“İntihar çıxış yolu deyil…” - MÜSAHİBƏ

“İntihara cəhd edən insanlar cəsarətli yox, qorxaq və aciz insanlardır”

Müsahibimiz psixoloq Tünzalə Verdiyeva günümüzün aktual probleminə çevrilən intiharla bağlı "Olaylar"ın suallarını cavablandırıb.

-Tünzalə xanım, intihar nədir?

-İntihar insanın özünün-özünə etdiyi qəsddir, öz həyatına son qoymasıdır. Özünün ölüm fərmanını verməsi və bunu planlaşdırıb həyata keçirməsidir.

-İntiharın səbəbləri hansılardır?

-İntiharın səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri kimi uğursuzluqlar, ayrılmalar, boşanmalar, xəyanət, özünə inamın aşağı səviyyədə olması, özünü yararsız hiss etməsi və s. göstərmək olar. Yeniyetmələr arasında intiharın səbəblərinə ailədaxili zorakılıq, uşaqların özlərini güvənli bir yerdə hiss etməmələri aiddir. Valideynlər arasında olan münasibətləri uşaqlar düzgün qiymətləndirmirlər. İntiharın  digər əsas səbəblərindən biri də mənəvi-psixoloji zorakılıqdır. İnsanın şəxsiyyətini qəbul etməmək buna aiddir. Ağır cismani ağrılardan əziyyət çəkmək də intihara gətirib çıxarır. Narkomaniya, alkoqolizm kimi zərərli vərdişlər insanın həyatını o qədər mənasızlaşdırır ki, insan birdən dərk edir ki, o, hamı üçün arzuolunmaz bir şəxsdir və nəticədə intihara əl atır.

-Tünzalə xanım, hansı yaşda intihar halları daha çox olur?

-Daha çox yeniyetməlik dövrüdür ki, orqanizmdə gedən orqanik dəyişikliklər psixikada böhran vəziyyəti yaradır. Yeniyetmələrin davranışını onların müəllimləri və valideynləri düzgün başa düşmürlər və onlara qarşı təzyiq göstərirlər. Yeniyetməni dəyişdirməyə çalışırlar, onu icraçı etmək istəyirlər. Bu zaman valideyn uşağı yox, yeniyetməyə qarşı davranışı dəyişdirməlidir. Onun keçid dövrünü başa düşməlidir. Hətta dərsdən pis qiymət aldığı üçün intihara cəhd edənlər də var. Uşaq ailədə münaqişəyə şahid olarkən və yaxud hər hansı filmə baxdıqdan sonra təsirlənib intihara cəhd edir. Və yaxud da ilk məhəbbətdə uğursuzluq, qarşılıqsız sevgi və yaxud da öz sevgisini etiraf edə bilməmək bu yaşda intihar hallarına gətirib çıxarır.

-Kişilər, yoxsa qadınlar intihara daha çox əl atır?

-Daha çox qadınlar intihara cəhd göstərirlər. Cəmiyyətdə dominantlıq kişilərdə olduğu üçün qadının özünə inamı daha az olduğuna, özlərini daha çarəsiz hesab etdiklərinə görə intihara cəhd edirlər.

-İntihar günahdırmı?   

-İntihar çox böyük günahdır. Çünki Allahın insana verdiyi canı onun özündən başqa heç kim ala bilməz. İnsanın ixtiyarı yoxdur ki, öz həyatına son qoysun.

-İntihar cinayətdirmi?

-İntihar cinayət deyil. Çünki intihara cəhd edib sağ qalan insanlar cinayət məsuliyyətinə cəlb olunmurlar. İntihara sövq edən şəxslər isə qanun qarşısında cavab verməlidirlər.

- İntihara cəhd edənlər nə qədər cəsarətlidirlər?

- İntihara cəhd edən insanlar cəsarətli yox, qorxaq və aciz insanlardır. Çünki həyatda qalıb mübarizə aparmaq əvəzinə bunlardan qaçır. Deməli, cəsarəti çatmır. 

-İnsanlar niyə intihar edir?

-İnsanların intiharetmə səbəbləri müxtəlifdir. İntihara ən çox səbəb olan faktor emosional zorakılıqdır ki, insanı başqasının yanında utandırmaq, onun uğurlarını kiçiltmək və s. buna aiddir. Səbəbi bilinməyən intiharlar da var. Yeniyetmələrin və uşaqların intihar etmə səbəblərindən biri ailədaxili insidentlərdir. Bunun nəticəsində o, yeniyetmə vaxtı bu qəddarlığı dərk edir və bütün həyata nifrət edir və intihar edir.

-İntihar etmək bir çıxış yoludurmu?

-İntihar çıxış yolu deyil. Çünki intihar edən şəxslər başqasının diqqətini cəlb etmək istədiyi üçün intihar edir. Əgər valideynlərindən və ətrafından laqeydlik görüblərsə, intihar edərək sanki qisas almaq istəyirlər. Amma bu, heç də düzgün deyil.

-Təcrübədə intihara cəhddə hansı üsullardan istifadə olunur?

-Uşaqlar və yeniyetmələr arasında daha çox dərman preparatlarından istifadə, iynə udma, yarımçıq tikililərdən özünü atma, maşının altına özünü atma, metro stansiyalarında qatarın qabağına özünü atma, dəmiryol xəttində dayanmaq və s. üsullardan istifadə olunur.

-İntihar etmə ehtimalı olan şəxsi bu fikirdən necə çəkindirməli?

-Əvvəlcə bu şəxs müəyyən edilməlidir. Əgər bir insan gündəlik fəaliyyətdən zövq almırsa, dostları ilə ünsiyyətdə olmursa, saatlarla qapını arxadan bağlayırsa və tez-tez "mən özümü öldürəcəm" deyirsə, yaxınları bu fikrə dırnaqarası baxmamalıdırlar. İntiharın günah olduğu haqqında söhbətlər aparmalıdırlar. Çalışmalıdırlar ki, həmin şəxsə həmişəkindən daha çox diqqət ayırsınlar.

-İntihara təhrik edən mənfi modellər hansılardır?

-Hansısa bir ölkədə ölüm hökmünün icrasını efir vasitəsilə göstərilməsi intihara təhrik edən səbəblərdən biridir. Hələ bunu tam dərk etməyən uşaqlar, yeniyetmələr dar ağacından asılmanı təcrübə etmək istəyə bilər və intihar fikri olmadan bunu edə bilər. Belə faktlar vardır ki, nə vaxtsa  İraqın ölkə başçısının dar ağacından asılmasını senzurasız, açıq şəkildə yayımlanması yeniyetmələr arasında silsilə intiharlara gətirib çıxarmışdı. Növbəti səbəblərdən biri qəmgin musiqidir. Məlumdur ki, musiqi insan emosiyalarına güclü təsir göstərir. Musiqi insanı ölümə də sövq edə bilər. Sevdiyi insanın itkisi nəticəsində də insanlar intihara cəhd edir. Diqqət mərkəzinə düşmək istəyi, intihar edən yeniyetmələr haqqında hazırlanan TV proqramları( Elman Türkoğlunun oğlu haqqında ANS-in çəkdiyi veriliş kimi) , intihar edən yeniyetmənin az qala qəhrəman kimi təqdim edilməsi və s.

                                                        Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31