiyasından, yerdə qalan 30 faizi indiki hakimiyyət, 30 faizi isə bizə yaxın olan demokratik qüvvələrdən götürəcəm. Heç bir siyasi partiya bu konteksdə mövqe ortaya qoymur. Mən bunu Azərbaycanda uzunmüddətli stabilliyin təmin edilməsinin bir barışıq modeli kimi görürəm. Hesab edirəm ki, bu ağıllı modellərdən biridir. Yəni demokratik yolla hakimiyyətə gəlsəm də, 6 aydan sonra məni yıxmasınlar. Əgər Məhəmməd Mursi mən qeyd etdiyim məqamlara diqqət yetirsəydi o, bu gün də hakimiyyətdə idi və Misir sürətlə demokratiya yolu keçirdi.
Süleyman İsmayılbəyli