“Ağ Ev regionda apardığı siyasətə görə Türkiyə ilə hesablaşmalı olduğunu etiraf edir”-MÜSAHİBƏ

Nəsir Ağayev: “Taksim hadisələri Türkiyənin parçalanması və nüfuzdan salınmasına xidmət edir”

Suriyada davam edən vətəndaş müharibəsi, rəsmi Bağdadla Şimali İraq Kürd Dövləti arasındakı siyasi gərginlik, Qərb və ABŞ-ın nüvə proqramına görə İrana təzyiqləri artırması, ABŞ-la Çin və Rusiya arasında başlayan "soyuq müharibə", Liviya, Qətər, Tunis, Misir və Livanda baş verən terror hadisələri, Şimali Koreya ilə Cənubi Koreyanın müharibəyə hazırlaşması, Hindistanla Pakistan arasında Kəşmir münaqişəsi, İsrail-Fələstin münasibətlərinin müharibə həddinədək inkişafı, Kremlin Azərbaycan və Gürcüstana təzyiqləri, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış fikirayrılığı, Afrikada qızışan vətəndaş müharibələri dünyanın siyasi və fiziki xəritəsində mürəkkəb mənzərə yaradıb. Son olaraq isə Türkiyənin İstanbul şəhərində hökumət əleyhinə başlanan nümayişlər problemlərin həllini çıxılmaz dalana dirəyir. Hər keçən gün vəziyyət bir az daha gərginləşir. Bu və  digər məsələlərə Bakı və Kəndlər Birliyinin sədri Nəsir Ağayev aydınlıq gətirdi:

- Regionda və dünyada baş verən siyasi hadisələrin qloballaşması müxtəlif siyasi qütbləri qarşı-qarşıya gətirir. Cərəyan edən hadisələrin fonunda dünyanın siyasi və fiziki xəritəsində qarışıq bir mənzərə yaranıb. Xüsusən də Yaxın Şərqdə ssenariləşdirilən siyasi oyunlara kənar müdaxilələrin artması dünyanı çətin vəziyyətə salıb. İyunun 1-dən Türkiyənin İstanbul şəhərində başlanan mitinqlər də imperialist güclərin "parçala, hökmranlıq et" siyasi iyerarxiyasına əsaslanır. Türk millətlərinin Türkiyə dövlətinə olan inamını azaltmaq və sarsıtmaq həmin siyasi qütblərin strateji maraqlarının ana xəttində dayanır. Müəyyən qüvvələrin arxasında dayandığı Taksim iğtişaşları bu mənada Türkiyə və bütün türk dünyasına baha başa gələ bilər. Tarixdən də məlumdur ki, həmişə imperialist güclər bir dövləti almaq istəyəndə ilk növbədə onun xalqını hakimiyyətə qarşı qaldırırdılar. Türklərin də Ərdoğan hökumətinin əleyhinə qaldırılması da həmin tarixi nümunəyə əsas tapır. Ərdoğanın Taksim meydanında həyata keçirmək istədiyi layihələr Türkiyə ilə bütün türk dünyasının ortaq mədəniyyətinin abidəsidir. Buna görə də xüsusən də Qərb güclərinin sadə vətəndaşların gücü ilə Ərdoğana qarşı gəlməsi adekvatdır. Qərb və İsrailin dünyaya sahib olmaq planın mərkəzində Türkiyəni parçalamaq və türk dünyasını zəiflətmək durur. Bu gün faktiki olaraq Ərdoğan hökumətinin istər Azərbaycan, istər Orta Asiya, istər Şimali Afrika, istərsə də Yaxın Şərqdə yürütdüyü siyasətin hegemonluğu özünü açıq şəkildə göstərir. Çünki, rəsmi Ankaranın beynəlxalq və Türkiyədə arenasında sərgilədiyi siyasət müdriklik və nümunəviliyə əsaslanır. Azərbaycan dövləti və onun ziyalıları buna görə də Türkiyədə baş verən son gərgin hadisələrdən olduqca narahatdır. Çünki, Azərbaycan üçün Türkiyənin rolu xüsusi əhəmiyyətə malikdir. Türkiyə müstəqilliyinin ilk ilində Azərbaycanı suveren dövlət kimi tanıyan ölkə olmaqla yanaşı, qardaş dövlət həm də Azərbaycan Respublikasının təhlükəsizliyinin qarantıdır. 

