“Bu məhsulların səsi “Novruz bombaları”ndan daha bərk çıxa bilər” - Aqil Camal

“Azərbaycan cəmiyyəti böyüklüyü, bütövlüyü, həmrəyliyi ifadə edən dəyərlər ətrafında birləşməyə məhkumdur”

Ötən həftə "Türküstan" qəzeti ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsullarının nəzarətə götürülməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdi. Xatırladaq ki, məktubda, milli ayrıseçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü alovlandıran, yeniyetmə və gənclər arasında mənəvi aşınmaya gətirib çıxaran geyimlərin ölkəyə gətirilməsinin qarşısının alınması və satışdan yığışdırılması istənilirdi.

Mövzu ilə bağlı suallarımızı cavablandıran "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, bu müraciətin məqsədi dövlət qurumlarının diqqətinin ilk baxışdan sadə, primitiv görünən, ancaq nəticəsinə görə milli təhlükəsizliyə təhdid hesab oluna biləcək bir məsələyə yönəltməkdir.

- Ümumiyyətlə, Azərbaycan Respublikası yerləşdiyi geosiyasi şəraitinə, həmçinin, işğalçı Ermənistanla müharibə vəziyyətində olduğuna görə, ölkəmiz daim xarici və daxili təhdidlər üçün həssasdır. Azərbaycanın inkişafından, dünyada müstəqil siyasət yürütməsindən əndişələnən güclər, ölkəmizə qarşı təxribatçı planlar quran dairələr, niyyətlərinin reallaşması üçün bir çox hallarda, ölkə daxilində buna ideoloji zəmin hazırlamağa cəhd göstərirlər. Bunun üçün ən incə məqamlardan belə istifadə olunur. Ölkədə milli birliyi sarsıtmağa, istər dini, istərsə etnik zəmində cəmiyyətdə etimadsızlıq, qarşıdurma mühiti yaratmağa çalışırlar.  Biz də hesab edirik ki, bu vəziyyətdə Azərbaycanda, istər dövlət qurumları, istərsə qeyri-hökumət təşkilatları və bütövlükdə cəmiyyətimiz milli birliyə xələl gətirən ən kiçik nüanslara belə dözümsüz olmalıdırlar. Bu günlərdə qəzetimizin üzə çıxardığı sözügedən fakt da, düşünürük ki, Azərbaycanda milli birliyi, həmrəyliyi sarsıtmağa, ölkədə milli ayrıseçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir.  Ona görə də, belə bir müraciətlə çıxış etdik.

- Yaxşı olardı, geyimlərdə konkret söhbətin nədən getdiyinə aydınlıq gətirəsiniz. Çünki, bu mövzu mediada, sosial şəbəkələrdə ciddi əks-səda doğurdu...

- Söhbət, Bakının bir sıra iri ticarət mərkəzlərində, yarmarkalarda satılan, üzərində müxtəlif sözlər yazılmış yay geyimlərindən - kepka və köynəklərdən gedir. Məsələn, Azərbaycanda yaşayan etnik qrupların adları, "talış", "ləzgi" və s. Toplum arasında işlədilən bölgə və məhəlli sözlər: "dağlı","yeraz", "bakinets", "Kafkaz", "Əhmədli", "Naxçıvan", "Qubadlı", "Razin", "bakılı" və s. Bundan başqa, bir qisim yeniyetmə-gənclər arasında populyar olan sözlər: "krutoy", "yetim", "avara", "ay brat", "qaqaş", "qaqa", "avtoş" və s.

Artıq, bu geyimlərdən istifadə edən xeyli sayda yeniyetmə, gənc var. Ümumiyyətlə, son dövrlər bu kimi geyim məhsulları gənclər arasında dəb halını almaqdadır. Bu geyimlər bir tərəfdən, cəmiyyətdə milli ayrımçılığı, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü körükləyir, digər yandan yeniyetmə və gənclər arasında mənəvi aşınmaya, səviyyəsizliyə gətirib çıxarır. Axı, başına, üzərində "yetim", "avara", "ay brat" sözü yazılmış kepka geyinən gəncdən nə gözləmək olar?

