“Milli Şura daxilindəki problemlərin çözülməsi asan deyil”-MÜSAHİBƏ

Əli Oruclu: “Abbas Abbasov müxalifətin vahid namizədi olmaq iştahasına düşübmüş”

"Onun Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin etimadını qazanması ağlabatan deyil"

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi

-Əli bəy, Milli Şurada baş verən son prosesləri necə dəyərləndirirsiniz? Bir müddət əvvəl Rüstəm İbrahimbəyov siyasi ambisiyası olmadığını vurğuladığı halda, həmin qurumda təmsil olunan bəzi siyasilər, eləcə də Müsavat Partiyasının başqanı İsa Qəmbər onun namizədliyinin irəli sürülməsini məqbul hesab edirlər.

-Milli Şura daxilində namizədlik və idarəciliklə bağlı müəyyən fikir ayrılıqlarının qalması reallıqdır. Lakin bu problemlərin çözülməsi heç də asan görünmür. Doğrudur, Müsavat Partiyasının  başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyinin dəstəklənməsi ilə bağlı mətbuata fikirlər səsləndirsə də, həmin partiyanın daxilində kinodramaturqun vahid namizəd kimi qəbuluna qarşı çıxanlar da var. Bundan başqa Vətəndaş Həmrəyliyi Partiyasının Rüstəm İbrahimbəyovun deyil, başqa bir namizədi dəstəkləməsi də  daxili müzakirələrin şiddətini artırır. Yeri gəlmişkən onu da deyim ki, VHP-nin sonadək Milli Şurada qalacağına və Rüstəm İbrahimbəyovu bu qurumun vahid namizədi kimi dəstəkləyəcəyinə o qədər də inanmıram. Məncə VHP bir müddətdən sonra bir bəhanə gətirərək Milli Şuranı tərk edəcək. Bu mənim versiyamdır.

-Rüstəm İbrahimbəyovun seçkidə namizəd kimi iştiraka o qədər də maraq göstərməməsi Milli Şuranın üzvü olan AXCP və Müsavat Partiyası arasında vahid namizəd məsələsində növbəti gərginlik yaratmayacaqmı?

-Rüstəm İbrahimbəyovun taktikası mərhum prezident  Heydər Əliyevin taktikasını xatırladır. Əgər seçkidə iştiraka maraq göstərməsə müxalifətin prezidentliyə vahid namizədi kimi ölkəyə gəlməyını israr etməzdi. Yaxud da gələcək namizəd olaraq xarici turneyə çıxmazdı. Sadəcə onun bu fikirləri ola bilsin ya təvazökarlıq imicinin yaradılması, ya da gələcəkdə hansısa məsuliyyətlərdən özünü qabaqcadan sığortalamaq məqsədi daşıya bilər. Əgər Rüstəm İbrahombəyov geri çəkilsə o zaman Milli Şuranı parçalanmaqdan və dağılmaqdan heç kəs xilas edə bilməyəcək. Çünkü o zaman maraqlar toqquşacaq ki, bu da heç kəsə sərf eləmir.

-"Milyaderlər İttifaqı" Rüstəm İbrahimbəyova dəstək verməkdən imtina edib. Sizcə, bu mövqe dolayısıyla Rusiyanın mövqeyi deyilmi ki, artıq Kreml Azərbaycanın daxili işlərinə müdaxilədən yayınır?

-"Milyarderlər İttifaqı" heç əvvəlcədən də Rüstəm İbrahimbəyova dəstək verməmişdi. Bu qurum sırf Rusiyanın maraqlarının ifadəçisi kimi yaranıb. Rusiyanın da Azərbaycanda hakimiyyətin dəyişilməsi ilə bağlı bir istəyi yoxdur. Görünən budur. Rəsmi Moskva regiondakı indiki həssas məqamda Azərbaycanı qovalayaraq Qərbin və Birləşmiş Ştatların ağuşuna atmaz. Kreml sadəcə "Milyarderlər İttifaqı"nın simasında Azərbaycan hakimiyyətini küncə sıxışdırıb istədiklərini almaq istəyir. Bu qovğa əsasən Birləşmiş Ştatlar başda olmaqla Qərb dünyası ilə Rusiya arasında enerji resurslarının nəqli, iqtisadi və strateji təhlükəsizlik məsələləri üzərındədir. Bu qarşıdurmalarda Azərbaycan açar nöqtədir.

