“Saxta müxalifətçiliklə qrantlar almaqla, özlərini müxalifət kimi göstərməyə çalışırlar” - MÜSAHİBƏ
Tahir Seyidov: “ Bu qüvvələr 20 ildir ki, eyni gedişi edirlər”
9 İyul 2013 15:09 Müsahibə"Onlar aldadıb inandırdıqları 3-5 nəfərlə küçə hay-küyündən başqa bir şey etmirlər"
Milli Dirçəliş Hərəkatı Partiyası Ali Məclisinin sədri Tahir Seyidovun "OLAYLAR"-a müsahibəsi
-Tahir bəy, Milli Dirçəliş Hərəkatı Partiyası prezident seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür?
-Milli Dirçəliş Hərəkatı Partiyasının prezident seçkiləri ilə bağlı bölgələrdə və bölgə təşkilatlarında fəaliyyəti aktivləşib. Yerli təşkilatların fəaliyyətinin genişləndirilməsi istiqamətində aktiv işləyirik. Prezident seçkilərinə hazırlıq mərhələsinin təşkilatlanma modelində işlərimiz davam edir. Havaların isti olmasına baxmayaraq biz müvafiq işlərimizi görürük.
-Bir müddət əvvəl təmsil etdiyiniz partiya ATA Bloku ilə əməkdaşlıq barədə anlaşma əldə etdi. Milli Dirçəliş Hərəkatı Partiyası ilə ATA Blokunun əməkdaşlığı özündə nəyi ehtiva edəcək?
-ATA Bloku seçki dönəmində Milli Dirçəliş Hərəkatının bütün gedişlərini dəstəkləyəcək. Bununla bağlı tərəflər arasında memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə görə, ATA Bloku və Milli Dirçəliş Hərəkatı Partiyası prezident seçkilərində birgə namizəd irəli sürə və həmin namizədi dəstəkləyə bilərlər. Bu bizim qarşıdakı perspektivdə olan işimizdir. Onu da qeyd edim ki, ATA Bloku tam səmimi şəkildə Milli Dirçəliş Hərəkatı Partiyasının namizədini dəstəkləmək barədə qərar verib. Hazırda bu istiqamətdə işlər gedir.
-Son vaxtlar müxtəlif siyasi dairələr tərəfindən partiyanın sədri, millət vəkili Fərəc Quliyevə qarşı bir kampaniya başlanıb. Ayrı-ayrı siyasilər Fərəc Quliyevə qarşı müxtəlif ittihamlar səsləndirirlər. Sizcə, bu seçkiqabağı ərəfədə partiya sədrinizə qarşı başladılmış bir kampaniyadır, yoxsa burada hansısa məqamlar var?
-Hesab edirəm ki, bu seçkiqabağı prosesin bir tərkib hissəsidir. Eyni zamanda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin keçdiyi həyat yolu, Azərbaycan dövlətçiliyinə sadiq qalması, onu hər zaman qoruması bəzi saxta müxalifət qüvvələrini narahat edir. Ona görə ki, onlar saxta müxalifətçiliklə neçə illərdir kənardan qrantlar almaqla, özlərini müxalifət qüvvəsi kimi göstərməyə çalışırlar. Bu qüvvələr 20 ildir ki, eyni gedişi edirlər. Bir zaman Əbülfəz Elçibəyin vahid namizədə kimi seçkilərdə iştirakına imkan verməyən, onun qarşısında duran insanlar bu gün Rusiyanın namizədini yekdilliklə dəstəkləyirlər. Ona görə də, onlar milli qüvvələrin qarşısında durmalı, həmin qüvvələr qarşı əsassız fikirlər səsləndirməlidirlər. Bu günlərdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da da anoloji üsula əl atıb və millət vəkili Fərəc Quliyevə qarşı əsassız ittihamlar səsləndirib. Müsavat rəsmisi iddia edib ki, Surət Hüseynovun ordu birləşmələrinin qarşısını almaqda Fərəc Quliyev maraqlı olmayıb. Halbuki, Surət Hüseynovun irəli çəkilməsi, onun təltif olunması təşəbbüsünü Əbülfəz Elçibəyə məhz həmin şəxslər verib. Hesab edirəm ki, Arif Hacılı o zaman yaratdığı problemləri bu gün Fərəc Quliyev vasitəsilə ört-basdır etməyə, bütün günahı MDHP sədrinin üzərinə atmağa çalışır. Burada məqsəd isə sözün həqiqi mənasında dövlətçiliyi qoruyan milli qüvvələri ləkələmək, onları zərərsizləşdirməkdir. Bu oyunu oynamaqla onlar xaricdən qrant almanı davam etdirmək, günlük qazanclarını təmin etməyi düşünürlər. Nəticə etibarilə milli məsələlər, milli istiqamət güdaza verilir. Bu adamların 20 ildə gördükləri "işlər" də göz qabağındadır. Bütün Avropa təsisatları, Birləşmiş Ştatların Milli Demokratiya İnstitutunun bütün qrantları bu adamlara verilir. Məndə olan məlumata görə, Niyazi Mehdinin yoldaşı il ərzində xarici təşkilatlardan milyardlarla dollar qrant alır. Maraqlıdır ki, həmin qrantlar nə üçün yalnız bu qüvvələrə verilir? Yoxsa həmin qrantlar Azərbaycanda ara qarışdırmaq məqsədilə ayrılır? Bütün bunlar bizdə bir şübhə yaradır. Çünki qrant ayrılan qurumlar cəmiyyətdə ciddi bir iş görmürlər. Onların yeni yaratmış olduğu qurum da tərkibi baxımından rusiyaçı, qərbçi, avropaçı və s. qüvvələrin toparlandığı bir yerdir. Fərəc bəyin də dediyi kimi sabah həmin qüvvələr hakimiyyətə gəlsələr belə, hansı tərəflə iş görəcəklər. Orada mütləq parçalanma qaçılmazdır. Biz istəmirik ki, Azərbaycan xaricdən idarə edilən ölkə olsun. Mustafa Kamal Atatürkün də dediyi kimi heç bir xarici dövlət başqa bir dövləti qurmaz, yaratmaz. Xaric sadəcə həmin ölkəni iqtisadi baxımdan ələ keçirməyə çalışar. Son vaxtlar müsəlman dünyasında gedən proseslər də onu göstərir ki, Qərb bütünlüklə İaslam dünyasinda formalaşmanin qarşisini almaq üçün. təriqətləşmək, qatı, hərbi islamçılıq formalaşdırmağa çalışır. Bu da xaç yürüşünün bir tərkib hissəsidir. Çox təssüflər olsun ki, bizim hərəkatçı dediyimiz "dostlarımız"da belə bir yalnış proseslərin fiquru kimi hərəkət edirlər.
-Sizcə prezident seçkilərinin nəticələri həmin qüvvələrin tamamilə sıradan çıxmasına gətirib çıxaracaq?
-Hesab edirəm ki, həmin qüvvələr indiyə qədər göstərdiyi fəaliyətlərdə xalqdan bir şeylər gizlədə, onu inandıra bilirdilərsə, artıq xalqı öz yalanlarına inandırmaq mümkün deyil. Onlar aldadıb inandırdıqları 3-5 nəfərlə küçə hay-küyündən başqa bir şeylər etmirlər. Düşünürəm ki, bu da həmin qüvvələrin artıq sonu deməkdir.
Süleyman İsmayılbəyli