- Ancaq bu təşəbbüsünüzə görə, sizə də "şovinist" deyib irad tutanlar oldu...  

- Azərbaycanın əhalisi və ərazisi o qədər də çox deyil. Bizim cəmiyyət daha çox böyüklüyü, bütövlüyü, birliyi, həmrəyliyi ifadə edən dəyərlər ətrafında birləşməyə məhkumdur. Nəinki, ayırıcı, fərqləndirici məqamlar üzərində... Ancaq, bu düşüncəni bir kənara qoyaraq məhəlli hisslərlə yüklənmiş bəzi adamlar sosial şəbəkələrdə mənə qarşı ittihamlar yağdırdılar, sən demə, mən bu təşəbbüslə hansısa etnik qrupun  haqlarını tapdalamışam. Özlərini etnik qrupların təəssübkeşləri kimi göstərən, əslində isə bölücü fikirləri ilə tanınmış bəzi şəxslər bu xəbər ətrafında ajiotaj yaratmağa çalışırlar. Xəbərin yayıldığı saytları, paylaşaraq ağıllarına gələn şərhlər yazırlar. Mənim özümə də xeyli sayda təhdidedici, aşağılayıcı mesajlar göndəriblər. Hətta separatçı fəaliyyətinə görə uzun müddət həbsdə olmuş, hazırda isə Hollandiyada yaşayan Ələkrəm Hümbətov belə öz Facebook səhifəsində bu xəbəri ironiyalı tərzdə paylaşıb. Mən o adamlardan soruşmaq istəyirəm - İndi bu ölkədə hər kəs hansı millətdən, hansı bölgədən və hansı sosial təbəqədən olduğunu bildirən kepka qoymalıdırmı başına?

- Bu məhsulların Çindən gətirildiyini bildirmisiniz. Sizcə burada, məqsəd nədir?

- Həqiqətən də, bu məhsullar Çində - məxsusi Azərbaycana idxal edilməsi üçün istehsal olunur. Məhsullarda onun Çin istehsalı olması haqda etiket də var. Əlbəttə, çinlilər Azərbaycanda bir qisim gənclər arasında populyar olan sözləri bilməyə bilər. Ancaq, mən düşünürəm ki, bu məhsulların sifarişçiləri Azərbaycanda, yaxud da xaricdə oturub Azərbaycana qarşı kirli plan quran dairələrdir. Həmçinin, bir sıra işbazların yeniyetmə və gənclərin yüngül hisslərindən istifadə edərək maddi qazanc əldə etmək niyyəti və bunun nəticələri göz qabağındadır. Onlar alıcının diqqətini cəlb edən, daha doğrusu, "pula gedən" nə varsa, ölkəyə idxal edirlər. Ancaq idxal etdikləri, yaxud, hazırlanması üçün sifariş etdikləri məhsulların hansı nəticələr və fəsadlar doğura biləcəyinin fərqində  olmurlar. Olsalar belə, maddi gəlir əldə etmək istəyi hər şeyi üstələyir. Bəs, bölücülük və səviyyəsizlik saçan bu məhsullar sərhəddən, gömrükdən ölkəyə necə daxil ola bilir? Novruz bayramı günlərində bayram çılçıraqlarının, fişənglərin yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı-oyuncaqların Çindən gətirilməsi son illər qadağan olunur. Ancaq nəzərə almaq lazımdır ki, haqqında bəhs etdiyimiz bu kepkalar və köynəklər,  "Novruz bombaları"ndan daha təhlükəlidir. Və qarşısı alınmazsa, onun səsi yaxın gələcəkdə, özü də daha möhkəm çıxa bilər. Bu mənada, biz ümid edirik ki, bu bədnam məhsulların bazarlardan yığışdırılması və ölkəyə idxalının qarşısının alınması üçün tezliklə lazımi tədbirlər görüləcək.  

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31