Azərbaycan münaqişənin diplomatik yollarla həllinə çalışacaq - Sevinc Fətəliyeva
“Təəssüf ki, qonşularımızın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir”
22 İyun 2012 16:24 MüsahibəSon vaxtlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində beynəlxalq səylərin artımı müşahidə olunur. Buna baxmayaraq, nümayiş etdirilən səylərin ciddi nəticə verəcəyi inandırıcı görünmür. Millət vəkili Sevinc Fətəliyeva bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. İstər ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır: "Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Elə bu prosesə paralel olaraq ATƏT-in Minsk Qrupu da münaqişənin həlli yönündə öz fəaliyyətinin səmərəlilik səviyyəsini artırmaqdadır. Prezident İlham Əliyevin bildirdiyi kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və bütün kommunikasiya xətlərinin açılmasına əsaslanır". Millət vəkili onu da deyib ki, Azərbaycan müharibə tərəfdarı deyil və məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacaq: "Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşularımızın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Beynəlxalq qurumlarda da bizim mübarizə apardığımız 2 əsas qrup var: erməni lobbisinin nümayəndələri və bizim nailiyyətlərə qısqanclıqla yanaşan, bizim artan nüfuzumuzu istəməyən qüvvələr. Aydındır ki, əgər bu münaqişə həllini taparsa, Azərbaycan gücünə güc qatacaq və daha da sürətli addımlarlarla inkişaf edəcək və bunu istəməynlər çoxdur. Lakin onların səyləri bu günə kimi ciddi bir nəticə verməyib, getdikcə də mövqeləri bu istiqamətdə zəifləməkdədir. Bundan əlavə, günü-gündən hərbi gücümüz, ordumuzun qüdrəti artmaqdadır, Azərbaycan ordusu hal-hazırda Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir və Ali Baş Komandanın əmri gələn kimi torpaqlarımız azad olacaq".
Alim