“Mən əqidəmə sadiqəm”- MÜSAHİBƏ-ÖZƏL
12 Avqust 2022 10:14 MüsahibəSona Əliyeva: "Amma gördüklərimi və düşündüklərimi deyəcək qədər də demokratam"
Sabiq millət vəkili Sona Əliyeva deputat fəaliyyəti dövründə parlamentin ən məhsuldar təmsilçilərindən hesab edilirdi. Bəs görəsən deputat fəaliyyətindən sonrakı mərhələdə Sona Əliyeva əvvəlki kimi məhsuldar və işgüzardırmı? Ümumiyyətlə, sabiq millət vəkili hazırda nə işlə məşğuldur. Bu və ya digər suallara aydınlıq gətirmək üçün Sona Əliyevaya müraciət etdik.
-Sona xanım, ilk sualım onunla bağlıdır ki, hazırda nə işlə məşğul olursunuz?
-İctimai və pedoqoji fəaliyyətimi davam etdirirəm. "Kayera gündəliyim" adlı kitab üzərində çalışıram. Arada cəmiyyəti maraqlandıran təhsil məsələləri ilə bağlı araşdırma tipli məqalələr yazıram. Mənim fəaliyyətim hər zaman zəngin olub, bir çox istiqamətlərdə əlavə fəaliyyətlərim də var. Təhsil almağa, özümü inkişafa və mütaliəyə də zaman ayırıram.
-Səhv etmirəmsə Siz hakim Yeni Azərbaycan Partiyasının da üzvüsünüz. Partiyanın gündəlik siyasi və ictimai həyatında fəal iştirak edirsinizmi?
-Bəli, hakim partiyanın üzvüyəm. Amma işlərimin çoxluğu ilə əlaqədar partiyadakı gündəlik fəaliyyətimə ara vermişəm. Amma prosesləri kənardan izləyirəm. Görünən odur ki, partiyada da müəyyən sönük durum müşahidə edilir. Çünki əvvəlki aktivlik hiss olunmur. Bəlkə də bu peşəkar, yetişmiş kadrların potensialından yetərincə istifadə etməməklə bağlıdır. Gəncləşdirmə siyasəti alqışlanmalıdır. Amma bütün işləri təcrübəsiz, tam yetişməmiş gənclərə həvalə edəndə də müəyyən boşluqlar hiss olunur. Həmin gənclər müəyyən müddət daha təcrübəli şəxslərin yanında təcrübə toplamalıdırlar. Birdən birə sürətli keçid bəzən süstlük də yarada bilir. Mən əqidəmə sadiqəm, amma gördüklərimi və düşündüklərimi deyəcək qədər də demokratam. Hakim partiya gələcəkdə bu istiqamətdə mənim təcrübəmə və bacarığıma ehtiyac duyarsa, məmnuniyyətlə əlimdən gələni etməyə hazıram.
-Adətən bir insan vəzifədən, yaxud hansısa bir postdan gedəndə onun ətrafındakılar da seyrəlməyə başlayır, dost deyilənlər tədricən onu tərk edir. Belə bir mənfi tendensiyanı deputatlıqdan sonrakı dövrdə hiss etdinizmi və ətrafınızdakı insanlar nə dərəcədə azaldı?
- Mən hər zaman dostlarımı diqqətlə seçmişəm, odur ki, dost bildiyim və dediyim insanlar hər zamankı kimi, yanımdadır. Parlamentdən də olan dostluqlarımız davam edir, digərləri də..Dəyişən heç nə yoxdur.
-Etiraf edək ki, millət vəkili kimi azsaylı parlamentarilərdən idiniz ki, davamlı olaraq seçicilərlə görüşür, onların problemlərinin həlli istiqamətində konkret addımlar atırdınız. Hazırda da şəmkirli sakinlərdən Sizə hansısa məsələdə müraciət edib köməklik istəyən olurmu?
- Mən hər zaman insanlara əlçatan olmuşam, bu həmdə ondan irəli gəlir ki, parlamentə seçilən yeganə rayonda yaşayan şəmkirli idim. El qızı olmağın məsuliyyəti də ayrıdır. O baxımdan, parlament fəaliyyəti iki qat məsuliyyətli idi. İndi isə, müraciət edən olduqda, hara və necə müraciət edə biləcəkləri ilə bağlı məlumat verir və yönəldirəm.
-Bəlkə də mən səhv müşahidə edirəm, hesab edirəm ki, sosial şəbəkələrdən bir qədər uzaq düşmüsünüz. Yəni millət vəkili olduğunuz dövrdəki qədər sosial şəbəkədə, xüsusilə də facebookda aktiv deyilsiniz. Bunun səbəbi nədir? Bu sosial şəbəkələrin bayağılaşması, tədricən qeyri-ciddi bir platformaya çevrilməsi ilə bağlıdır, yoxsa?
