Sadəcə cəzalandırma yeterli deyil - MÜSAHİBƏ
Rafiz Manafov: “İctimai nəzarət gücləndirilməlidir”
1 İyul 2013 14:31 MüsahibəMüsahibimiz fəlsəfə üzrə fəlsəfə doktoru Rafiz Manafovdur
- Rafiz müəllim, hazırda ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?
- Hal-hazırda ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri hər şeydən əvvəl son dərəcə mühüm, qaçılmaz və təbii ki, müsbət və sevindiricidir. Həm dövlət və həm də cəmiyyət üçün xərçəngə çevrilmiş korrupsiya reallığı siyasi, iqtisadi və mənəvi inkişafın önündəki ən böyük əngəllərdən biridir. Vətəndaş cəmiyyətinin yaranması, ictimai qınağın formalaşması bu əngəllərin ortadan qaldırılmasında, mühüm rol oynayır. Yetərsiz və əskik yönlərinin olmasına baxmayaraq, anti-korrupsiya tədbirləri dövlətin hər bir vətəndaşı və cəmiyyətin hər bir fərdi tərəfindən alqışlanması gərəkli olan addımlardır.
- Bu mübarizə tədbirlərini effektli hesab etmək olarmı? Sizcə, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrası onun səviyyəsinin azaldılmasına necə təsir göstərib?
-Mübarizə tədbirlərinin effektivliyini və təsirliliyini ən yaxşı hiss edən təbii ki, vətəndaşlardır. Bu baxımdan məsələyə nəzər saldıqda ümumi olaraq müsbət irəliləyişlərin olduğu söyləmək mümkündür. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, habelə onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması kimi. Düşünürəm ki, bu kimi addımların ən böyük effekti vətəndaşlara öz hüquqlarını xatırlatmaq oldu. Bu təsir gücü son dönəmlərdə özünü ictimai rəydə də əks etdirməyə başladı. Mübarizə tədbirlərinin həyata keçirilməsi üçün məsələnin bir neçə tərkib hissəsi mövcuddur: Əvvəla korrupsiya faktlarını ortaya çıxaran səbəbləri, faktların özlərini və onları ortadan qaldırma metodlarını düzgün müəyyənləşdirmək zəruridir. İkincisi, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının icrasının tətbiqinə nə dərəcədə nail olunur? Çünki, korrupsioner fəaliyyətin elə bir mexanizmi mövcuddur ki, o, özü özünü yenidən fərqli şəkildə ortaya çıxara bilir. Yəni, dövlət proqramının icrasının tam tətbiqi də korrupsiyanın ortadan qaldırılması üçün zəruri şərtdir. Bu kompleks fəaliyyətin nəticələrini tam görmək üçün düşünürəm ki, bir az zaman tələb olunacaq.
- Korrupsiyanın səviyyəsinin azaldılması üçün daha hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirdiniz?
-Antikorrupsiya tədbirlərinin ən gözə görünən tərəfi ayrı-ayrı şəxslərin işdən azad olunması, tək-tək fərdlərin tutulması formasında özünü büruzə verməsidir. Ancaq bu kimi addımlar önəmli olsa belə ümumilikdə korrupsiya və rüşvətxorluğu ortadan qaldırmaq üçün kifayət etmir. Məsələn, dövlət orqanlarımızda bürokratik sistemin yetərli dərəcədə qurula bilməməsi, müəssisələrarası şəffaflığın təmin olunmaması belə arzuolunmayan faktların baş verməsinə şərait yaradır. "Qanun boşluğu" adı verilən qanunlardakı ziddiyyətlər məmur özbaşınalığına fürsət verən amillərdəndir. Korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi, korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış araşdırmaların, sorğularının keçirilməsi istiqamətində yeni işlər görülməlidir. Düşünürəm ki, korrupsiyaya qarşı sistemli fəaliyyət, köklü islahatlar aparılmalı və yuxarıda sadaladığımız nöqsanlar da ortadan qaldırılmalıdır. Sadəcə cəzalandırma yetərli olmaz.
- Sizcə korrupsiyaya qarşı mübarizədə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi hansı effekti verə bilər?
-Təbii ki, ictimai qınağın ola bilməsi üçün ictimai nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu nəzarət mexanizmi vətəndaşı öz hüquq və vəzifələrini tanımağa təşviq edəcək. Daha məsuliyyətli olmasına və məsuliyyət tələb etməsinə gətirib çıxara bilər. İkincisi dövlət qurumları da fəaliyyətlərini bu tələbləri və gözləntiləri nəzərə alaraq, onlar istiqamətində qurmağa çalışacaqlar. Vətəndaş cəmiyyətinin daha da inkişaf etməsi bu qarşılıqlı gözləntilərdən asılıdır. Ancaq müsbət effektlərin də ola biləcəyini düşünmək lazımdır.
- Korrupsiyanın qarşısının alınmasında vətəndaş cəmiyyətləri və medianın rolunu necə qiymətləndirirsiniz?
-İctimai həyatın bütün sahələrində medianın rolu və gücü danılmazdır. Həmçinin korrupsiyaya qarşı mübarizə işində də mediamızdan daha böyük fəaliyyətlər gözlənilir. Ancaq bu gün medianın, xüsusilə də vizional medianın öz işini sadəcə əyləncə xarakterli proqramlar üzərində qurması onu bu missiyasından uzaq salmışdır. Şübhəsiz ki, iqtisadiyyatda qaçılmaz olan "ərz-tələb" prinsipi bu gün media və mətbuatda da öz sözünü deyir. Ancaq unutmamaq lazımdır ki, xüsusilə internet mediası ictimai rəyi formalaşdıran, ona yön verən ən aktif fəaliyyət sahəsidir. Korrupsiyaya qarşı mübarizə işində də media mühüm yer tutur və tutmalıdır.
Alim
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.