"İstanbulda Ərdoğana qarşı dayanan qüvvələri qızışdıran əsas dövlətlərdən birincisi Rusiyadır"

- Taksim iğtişaşlarından sonra Ön Asiya, Yaxın Şərq və Cənubi Qafqazda vəziyyət bir az da mürəkkəbləşdi. Payızda Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Kremlin ölkəmizə qarşı siyasi təzyiqləri artırması, digər tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun açıq fəaliyyətsizliyi və Sərkisyan hakimiyyətinin Azərbaycanı qıcıqlandıracaq mesajları, ABŞ və Qərbin iqtisadi sanksiyalarından sonra İranda yaranmış qarışıq vəziyyət, Suriyada Əsəd rejimi ilə müxalifətin siyasi mübarizəsinin qanlı müharibəyə çevrilməsi, gərgin İsrail-Fələstin münasibətlərinin həllsiz qalması, İraqda yaranmış anormal vəziyyətin etnik və məzhəblərarası müharibəyə çevrilməsi, Liviya, Qətər, Livan və Tunisdə baş verən siyasi proseslər, Suriya və İraqın parçalanması təhlükəsi dünyanı təhlükəli antropoloji kataklizmlərə sürükləyir. Son olaraq Taksim iğtişaşlarının da həmin proseslərə əlavə olunması gərginliyin təzyiqini bir az da yüksəltdi. İstanbulda başlayan etiraz aksiyaları dünyada qarışıq mənzərənin yaranmasında maraqlı olan hegemoniya siyasətinin əsas aktyorları tərəfindən həyata keçrilir. Tayyib Ərdoğanın İslam və türk siyasəti ilə bağlı tutduğu xətt dünyanın əsas siyasi qütblərinin diqqətini çoxdan cəlb edib. Hətta ABŞ hökumətinin Yaxın Şərq və Afrikada yürütdüyü strateji siyasətdə Türkiyəyə xüsusi önəm verməsi də Türkiyənin siyasət arenasındakı rolunu müəyyənləşdirən əsas faktorlardan biridir. Təbii ki, Ağ Ev bununla regionda apardığı siyasətə görə Türkiyə ilə hesablaşmalı olduğunu etiraf edir. Türkiyənin getdikcə dünyada söz sahibi olan qüvvəyə çevrilməsi ona qarşı olan dövlətləri hərəkətə gətirir. Qərb, İsrail, Rusiya və İran kimi dövlətlər Türkiyəni bu statusdan məhrum etmək üçün siyasətdə ən axırıncı vairant kimi qəbul edilən - xalqı müxtəlif yollarla hökumət əleyhinə qaldırmaq üsuluna əl atdılar. Xüsusən də son zamanlarda Türkiyənin Yaxın Şərqdə baş verən hadisələrdə artan nüfuzu həmin dövlətləri həyəcanlandırmağa başlayıb.
Türkiyənin dirçəlməsindən ən çox narahat olan dövlət Rusiyadır. Faktiki olaraq Rusiya Türkiyənin artan gücünü qəbul etmir. Kreml yaxşı başa düşür ki, güclü Türkiyə Rusiyanın İran və Suriya siyasətinin qarşısına keçə bilər. Bu amil isə Rusiyanın strateji və iqtisadi maraqlarını əks etdirmir. Rəsmi Moskvanın Türkiyə ilə bağlı mövqeyi özünü açıq şəkildə Taksim meydanında davam edən kütləvi aksiyalarda göstərir. İstanbulda Ərdoğana qarşı dayanan qüvvələri qızışdıran əsas dövlətlərdən birincisi Rusiyadır.

