““Metsamor” Atom Elektirk Stansiyasının fəaliyyətinin dayandırılması istiqamətində güclərimizi səfərbər etməliyik”
Sinan Oğan: “Azərbaycan, Gürcüstan və Türkiyə olaraq bu məsələni ortaq şəkildə gündəmə gətirsək və birgə Avropa Şurasına çıxsaq bu daha çox təsirli olar”
24 İyun 2013 17:32 MüsahibəTürkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Azərbaycan Dərnəklərinin rəhbəri Sinan Oğanın "OLAYLAR"-a müsahibəsi
-Sinan bəy, rəhbərlik etdiyiniz Türkiyə Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) zaman-zaman Azərbaycanla əlaqədar müxtəlif tədbirlər təşkil edir, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır. Yaxın zamanlarda belə bir tədbirlər nəzərdə tutulurmu?
-Düzdür, Türkiyə Strateji Araşdırmalar Mərkəzi mütəmadi olaraq Azərbaycanla əlaqədar tədbirlər təşkil edir. Ancaq mən siyasətlə məşğul olduqdan və millət vəkili seçidlikdən sonra bu tədbirlərin sayı bir qədər azaldı. Hazırda yeni bir məkana köçmək ərəfəsindəyik və həmin məkanda da ilk tədbirimiz Azərbaycanla bağlı olacaq. Həmin tədbir Ankarada keçiriləcək. Sözügedən tədbirin sentyabr ayında keçirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, İqdirda da zaman-zaman Azərbaycanla bağlı tədbirlər keçiririk. İqdırda baş tutan tədbirləri isə Türkiyə Azərbaycan Dərnəyi təşkil edir. Türkiyə-Azərbaycan Dərnəyinin İqdırla yanaşı Türkiyənin bir sıra şəhərlərində şöbələri fəaliyyət göstərir. Hazırda da Türkiyə-Azərbaycan Dərnəklərinin yeni şöbələrinin açılması istiqamətində işlər gedir. Onu da qeyd edim ki, dərnəklər məsələsi Türkiyədə çox müzakirələrə səbəb olan bir məsələdir. Əvəllər biz də federasiya şəklində fəaliyyət göstərirdik. Sonradan gördük ki, müəyyən problemlər meydana çıxır. Hazırda bir mərkəz və onun yerli şöbələri olaraq fəaliyyət göstəririk.
-Siz eyni zamanda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunda təmsil olunursunuz. Yaxın vaxtlarda dostluq qrupu səviyyəsində hansısa görüşlər nəzərdə tutulurmu?
-Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri olaraq Azərbaycana rəsmi səfərimizi həyata keçirdik. Səfər zamanı cənab prezident İlham Əliyev də bizi qəbul etdi. Hazırda növbə Azərbaycanındır. Biz dostluq qrupunun Azərbaycandan olan nümayəndə heyətini gözləyirik.
-Siz həm TÜRKSAM rəhbəri olarkən, həm də Türkiyə Böyük Millət Məclisinə seçildikdən sonra Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı bir kampaniya aparırdınız. Həmin kampaniyadan bir nəticə əldə etmək mümkün oldumu və hazırda bu istiqamətdə vəziyyət necədir?
-"Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı məsələni ilk dəfə 2004-cü ildə gündəmə gətirmişəm. Açığı, o zaman Türkiyədə heç kim bunun nə olduğunu bilmirdi. Ümumiyyətlə, biz "Metsamor" Atom Elektrik Stansiyasının nə olduğunu bilmirdik. Mən Türkiyənin İqdır vilayətindənəm. İqdırda səhər saatlarında yuxudan qalxıb Ermənistan tərəfinə baxdıqda oradan 3 böyük bacadan tüstü qalxdığını görürdük. O zaman zənn edirdik ki, həmin obyekt sement zavodudur. Ali təhsil aldıqdan sonra məlum oldu ki, həmin obyekt radiasiya yayan bir stansiyadır. Məhz ondan sonra biz bu istiqamətdə fəaliyyətə başladıq. Türkiyədə də hər kəs məhz bizim bu istiqamətdə fəaliyyətə başlamamızdan sonra məlumatlı oldu ki, Ermənistanda ətraf mühit üçün təhlükə yaradan stansiya var. O zaman bu istiqamətdə müxtəlif konfranslar keçirdik, televiziya proqramlarına çıxdıq və s. Ancaq hökumətə heç bir şəkildə bunu başa sala bilmədik. Türkiyə Böyük Millət Məclisinin üzvü seçildikdən sonra yenidən parlamentdə bu məsələni gündəmə gətirdim. Yalnız o zaman hökumət bunu anladı. Enerji və təbii qaynaqlar naziri Taner Yıldız buna reaksiya verdi və bildirdi ki, "Metsamor" Atom Elektirk Stansiyası ətraf mühit üçün təhlükəlidir, onun fəaliyyəti dayandırılmalıdır. Həmçinin nazir onu da qeyd etdi ki, hökumət olaraq üzərimizə düşən nə varsa onu da edəcəyik. Hesab edirəm ki, bu böyük bir uğurdur. Yəni bu təhlükədən heç kimin xəbəri olmadığı halda bu prosesin davam etməsi və hökumətin də ona dəstək verməsi müəyyən mənada nailiyyətdir. Türkiyə artıq "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı məsələdə müəyyən mövqeyə malik bir ölkə halına gəlib. Bu müəyyən mənada müsbət bir haldır.
-Bəs qonşu ölkələr bu prosesə dəstək verirmi?
-Azərbaycan onsuz da bu məsələdə fəaldır və "Metsamor" Atom Elektrik Stansiyasının fəliyyətinin dayandırılmasına böyük diqqət ayırıb. Həm siyasi mənada, həm də ətraf mühitin çirkləndirilməsi ilə bağlı məqama diqqət çəkilir. Gürcüstanın bir neçə televiziya kanalı da "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı reportajlar hazırladı və bizim mövqeyimizi öyrəndi.
-Necə hesab edirsiniz "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasına nail olmaq üçün yuxarıda qeyd etdiyiniz region ölkələri hansı addımları atmalıdır?
-Hesab edirəm ki, "Metsamor" Atom Elektirk Stansiyasının fəaliyyətinin dayandırılması istiqamətində güclərimizi səfərbər etməliyik. Azərbaycan, Gürcüstan və Türkiyə olaraq bu məsələni ortaq şəkildə gündəmə gətirsək və birgə Avropa Şurasına çıxsaq bu daha çox təsirli olar.
Süleyman İsmayılbəyli