-Baş nazirin keçmiş müavini Abbas Abbasovun bu günlərdə verdiyi bəyanatda səsləndirdiyi fikirlər nə dərəcədə səmimidir? Rusiyadakı Azərbaycan diasporunun parçalanmasına rəvac verən birinin vətənpərvərlik və soydaşlarımızın birliyindən danışması bir qədər absurd deyilmi?

-Abbas Abbasov da bu hakimiyyətin şinelindən çıxıb və bu hakimiyyətin bütün məsuliyyətini və işlərini birgə bölüşürlər.
O, doğrudan da, Azərbaycanlıların taleyinə belə can yandıran idisə baş nazirin müavini işlədiyi dövrlərdə niyə  haqsızlığa qarşı səsini çıxarmırdı? Vəzifədən gedəndən sonra çoxları öz günahlarını etiraf etmək və xalqdan üzr istəmək əvəzinə min cürə bəhanə uydururaraq özlərini təmizə çıxarmaq istəyirlər. Abbas Abbasov Rusiyada təsis olunan qurumun rəhbəri kimi təbii ki, ilk növbədə həmin ölkəyə xidmət edir. Onun Azərbaycanda olsa-olsa ancaq iqtisadi maraqları ola bilər. Doğrudur, mətbuatın yazdığına görə bir ara o müxalifətin vahid namizədi olmaq iştahasına da düşübmüş. Abbas Abbasovun sabiq yüksək rütbəli məmur kimi hakimiyyət daxilində əlaqələri və  müəyyən tərəfdarları ola bilər. Lakin onun Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin etimadını qazanması ağlabatan deyil,. Xalq daha çox rasional düşünür. reallığı qəyərləndirməyi bacarır. Amma Abbas Abbasov Milli Şuraya, onun namizədinə dəstək verərsə bu hakimiyyət üçün arzuolunmaz situasiya yarada bilər. Onu da qəbul etmək lazımdır ki, Rusiyadaki Azərbaycan diasporunun parçalanması təkcə Abbas Abbasovun suçu deyil. Bu ilk növbədə millətimizin xarakterindən irəli gəlir. İkincisi isə diasporla işləməlı olan qurum öz vəzifəsinin öhdəsindən gələ bilmir. Dünyada yaşayan soydaşlarımızı tutduğu mövqeyindən və baxışlarından asılı olmayaraq Azərbaycan naminə birləşdirmək lazımdır. Əks halda min bir zəhmət və külli miqdarda vəsait hesabına yaradılan qurumlar qısa zaman kəsiyində daxili ixtilaflara məruz qalaraq dağılır, parçalanır, məhv olub gedir.

-Əli bəy, Azərbaycan Milli İstiqlal Partiyasının seçkilərlə bağlı mövqeyinin müəyyənləşdirilmsinə nə mane olur?

-Azərbaycan Milli İstiqlal Partiyası ölkənin aparıcı müxalif siyasi təşkilatlarından biri olaraq seçkilərdə iştirakı məsələsinə cəmiyyətin diqqət kəsməsi təbiidir. Çünki AMİP  cəmiyyətdə geniş dayaqlara və sabit elektorata malik, on minlərlə insanın güvənc yeri olan böyük siyasi təcrübə qazanmış mütəşəkkül bir partiyadır. Partiyanın ölkədaxili siyasi proseslərə təsiri də böyükdür. Məhz bu baxımdan AMİP-in prezident seçkilərində necə iştirak edəcəyi və atacağı addımlar prosesin istiqamətini, keyfiyyətini və sürətinı əsaslı şəkildə dəyişə bilər. Bu baxımdan da partiyanın bununla bağlı verəcəyi qərarları həm cəmiyyət, həm müxalif düşərgə, həm də iqtidar daxilində intizarla və maraqla gözləyirlər. Hesab edirəm ki, demokratik dəyişikliklərin və inkişafın yeganə yolunu seçkilərdə görən AMİP builki seçkilərdən kənarda qalmayacaq. Lakin seçkilərdə necə iştirak məsələsinə geniş daxili müzakirələrin və reallıqların təhlillərdən keçirilərək dəyərləndirilməsi, həmçinin, digər vacib məqamlar və şərtlər nəzərə alındıqdan sonra aydınlıq gətiriləcək və  kollegial şəkildə qərar veriləcək.
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31