"Taksim aksiyaları Türkuyənin parçalanmasına xidmət edir"

- İstanbuldakı aksiyalarda Türkiyəyə qarşı təxribatla məşğul olan qüvvələrdən biri də İsrailin Kəşfiyyat İdarəsi "MOSSAD"dır. Fars lobbisi də Taksim iğtişaşlarında fəaliyyəti olan qütblərdən biri kimi tez-tez ifşa olunur. Taksim aksiyalarının ilk günlərində erməni və kürdlərin də Ərdoğanın əleyhinə çıxmaları bir daha Qərbin Yaxın Şərq planında Türkiyənin də yer almasını təsdiqlədi. Bütün bunlar bir daha onu göstərdi ki, Taksimdə başlayan aksiyalar heç də Ərdoğan hökumətinin İstanbulda gerçəkləşdirmək istədiyi layihələrə etiraz deyil. Sadalanan faktorlar sadəcə Ərdoğanı yıxaraq Türkiyəni parçalmaq istəyən qüvvələrin bəhanə kimi gətirdikləri planın əsas tərkib hissəsidir. Tayyib Ərdoğanın 10 ildən çox Türkiyəni stabil və demokratik şəkildə idarə etməsi sadəcə olaraq Qərb güclərini qıcıqlandırır. Hətta məndə olan məlumata görə Azərbaycanda olan bir sıra gənclər də İstanbula gedərək Taksim mitinqlərinə qoşularaq Ərdoğan əleyhinə çıxıblar. Bütün türk dünyasını parçalnmaqdan və böyük güclərin əlində məhv olmaqdan qurtaran adamı müdafiə etmək əvəzinə ona qarşı çıxmaq məntiqsizlikdir.
Türkiyənin bu günki varlığı və əmin-amanlığı digər dövlətlərdən çox Azərbaycan üçün daha əhəmiyyətlidir. Çünki, Azərbaycanın beynəlxalq səviyyədə təhlükəsizliyinin təmin olunması rəsmi Ankaranın tutduğu siyasi istiqamətdən çox asılıdır. Hətta İstanbulda gərgin vəziyyətin davam etməsinə baxmayaraq Türkiyə hökuməti yenə də Azərbaycanın maraqlarına uyğun bəyanatlar səsləndirir. Ərdoğan Türkiyə tarixində Azərbaycana qarşı ən isti münasibəti olan siyasi şəxsiyyətlərdən biridir.

"Kamal Kılıçdaroğlu Ərdoğanı Atatürkə qarşı qoyub hakimiyyətə gəlmək istəyir"

- Gəzinti parkında ağacların kəsilməsinə və Ərdoğan hakimiyyətinin milli layihələrinə anti-Atatürk siyasi donunun geyindirilməsi də mövcud hökumətə qarşı olan qısqanclıq refleksinin nəticəsidir. Bu gün Taksim meydanına yığılmış və müəyyən qüvvələrə çalışan insanlar Ərdoğanı Atatatürk irsinin aradan qaldırmaqda günahlandırırlar. Həmin məsələnin arxasında isə Türkiyə müxalifətində olan bəzi siyasi partiyaların hakimiyyəti ələ keçirmək niyyətləri dayanır. Konkret adlarla desək, daxildə Ərdoğana qarşı dayanan qüvvələrin başında Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu dayanır. Kürd Demokrat Partiyası da həmin qüvvələrə dəstək verənlərin arxasındadır. Kılıçdaroğlunun təkidi ilə məqsədyönlü şəkildə Ərdoğanı Atatürkə qarşı qoymaq heç bir məntiqə əsaslanmır. Faktiki olaraq Ərdoğan Atatürkdən sonra Türkiyə tarixində dövlətin milli maraqlarının qorunub saxlanılmasında ən böyük payı olan ikinci ən böyük şəxsiyyətidir. Baş nazirin hakimiyyətdə olduğu son 10 il ərzində Türkiyə özünün ən böyük iqtisadi inkişafını və stabil təhlükəsizliyini yaşayır. Kılıçdaroğlu türk xalqının ən zəif yeri Atatürk olduğundan ondan Ərdoğana qarşı siyasi alət kimi istifadə edir. Həqiqətdə isə Ərdoğan heç də Türkiyədə Atatürk ənənəsinin aradan qaldırılmasına xidmət etmir, nə də ki, maraqlı deyil. 

