“Mən kişiyəm, amma babam mənim kişi olduğumu qəbul etmir”

Çəkdiyiniz rəsmlərin sizin kimliyiniz, daxili dünyanız haqda məlumat verdiyini bilirdinizmi?

Çəkdiyimiz rəsmlər hər birimizin daxili aləmini əks etdirir. Əgər biz daha çox göz şəkli çəkiriksə bu nədənsə qorxduğumuzdan, gül şəkli çəkiriksə pozitiv əhval-ruhiyyədə olmağımızdan xəbər verir. Uzun illərdir bu cür testlərlə insanların xarakteri haqda məlumat verən müsahibimiz psixoloq Tünzalə Verdiyeva ilə də bu mövzu ətrafında söhbət etdik. Tünzalə xanım hər hansı bir şəxsin daxili aləmini öyrənmək üçün bu cür rəsmlərin hər zaman bizə yardımçı ola biləcəyini deyir: "Əgər biz müsahibimizdən şifahi olaraq asanlıqla istədiyimiz informasiyanı ala bilmiriksə "rəsm" metodikasından istifadə edirik. Bu üsulla insan özünü anlayır və ifadə edə bilir.

-Çəkilən rəsmlərlə insanların daxili aləmi haqda məlumat almaq üçün hansı testi təcrübədə keçirmək olar?

-"Mövcud olmayan heyvan" testinin vasitəsi ilə. Test şəxsiyyəti öyrənmək üçün istifadə olunur, həmçinin şəxsiyyətin problemlərini müəyyən etməyə imkan verir. Şəklə verilən ad isə şəxsin psixodiaqnostik yoxlamadan keçdiyi anda öz problemlərinə verdiyi ad və qiymətdir. Testi keçirmək üçün ağ vərəq, sadə qələm və pozan lazımdır. Yoxlanılan şəxsə heç bir izahat verilmədən mövcud olmayan heyvan şəkli çəkmək təklif olunur. Bu test fərdi halda aparıldıqda daha effektli olur. Testin sonunda heyvanın cinsini müəyyənləşdirərək ona ad vermək tələb olunur. Mövcud olmayan heyvan çəkməklə yoxlanılan şəxs özünü ifadə edir. Adətən şəkil üç təəssüratdan birini yaradır. Şəkil çəkən insan aqressordur, ya inciyib və ona hədə-qorxu gəlirlər, ya da neytraldır. Bu ilk təəssüratdır. Testin nəticələri ilkin tanışlıqda istifadə olunur. Dairə fiquru və ya dairədən ibarət olan heyvan, əgər heç nə ilə doldurulmayıbsa, yəni boşluqdursa bu daxili aləmin qapalılığını, özü haqqında ətrafdakılara informasiya vermək istəmədiyini və nəhayət sadəcə olaraq testdən keçmək istəmədiyini bildirir. Şəklin vərəqdəki vəziyyəti, yerləşməsi, istiqaməti və ümumi dinamikasına fikir verməklə də təhlil etmək lazımdır. Normal halda şəkil vərəqin mərkəzində və ya bir azca solda və yuxarıda yerləşdirilir. Lakin yadda saxlamaq lazımdır ki, norma nisbi anlayışdır. Əgər şəkil vərəqin yuxarı hissəsində yerləşibsə bu yüksək özünüqiymətləndirmə və insanın sosiumda tutduğu vəziyyətindən narazılığını bidirir. İnsan özünü ətrafdakılar tərəfindən qəbul edilməyən hesab edir. Özünü təsdiqə, konfliktli davranışa, aqresiyaya (zor, əzab vermək və s) meyllidir. Şəkil vərəqin aşağı hissəsindədirsə bu həmin şəxsdə özündən narazılıq, özünüqiymətləndirmənin aşağı olması, ruh düşkünlüyü, qətiyyətsizlik, özünün sosial mövqeyi ilə maraqlanmamaq kimi cəhətlərin olmasından xəbər verir. Sağda yerləşdirilmiş şəkil yoxlanılan şəxsdə ekstraversiya, diqqətin gələcək üzərində cəmləşməsi, xarakterdə kişi xüsusiyyətlərinin nəzərə çarpdırılması, situasiya üzərində nəzarət etməyə meyl, ətrafdakılara yönəlmə, aqressiv seksuallıq əlamətlərinin olduğunu göstərir. Lap kənarda sağda yerləşdirilmiş şəkil isə yoxlanılan şəxs üçün tabe olmamaq meylinin, həddən artıq konfliktli şəxs olduğunun, fövqəladə situasiyalarda avtoaqresiyanın xarakterik olduğunu göstərir. Şəkil vərəqin sol tərəfində yerləşibsə yoxlanılan şəxs üçün introversiya, keçmişə yönəlmə, utancaqlıq xasdır. Bu cür şəkil çəkən şəxslərdə həmişə münaqişəli situasiyalardan qaçmaq müşahidə olunur. Yuxarı sol küncdə yerləşdirilmiş kiçik şəkil yüksək həyacanı bildirir. Onlar özünəqəsdə meylli olurlar. Subyektdən sol və arxada yerləşən boşluq keçmiş və fəaliyyətsizlik dövrü ilə, fikirlə, təsəvvürlə planlaşdırma və həyata keçirmə ilə əlaqədardır. Sağ tərəfdə, öndə və arxada olan boşluq gələcək və fəaliyyət göstərmək dövrü ilə əlaqədardır. Vərəqin sağ tərəfi (sağ ələ uyğun olan) və yuxarı hissəsi müsbət boyalı emosiyalarla: coşğun, fəal və s.bağlıdır.