-Doğrusu, parlament fəaliyyətim dövründə sosial şəbəkə mənim üçün bir hesabatlılıq vasitəsi idi. Həm fəaliyyətim, həm də ölkədə və dünyada baş verənlərə münasibətimi əsasən facebook vasitəsilə insanlara çatdırmağa çalışırdım. Tvitter hesabım Vətən müharibəsi dönəmində informasiya savaşında aktiv iştirakımla əlaqədar bloklandı, o zamandan açmamışam. 19 000 lik facebook səhifəm isə oğurlandı, kimlər tərəfindən olduğunu bilsəm də, bərpa etməyə çalışmadım. İnstaqramı heç vaxt ciddi məsələlərin müzakirə olunacağı platforma hecab etməmişəm. Lakin, facebookda hər düşüncədə insan olmasına baxmayaraq, günün reallığına ən yaxın platforma olması qənaətindəyəm. Ən azından cəmiyyətin nəbzini ordan yoxlamaq mümkündür. Digər sosial şəbəkələrdən istifadə etmirəm və bunu vaxt itkisi hesab edirəm.
-Sona xanım, son günlər həyata keçirilən "Qisas" əməliyyatı fonunda Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsi imzalamağa daha çox maraqlı görünəcəkmi?
-Fikrimcə, "Qisas" əməliyyatının davamı olacaq. Çünki Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin müddəalarına məhəl qoymur. Separatçılar 2 il ərzində tərksilah edilməyib. Ermənistan qoşunlarının qalıqları buradan çıxarılmayıb. Bu da bəyannamənin dördüncü bəndinin müddəalarının pozulması anlamına gəlir. Üstəlik, Zəngəzur dəhlizinin açılması prosesini İrəvan bilərəkdən yubadır. Bütün bunlar azmış kimi, separatçılar Qarabağın dağlıq hissəsində "səngərlər", "müdafiə istehkamları" qurmağa çalışırlar. İrəvan artıq Kremlə də məhəl qoymur. Bu da o deməkdir ki, növbəti anti-terror əməliyyatları qaçılmazdır
-Bu arada Londonda səfirliyimizə qarşı edilən hücuma reaksiyalar müxtəlif aspektlidir. Konkret olaraq Siz necə düşünürsünüz, bu hücumun arxasında dayanan hansı güclərdir və əsas məqsəd nədən ibarətdir?
- Londonda baş verən hadisələrdə Britaniya polisi böyük məsuliyyət daşıyır. London baş verən hadisələrə görə, rəsmi Bakıdan üzr istəməlidir. Düşünürəm ki, səfirliyimizə hücumun arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Çünki Azərbaycan təkcə erməni terroruna qarşı deyil, həm də son 20 il ərzində terrorizmlə beynəlxalq mübarizə çərçivəsində böyük işlər görüb. İraqda, Kosovoda, Əfqanıstanda bizim sülhməramlı qüvvələrimiz böyük rəşadət göstəriblər. Təbii ki, bütün bunlar başda Ermənistan olmaqla terroru dəstəkləyən və onu öz siyasətinin bir parçasına çevirən dövlətləri, gücləri narahat edir. London olayları terroru dəstəkləyən erməni lobbisinin sifarişidir. Bu mənim şəxsi yanaşmamdır, başqa ehtimalları da təkzib edə bilmərəm.
Hətta bu hadisələrdə İrandakı müəyyən dairələrin əli də ola bilər. Çünki Azərbaycan cənubdan narkotik trafikinin qarşısını demək olar ki, bloklayıb. Bu da terroru və dini radikalizmi əlində alətə çevirən iranlı narkotacirlərin planlarını alt -üst edib. Fikrimcə, onlar Londonda Azərbaycan elçiliyinə qarşı bu cür addımlar atmaqla Bakını öz yolundan döndərə bilməyəcəklər. Mən buna əminəm.
-Görünən odur ki, Azərbaycanda vəziyyəti gərginləşdirməyə, ölkədə siyasi sabitliyi pozmağa çalışan kifayət qədər ünsürlər var və belə bir situasiyada Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən başlıca vəzifə nədən ibadətdir?
Bu istiqamətdə üzərimizə düşən başlıca vəzifə hər bir fərd olaraq ölkə rəhbərliyinin, dövlətçiliyimizin yanında olmaqdır. Biz son dərəcədə həssas coğrafyada yerləşmişik. Cənubi Qafqaz enerji resursları amilinə görə hər zaman böyük və ya özünü böyük sayan güclərin maraq dairəsində olub. Xalqımız dost və düşmənini yaxşı tanıyır. Biz 44 günlük savaşda da bunu gördük. Yumruq kimi birləşərək düşmənin başına dəmir yumruq endirdik. Bu dəmir yumruq hər zaman hazır dayanmalıdır və bizim səbrimizlə oynamaq istəyənlərin başında haqq qılıncına çevrilməlidir.
Süleyman İsmayılbəyli