"Proseslər daxili və xarici qüvvələrin iradəsinə tabedir"

- Hər şeyə baxmayaraq Ərdoğan irimiqyaslı xalq mitinqlərini nəzərə aldı. Baş nazir geniş kütlə qarşısında çıxış edərək bildirdi ki, o xalqının bütün etirazlarını nəzərə alır və hökumətin həyata keçirmək istədiyi layihəni onun öhdəsinə buraxır. Ərdoğanın problemin yolunu referendum yolu ilə həll etməsi demokratiyadan danışan dövlətlər üçün ciddi bir mesajdır. Ərdoğan bir daha sübut etdi ki, Qərb, ABŞ, Rusiya, İsrail və İranın hələ Türkiyədən öyrənəcəkləri demokratiya dərsləri var. Bu mənada Türkiyə hökumətinin istər daxili, istərsə də xarici siyasət prioritetləri yüksək qiymətləndirilir. Lakin bütün bunlara baxmayaraq İstanbulda başlayan mitinqlər bu gün İzmir, Ankara, Bursa və digər şəhərlərdə "Taksimə dəstək" adı altında zəncirvari şəkildə davam etdirilir. Bütün bunlar onu göstərir ki, bu hadisələr mərkəzləşdirilmiş qaydada vahid rəhbərlik tərəfindən idarə olunur. Proseslər isə daxili və xarici qüvvələrin iradəsinə tabedir. Taksim hadisələrində müxalifətin ölkə hakimiyyətinə gəlmək hərisliyi də özünü göstərir. Bu ancaq türk dünyasını və Türkiyəni beynəlxalq arenada nüfuzunun aşağı salınmasına xidmət edir. İsrail, Qərb, Rusiya, ABŞ, İran və Rusiya ciddi şəkildə Türkiyənin nüfuzdan düşməsində maraqlıdırlar. Taksim meydanında baş verən hadisələrin fonunda açıq şəkildə Ərdoğanın yürütdüyü siyasətə qısqanclıq hiss olunur. Təsəvvür edin ki, Türkiyə tarixində heç bir hökumət başçısı ABŞ prezidentləri tərəfindən yüksək şəkildə qəbul edilməyib. Amma Vaşinqtonda Obama ilə görüşü zamanı Ərdoğan bu ilki reallaşdırdı. Demək ki, ABŞ geostrateji planlarında Türkiyəyə etibar etməsi və türk dövlətinin də milli maraqlarının nəzərə alması, ona göstərilən yüksək etimad həm xaricdə, həm də daxildə Ərdoğana qarşı qısqanclıq hisslərini coşdurub. Məhz bu coşqudur ki, özünü Taksim meydanında müxtəlif formalarda göstərir. Ərdoğan isə xalqın etirazlarını nəzərə alaraq referendumun keçirilməsinə razılıq verdi. Çox maraqlıdır ki, bundan sonra da etirazlar davam etdirildi. Çünki, istər beynəlxalq, istərsə də daxili səviyyədə anti-türk qüvvələr "demokratiya" adı ilə Türkiyənin Yaxın Şərqdəki türk siyasətinə ciddi şəkildə zərbə vurmağa çalışırlar. Bu amil yəqin ki, Vahid Türk Dünyası tərəfindən nəzərə alınaraq mövcud təhlüklər aradan qaldırılacaq. Biz buna inanırıq!

Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31