-Şəkildə əks olunan başın istiqamətində asılı olaraq şəxsin kimliyi haqda hansı məlumatları vermək olar?

-Şəklin əsas mənalı hissəsi baş, yaxud onu əvəz edən detaldır. Sağa döndərilmiş baş hərəkətində sabitdir, demək olar ki, nə fikirləşirsə həyata keçirir və ya axıra çatdıra bilməsə belə heç olmasa həyata keçirməyə başlayır. İnsan öz maraq və meyllərini həyata keçirmək üçün fəallıq göstərir. Sola döndərilmiş baş fəaliyyətə sabit meylli olmadığını göstərir. Düşüncəlilik, götür-qoyetmə əlamətidir, işgüzar adam deyil, fikirləşdiyinin cüzi hissəsini həyata keçirir. Əksər hallarda qətiyyətsizdir, fəal işə girişməkdən çəkinir. Başın öndə görünüşü, yəni şəkil çəkənə baxması eqoizm, xudbinlik kimi qiymətləndirilir.

-Uşaqların bir qismi nədənsə göz şəkli çəkməyə meyillidir. Bu cür rəsmlər nədən xəbər verir?

-Gözlərin xüsusi mənası var, onlar qorxunun rəmzidir. Bu məna xüsusən gözün qişasının çəkilməsindədir. Siz mütləq kirpiyin olub olmamasına fikir verin. Kirpiklər daxili qıcıqlardan xəbər verir. Uzun və qatlanmış kirpik çəkən insan onu əhatə edənləri zahiri gözəlliklə və fərqli geyim tərzi ilə heyran etməyə maraqlıdır. Rəsmdə dodaqlar əksini tapmayıbsa, yalnız yarı açılmış ağız və dil göstərilməsi yüksək nitq fəallığından xəbər verir. Qeyd etdiyimizin bu nüansların dodaqla birlikdə çəkilməsi bioloji həssaslıqdan xəbər verir. Dodaq və dil çəkilməyən açıq ağız qalın xətlə çəkilibsə onda qorxaraq nədənsə çəkinmənin və inamsızlığın güclü əlamətləri müşahidə edilir.

-Sifətdə olan digər cizgilər hansı mənanı daşıyır?

-Qulaq hissənin mahiyyəti informasiyaya, onu əhatə edən hər şeylə maraqlanmağı göstərir. Bəzən isə qayğıya olan ehtiyacı ifadə edir. Ağzı dişli adam şəkli əksər halda özünü müdafiə edən, öcəşən , özünü təmizə çıxarana qədər mübahisə edən, qınanılanda, məzəmmət ediləndə kobudluq edən şəxs kimi izah olunur. Adətən uşaqlar və yeniyetmələr şəkildə "naməlum heyvanın" ağzını dəyirmi şəkildə çəkirlər. Bu isə onların qorxu və təlaş içində olduqlarını göstərir.

