“Mənasız siyasi ambisiyaları kənara qoymaq lazımdır” - MÜSAHİBƏ

Mayis Güləliyev: “Kim bu işi daha yaxşı bacarırsa, onun da liderliyini qəbul etmək lazımdır”

"Rəqabət əsasən namizədlərin irəli sürdükləri ideyalar və proqramlar arasında aparılmalıdır"

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə çoxsaylı müxalifət birlik və blokları təsis olunur. Belə bloklardan biri də Ədalət Partiyası və Azərbaycan Yaşıllar Partiyasının təmsil olunduğu "Vətən" Siyasi Blokudur. Blokun Sədrlər Şurasının üzvü, Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi blokun prezident seçkilərinə hazırlıq istiqamətində gördüyü işlər, "Vətən" Siyasi Blokunun seçkilərdə vahid namizədinin olub-olmaması məsələsinə aydınlıq gətirib. Mayis Güləliyev müxalifət düşərgəsində mövcud olan vəziyyət və bu düşərgənin seçkilərə hazırlıq prosesi barədə də danışıb. Mayis Güləliyev "Vətən" Siyasi Blokunun prezident seçkilərində iştirak edəcək namizədinin də artıq müəyyən edildiyini vurğulayıb.

-Mayis bəy, Yaşıllar Partiyasının prezident seçkilərinə  hazırlıq prosesi hansı səviyyədə gedir?

-Azərbaycan Yaşıllar Partiyası prezident seçkilərinə ayrılıqda hazırlaşmır. Biz "Vətən" Siyasi Bloku çərçivəsində bu il ölkədə keçiriləcək prezident seçkilərinə hazırlaşırıq. Partiyada ilkin hazırlıq işləri demək olar ki, yekunlaşıb. Yaxın vaxtlarda əsas mərhələyə, yəni partiyanın namizədinin adının açıqlanması və seçki qərargahının formalaşdırılması mərhələsinə başlanılacaq.

-Prezident seçkilərində "Vətən" Siyasi Bloku vahid namizəd müəyyən edə biləcəkmi?

-Heç şübhəsiz ki, prezident seçkilərində "Vətən" Siyasi Blokunun öz namizədi olacaq. Artıq blokun namizədi də müəyyəndir və tam şəkildə razılaşdırılıb. Yaxın vaxtlarda cəmiyyətə "Vətən" Siyasi Blokunun vahid namizədinin adı açıqlanacaq.

-Yaşıllar Partiyası olaraq müxalifətdən hansısa namizədə güzəştə gedə bilərsinizmi?

"Vətən" Siyasi Blokunun öz namizədi var" deyəndə biz təkcə siyasətçini nəzərdə tutmuruq. Həm də bizim öz yolumuzun, öz platformamızın, mübarizə motivimiz,  siyasi strategiyamızın olduğunu nəzərdə tuturuq. Əgər hər hansı siyasi partiya və ya siyasi blok bizim bu ideyaları bölüşərsə biz onlarla birgə seçkilərə qoşula bilərik. Amma indiki ictimai-siyasi şəraitdə inanmıram  Azərbaycanda elə bir müxalif siyasi lider olsun ki, onun siyasi təcrübəsi və dövlətçilik bacarığı  "Vətən" Siyasi Blokunun lideri, prezidentliyə namizədliyi irəli sürüləcək  İlyas İsmayılovdan çox olsun. Nəticə etibarilə biz  də onun xeyrinə güzəştə gedə bilək.  Odur ki, mənasız siyasi ambisiyaları kənara qoymaq lazımdır. Kim bu işi daha yaxşı bacarırsa, onun da liderliyini qəbul etmək lazımdır.

-Sizcə müxalifət düşərgəsində İlham Əliyevə ciddi rəqabət ola biləcək namizəd varmı və konkret siz kimi görürsünüz?

-Əlbəttə ki, indiki hakimiyyətin seçki üçün vacib olan resursları, xüsusilə hazırda nəzarətlərində olan adminstrativ və maddi resursları  digər  partiyalarla müqayisə edilməyəcək qədər çoxdur. Lakin bu o demək deyil ki, Yeni Azərbaycan Partiyasının namizədi ilə rəqabət aparmaq olmaz. Əksinə rəqabət nəinki mümkündür, hətta vacibdir. Lakin rəqabət siyasi əxlaqı və Azərbaycanın milli mənafeyini gözləmək şərti ilə aparılmalıdır. Bu da ondan ibarətdir ki, rəqabət əsasən namizədlərin irəli sürdükləri ideyalar və proqramlar arasında aparılmalıdır. Fikir, ideya rəqabəti  cəmiyyətin inkişafı üçün çox mühümdür.

- "Vətən" blokunun sıralarının genişləndirilməsi məsələsi gündəmdədirmi?

"Vətən" Siyasi Blokunun qapıları onun əsasnaməsində nəzərdə tutulan məqsədləri, vəzifələri və ideyaları bölüşən bütün siyasi partiyalara açıqdır.

-Beynəlxalq əməkdaşlıq çərçivəsində yaxın vaxtlar üçün hansısa səfərləriniz gözlənilirmi?

-Hələlik partiya olaraq seçki məsələləri ilə məşğuluq. Eyni zamanda yaxın gələcəkdə beynəlxalq əlaqələri genişləndirmək fikirlərimiz var. Amma "əvvəl evin içi, sonra çölü".

-Müxalifətin bu seçkilərdən də məğlub çıxması sizcə bu düşərgənin tamamilə iflası ilə nəticələnməyəcəkmi?

-Baxır məğlubiyyət deyəndə siz nəyi nəzərdə tutursunuz. Bizim üçün "Vətən" Siyasi Blokunun ictimai-siyasi vəziyyətlə bağlı konkret platformasının olması, ideyasının cəmiyyətə çatdırılması, öz tərəfdarları şəbəkəsini genişləndirməsi, seçkilərdə siyasi aktivliyi artırması, əxlaqlı  siyasi rəqabət mühiti formalaşdırması ciddi qələbədir. Bizim üçün qələbə  odur ki, seçici azad, ədalətli və demokratik seçkilərə inansın və həqiqətən özü seçsin. Bizi və ya başqasını, fərqi yoxdur.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31