“ADP-də Sərdar Cəlaloğlu tərəfdarları deyilən bir şey yoxdur”

Zakir Hüseynov: “Sərdar Cəlaloğlunun təklif etdiyi məsələlərin əksəriyyəti ümumi müzakirə nəticəsində qəbul edilmir”

"Hesab edirəm ki, bu demokratiyanın bir göstəricisidir"

Son günlər Azərbaycan Demokrat Partiyası daxili çəkişmələrlə yenidən gündəmə gəlib. Partiyanın Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin tutduğu postdan uzaqlaşdırılmasından sonra ADP Xəzər rayon təşkilatının sədri Novruz Əlixanov demokratlardan ayrılıb. Partiyada baş verən proseslərin səbəbi  barədə ADP-nin sədr müavini Zakir Hüseynov danışıb

-Zakir bəy, son vaxtlar Azərbaycan Demokrat Partiyasında baş vermiş istefalar nə ilə bağlıdır? Belə demək mümkündürmü ki, parçalanma dalğası yenidən ADP-yə çatıb?

-Son vaxtlar Azərbaycan Demokrat Partiyasının ətrafında gedən söz-söhbətlər şaiyədən başqa bir şey deyil. Əvvəla, Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının sədri Cəmil Hacıyev partiyadan istefa verməyib. Cəmil Hacıyevin yaş həddi 35-dən artıq olduğu və partiyanın qərarlarını müntəzəm olaraq yerinə yetirmədiyi üçün o, tutduğu vəzifədən uzaqlaşdırılıb. Partiyanın İdarə Heyətində Cəmil Hacıyevin məsələsi uzun müddət müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Ancaq Cəmil Hacıyev bu gün də Azərbaycan Demokrat Partiyasının üzvü kimi qalır. ADP-nin Xəzər rayon təşkilatının sədri Novruz Əlixanovun istefa verməsi barədə isə məndə hər hansı bir məlumat yoxdu. Ola bilər ki, Novruz Əlixanov və başqa birisi partiyanın qəbul etdiyi qərarlardan razı deyil. Ancaq bunu bütün demokratlara aid etmək olmaz. O ki qaldı Azərbaycan Demokrat Partiyasında parçalanma baş verməsi barədə fikirlərə, mən bununla razılaşmıram. Bir-iki nəfərin partiyadan getməsini həmin partiyanın parçalanması kimi dəyərləndirmək doğru olmazdı. Hər bir partiyada zaman-zaman bu kimi hadisələr baş verir.

-İddia olunur ki, ADP-də baş verənlər sırf Milli Şura ilə bağlıdır. Belə ki, partiyada əksəriyyətin Milli Şura tərəfdarı olduğu, lakin ADP sədri Sərdar Cəlaloğlu və onun yaxın ətrafının bu ideyaya qarşı çıxması son ziddiyətlərin meydana çıxmasına səbəb olub. Bu iddialar nə dərəcədə əsaslıdır?

-Milli Şuranın hansı mövqedən çıxış edəcəyi, Qərbin, yaxud Rusiyanın tərəfində olacağı barədə Azərbaycan Demokrat Partiyasında konkret məlumat, dəlil yoxdur. Ona görə də biz indiki məqamda Milli Şura məsələsinə bir qədər ehtiyatla yanaşırıq. Azərbaycan Demokrat Partiyasında şübhələr var ki, Milli Şura Rusiyanın buradakı maraqlarına xidmət edir. Əgər ölkədə gedən proseslərə təsir edə biləcək güc Rusiyanın dəstəyi ilə formalaşırsa, biz ADP olaraq qətiyyən bunu qəbul etmirik. Azərbaycan Demokrat Partiyası Rusiyanın əli ilə ölkədə həyata keçirilən istənilən siyasi dəyişikliklərin əleyhinədir. Ola bilər ki,  Azərbaycan Demokrat Partiyasında da müəyyən insanlar bizim  bu baxışlarımızı qəbul etmir və bunu normal qarşılayırıq. Ancaq unutmaq lazım deyil ki, 200 ildən artıq Azərbaycan dövləti və xalqını vəhşicəsinə istismar edən, Azərbaycan xalqını mənəvi soyqırıma məruz qoyan bir dövlətin maraqlarının Qafqaz regionunda təmin olunmasına çalışmaq Azərbaycan xalqına qarşı böyük bir xəyanətdir. Biz ADP olaraq bu xəyanətlə barışa bilmərik. O ki qaldı Azərbaycan Demokrat Partiyasında Milli Şura və Sərdar Cəlaloğlu tərəfdarlarının olmasına, bu da doğru yanaşma deyil.  Qətiyyətlə bildirmək istəyirəm ki, ADP-də Sərdar Cəlaloğlu tərəfdarları deyilən bir şey yoxdur.  Sadəcə ADP-də Qərb və Rusiyayönümlü adamlar var. Partiya sədri Sərdar Cəlaloğlu da bütün partiya üzvlərinin mövqeyinə hörmətlə yanaşır. Hələlik partiya daxilində bütün bu məsələlər ətrafında fikir mübadiləsi gedir. Yaxın günlərdə, Azərbaycan Demokrat Partiyası prezident seçkilərində hansı formada iştirak və ya kimin namizədliyini dəstəkləmək barədə qərarını açıqlayacaq.

-ADP-də baş verənlərin arxasında zaman-zaman Sərdar Cəlaloğlunu hədəf götürən yaxın müttəfiqləriniz ola bilərmi?

-Azərbaycan Demokrat Partiyası elə partiyalardan deyil ki, hansısa siyasi qüvvələrin ona ciddi təsiri olsun və partiya qərarlarını həmin təsirlərə əsasən qəbul etsin. Sadəcə, burada söhbət ondan gedir ki, bu gün müəyyən siyasi qüvvələr və onların liderləri öz şəxsi maraqlarını xalqın və dövlətin maraqlarından üstün tutaraq xarici qüvvələrin maraqlarına xidmət edirlər. Eyni zamanda bəziləri gündüz müxalifət, gecə isə iqtidar olub hakimiyyətlə siyasi alverə gedir. Təbii ki, Azərbaycan Demokrat Partiyası da hər zaman bu kimi mənfi hallara qarşı mübarizə aparıb. Bizim bu barışmaz mövqeyimiz isə həmin siyasi qüvvələri razı salmır və ADP-yə qarşı hücuma keçirlər. Ancaq onlar qəti şəkildə bilməlidirlər ki, Azərbaycan Demokrat Partiyası daxilində hansısa təxribatçı hərəkətlərlə ciddi problem yaratmaq mümkün deyil. Çünki digər əksər partiyalardan fərqli olaraq ADP-də hamının fikirlərinə hörmətlə yanaşılır. Hətta bir çox hallarda Sərdar Cəlaloğlunun təklif etdiyi məsələlərin əksəriyyəti ümumi müzakirə nəticəsində qəbul edilmir. Ancaq bu o demək deyil ki, ADP-də Sərdar Cəlaloğlu əleyhdarları var. Hesab edirəm ki, bu demokratiyanın bir göstəricisidir. Azərbaycan Demokrat Partiyasının ən düzgün, optimal mövqedən çıxış etdiyi yaxın günlərdə təsdiqini tapacaq.

Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31