-Çəkilən rəsmdə başın iri olması, digər köməkçi vasitələrin əks olunması hansı mənanı özündə ehtiva edir?

-Çəkilən şəkildə başın nisbətən iri olması onu çəkənin geniş məlumatlı olduğunu göstərir. Çox vaxt başda əlavə hissələr təsvir edilir. Məsələn, buynuz müdafiə və təcavüz əlamətidir. Təcavüzün digər ifadə formaları caynaqlar, dırnaqlar, cod tük və s. göstərmək olar. Həmin təcavüzün xarakteri daxili səbəblərdən və yaxud müdafiədən irəli gələ bilər. Lələk özünütəsdiqi, nümayişkaranəliyi bildirir. Lələk yoxlanılan şəxsdə qadın xüsusiyyətlərinin üstünlük təşkil etməsini və ya nəzərə çapdığını göstərir. Saç, tük, yal (tel) və s. bu kimi hissələr həssaslığın, öz cinsini biruzə verməyi, bəzən isə seksual rola meyli olmağı göstərir. Şəkildə əzələ və pəncələrin böyüklüyü qərar qəbul edərkən düşünməyin, səmərəli yol tapmağın, informasıyanın mövcud mənasına, vəziyyətinə əsaslanmağın göstəricisidir. Əksinə olduqda isə bu mülahizənin üzdən olmasını, xüsusən ayaqlar olmadıqda əsassız nəticə çıxarmağı bildirir. Ayaqların bədənlə birləşməsinə fikir vermək lazımdır: dəqiqmi, düzmü birləşdirilmişdir, yaxud necə gəldi, zəif birləşdirilib, yoxsa heç birləşdirilməyib. Ayaqların, bədənin digər dayaq hissələrinin eyni istiqamətdə, eyni formada olması mülahizə və fikirlərin əsassıslığına və bayalığına işarədir. Həmin hissələrin yerləşməsində müxtəliflik isə sosial yönəlmələrin, mülahizə və fikirlərin orijinallığını, özünəməxsusluğunu, kreativliyini və müstəqilliyini göstərir.

-Kənar vasitələr, məsələn caynaq, qanad, lələk və s formasına uyğun olaraq şəxsiyyətin iç dünyasını necə təsəvvür etmək olar?

-Şəkildən kənara çıxan hissələr, yəni qanadlar, ayaqlar, buynuz, caynaq, əlavə ayaqlar, digər hissələr, zireh və lələk, bantlar, buruq saçlar, hörüklər və güllər də fərqli mənaları ehtiva edir. Birincilər enerjini, insan fəaliyyətinin müxtəlif sahələrinin əhatə edilməsini, özünə inamı göstərir. Buynuz, caynaq, qanad isə cəsarətlilik  əlamətidir. Quyruqlar öz hərəkətinə, qərarına, çıxardığı nəticəyə, düşünüb danışmasına münasibəti ifadə edir. Quyruğun sağa və ya sola dönməsinə fikir vermək lazımdır. Həmin münasibətin mənfi və ya müsbət olması quyruğun istiqaməti ilə izah olunur. Belə ki,quyruğun yuxarıya doğru çəkilməsi inam, müsbət hal, gümrahlıq kimi, aşağıya çəkilməsi özündən narazılığı, dediyinə təəsüfləndiyini, peşimançılığını bidirir. Quyruqları bir neçə, bəzən təkrarlanan, qıllı, tüklü, uzun, saçaqlanan hissəsinə xüsusi fikir vermək lazımdır. Bu aktivlik, dözüm, etibar, inam yaratmaq qabiliyyəti, ünsiyyətcillik, stressli və standart olmayan situasiyalarda hazırcavablıq, özünü itirməmək, məsuliyyəti öz üzərinə götürmək xüsusiyyəti kimi qiymətləndirilir. Sağa yuxarı çəkilmiş quyruq insanın öz fəaliyyətindən, davranışlarından narazılığını bildirir . Sola, yuxarı çəkilmiş isə öz qətiyyətsizliyinə, fürsəti verdiyinə görə narazılığı göstərir.

