“Siyasətlə məşğul olan insanların 90 faizi adi sağlamlıq testindən keçə bilməz” - MÜSAHİBƏ

Əhməd Oruc: “Onlar yalnız zaman-zaman hakimiyyətlə bazarlığa getmiş, istifadə edildikdən sonra atılmış şəxslər və ya partiyalardır”

Demokratik Qüvvələrin Məşvərət Məclisinin Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi

-Əhməd bəy, son vaxtlar Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətində bir passivlik müşahidə edilir. Bu nə ilə əlaqədardı?

-Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunan bir neçə partiya-KXCP, ALP və ACP eyni zamanda Milli Şuraya da daxil olub. Həmin partiyalar əsas siyasi fəaliyyətlərini o istiqamətə yönəldiblər. Ona görə də o partiyalar Məşvərət Məclisinin son yığıncaqlarında iştirak etmirlər. Bu qeyri-müəyyənlik isə Məşvərət Məclisinin fəaliyyətinə ziyan gətirir.  Digər tərəfdən Məşvərət Məclisində təmsil olunan bir neçə partiya seçkilərdə iştirak etmək barədə niyyətini açıqlayıb və hər bir partiya əsas fəaliyyətini fərdi şəkildə, namizədi ətrafında həyata keçirir. Eyni zamanda Məşvərət Məclisinin namizədlərinin fəaliyyətlərini əlaqəli şəkildə qurmaq kimi təşəbbüslər də var. Lakin bu istiqamətdə hələlik bir nəticə yoxdur.

-Adı çəkilən partiyaların Məşvərət Məclisini tərk etməsi qurumun fəaliyyətinə, onun parçalanmasına təsir göstərə bilərmi?

-Hələlik həmin partiyalar birmənalı şəkildə Məşvərət Məclisini tərk etməyiblər. Onların bəziləri qeyd edirlər ki, Məşvərət Məclisi formatında fəaliyyətimizi davam etdirməkdə, onun genişləndirilməsində maraqlıyıq. (Qeyd edək ki, Məşvərət Məclisi buraxılıb, qurumun bazasında Demokratik Qüvvələrin Birliyi yaradılıb-müəll.) Konkret olaraq Açıq Cəmiyyət Partiyasının mövqeyi belə idi. Bir tərəfdən Məşvərət Məclisində fəaliyyətlərini davam etdirməkdə maraqlı olduqlarını deyir, digər tərəfdən qurumun iclaslarına gəlmir, heç bir iş görmürlər. Təbii ki, həmin partiyalar birmənalı şəkildə Məşvərət Məclisindən çıxarsa bu qurumun fəaliyyətinə, onun işinə mənfi təsir göstərəcək.

-Azadlıq Partiyası prezident seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür?

-Azadlıq Partiyasında bir aydan artıqdır ki,  seçki qərargahı formalaşıb və fəaliyyət göstərir. Seçki qərargahına yeni-yeni üzvlər əlavə edib onu tam strukturlaşdırmağa çalışırıq. Bu gün partiya seçkilərə hazırlıq istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir. Yerlərdə dairələr üzrə imzaların toplanması istiqamətində hazırlıq işlərini həll etmişik. Artıq 60 dairə üzrə bu məsələ həllini tapıb ki, imzatoplama kampaniyasında kimlər iştitrak edəcək. Əgər namizədliyimiz qeydə alınacaqsa, ondan sobrakı, yəni təbliğat mərhələsi ilə bağlı da müəyyən hazırlıqlar gedir. Bu gün Azadlıq Partiyasının fəaliyyəti əsasən bu istiqamətdədir. Daxil olduğmuz Məşvərət Məclisində də bu istiqamətdə fəaliyyət göstəririk.

-Seçki prosesi yaxınlaşdıqca ayrı-ayrı siyasi qüvvələr arasında bir-birinə qarşı qara yaxma kampaniyası özünü büruzə verir. Xüsusilə, müxalifət partiyalarının funksionerləri sosial şəbəkələrdə müttəfiqlərinə qarşı əks təbliğat aparırlar. Sizcə, bu partiyaları əsas hədəflərdən nə dərəcədə uzaqlaşdırır?

-Bu ayrı-ayrı namizədlərin özünün siyasi maraq və məqsədləri, reytinqi, cəmiyətdəki yerinə hesablanmış bir addımdır və hər zaman bu cür vasitələrdən istifadə edilib. Qara piardan istifadə etməyin hər zaman şahidi olmuşuq. Demək olar ki, Azərbaycanda siyasi səviyyə yüksək mənada elitar polemika aparmağa yetərli deyil.  Bu gün siyasətlə məşğul olan insanların 90 faizi adi sağlamlıq testindən keçə bilməz. Bir qism siyasətçidə şizofreniya, əqli çatışmazlıq özünü büruzə verir. Ona görə də yüksək səviyyənin olmadığı bir mühitdə polemikaların səviyyəsi aşağı düşür və qara yaxmalar, dartışmalar artır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31