-Şəkildə konturların olması nədən xəbər verir?

-Çıxıntıların olub-olmamasına görə fiqurun konturu, tikan və caynaqların növləri, konturun qalın, tünd rəngli çəkilməsi onun başqalarından müdafiə olunmağını göstərir. Şəkildə sərt, iti çıxıntıların olması təcavüzkar müdafiənin əlamətidir. Kontur xəttində ləkələnmə, tündlüyün olması qorxu və ya həyacanın göstəricisi hesab edilir. Əgər sədd qoyulubsa və ikiqat xəttlə çəkilibsə bu ehtiyat və şübhələnmə əlamətinin olmasından xəbər verir. Yuxarı kontur ondan yüksəkdə duran, real hakimiyyəti olan adamların , yaşca böyüklərin, valideynlərin, müəllimlərin qoyduğu qadağaların əleyhinədir. Aşağı kontur lağa qoyulmanın, sayılmamağın, tabe olanlar və kiçiklər arasında hörmətin olmamasının və ittiham qorxusunun əleyhinədir. Yan kontur hər cür tərzdə və müxtəlif vəziyyətlərdə müdafiəyə hazırlığın göstərcisidir. Əgər bunlar konturda yox, lap elə daxildə, heyvanın bədənindədirsə yenə də müdafiə elementi sayılır. Sağda daha çox real fəaliyyət prosesində, solda isə fikirlərini, inamını müdafiə edir.

-Bəzən heyvanlar insan cildində çəkilir. Buna necə şərh vermək olar?

-Heyvanın insana oxşadılması, dörd pəncə əvəzinə ikisinin olması, heyvana insan paltarı geydirilməsi, üzünün insana oxşadılması infantilizmin əlamətidir. Kitab və cizgi filmlərinin qəhrəmanlarının çəkilməsi yoxlanılan şəxsin öz problemlərini təhlil etməkdən imtina etməsini bildirir.

-Davamlı olaraq şəxslərin boş vaxtlarında müxtəlif ev heyvanları çəkməsi də müşahidə edilir. Bu insanlarda heyvanlara olan qayğı və məhəbbətlə izah edilə bilərmi?

-İnsanlara xeyir verən konkret ev heyvanlarının təsvir olunması şəxsin həmin heyvanlara qayğı göstərməsi, onları evdə və həyətdə saxlaması, bəzən onlarla "dərdləşməsi" ilə izah olunur. İt-asılılıq, tabeçilik meylini göstərir. Pişik kontakta olan tələbatı, özünü təsdiqetmə istəyini bildirir. "Sülh simvolu" olan göyərçin şəklini çəkməklə şəxs xeyirxah insan olduğunu göstərmiş olur.. Yük heyvanlarının şəklinin çəkilməsi isə ətrafdakıları günahlandırmağa, öz həyatına görə məsuliyyəti başqalarının üstünə atmaq meylini bildirir.və s.

-Şəxsi təcrübənizə əsaslanaraq uşaqlar üzərində test apararkən çəkilən ən maraqlı şəkil və onun izahı haqda da danışaq

-14 yaşlı yeniyetmənin çəkdiyi və "Kişot" adlandırdığı rəsmdə oğlan yaşadığı sıxıntılar,  problemlər, valideynləri, xüsusən də babası tərəfindən bir şəxsiyyət kimi qəbul edilməməsini əks etdirib. Çəkdiyin şəkli niyə "Kişot"adlandırmısan ? sualına yeniyetmə "Mən kişiyəm, amma babam mənim kişi olduğumu qəbul eləmir, hələ də mənə baxça uşağı kimi baxır" deyə cavab verdi. "Kiş"-kişi sözünün qısaldılmış forması ot isə, mən heyvan çəkmişəm o yəqin ki, ot yeyib qidalanacaq "deyə verdiyi adı izah etdi. Buynuzlar valideynlərinə və müəllimlərinə olan etirazıdır, lakin o bu etirazını biruzə verə bilmir, ona görə buynuz ürək formasındadır, deməli o hər şeyi ürəyinə salır. Dilin bayıra çıxması içindəki ağrının, acının bir sözlə zəhərin dolub daşması və üzə çıxmasıdır.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31