“Aqrar sahəyə dövlət dəstəyi ən qabaqcıl inkişaf modellərinə əsaslanır” - MÜSAHİBƏ
Famil Nəsibov:”İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aqrar sahədə olan inkişaf ilbəil artacaq”
19 İyun 2013 15:44 Müsahibə"Prezident İlham Əliyev aqrar sahədə yeni inkişaf modelinin müəllifidir"
Müsahibimiz Azərbaycan Dövlət Aqrar Universitetinin "Yoluxmayan xəstəliklər" kafedrasının müdiri, biologiya elmləri doktoru, proffessor Famil Nəsibovdur
-Famil müəllim, son illər Azərbaycanda aqrar sahədə görülən işləri, aparılan islahatları necə dəyərləndirirsiniz?
- Azərbaycan müstəqqilliyinin ilk illərində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də durum heç də ürəkaçan deyildi. Ümumi daxili məhsul 70 faizdən çox aşağı düşmüşdü. Əhalinin ərzaq məhsullarına olan tələbatı çox az miqdarda ödənilirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aqrar sahənin mövcud problemləri ilə dərindən məşğul olmağa başladı. Aqrar sahəni bu böhranlı vəziyyətindən çıxması üçün bir sıra islahatlar həyata kecirdi. Bununla da, ölkəmizdə yaranan iqtisadi tənəzzülün qarşısı alındı və kənd təsərrüfatında tərəqqi, irəliləyiş əldə olundu. Bu prosesdə yeni təsərrüfatçılıq mexanizmi işə salındı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırıldı, köklü struktur dəyişiklikləri aparıldı, dövlət mülkiyyəti özəlləşdirildi, yeni mülkiyyət münasibətləri və çoxnövlü təsərrüfatçılıq formaları inkişaf etdirildi, sahibkarlığın inkişafı üçün hüquqi, iqtisadi, təşkilatı və texniki şərait yaradıldı, sahibkarlar arasında əsil rəqabət mühiti formalaşdırıldı. 1995-ci ilin fevral ayında "Aqrar islahatının əsasları" və "Sovxoz və kolxozların islahatı haqqında" qanunlar qəbul edildikdən sonra aqrar islahatın həyata keçirilməsi üçün sərait yarandı, 1996-cı ildə qəbul olunmuş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu kənddə azad sahibkarlığın yaranmasının əsasını təşkil etdi. 10 yanvar 1997-ci ildə Ulu Öndər "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Fərman imzaladı. Kənd təsərrüfatı məhsulları istehsalı iqtisadiyyatın ən mühüm və aparıcı sahəsi olaraq inkişafa qədəm qoydu. 1993-2003-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Respublikasında aqrar islahatlar və onların mühüm tərkib hissəsi olan torpaq islahatları aparılıb, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsulları istehsalı artırılıb, istehsalçıların maddi rifah halı yüksəldilib, istehsal şəraiti yaxşılaşdırılıb.
- Sizcə, hal-hazırda Azərbaycanın kənd təsərrüfatı sektorunda vəziyyət necədir?
-Dahi liderin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir. Aqrar sahəyə dövlətin dəstəyi ən qabaqcıl inkişaf modellərinə əsaslanmaqla bir neçə formada özünü göstərir.
Cənab Prezidentin 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə aqrar sahədə yeni inkişaf modelinin tətbiqi başlanıb. Həmin Fərmanın məntiqi davamı olan 11 fevral 2004-cü il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)" aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək üçün bu sahədə köklü dəyişikliklərin aparılması və kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi prioritet istiqamətlər kimi göstərilir. Bunun üçün dövlət proqramında aqrar emal müəssisələrinin fəaliyyətinin bərpa olunması, yeni istehsal müəssisələrinin və infrastrukturun yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionlarda texniki serviz mərkəzlərinin təşkili, toxumçuluq bazasının genişləndirilməsi və digər zəruri tədbirlər həyata keçirmək nəzərdə tutulur.
- Ölkənin kənd təsərrüfatı istehsalını maksimum artırmaq, ərzaq idxalına olan ehtiyacı azaltmaq istiqamətində nə kimi tədbirlərin görülməsi nəzərdə tutulur?
-Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş texniki və maliyyə dəstəyi davam edir. Hökumət kənd təsərrüfatı sektorunun inkişafı məqsədilə istər yerli fermerlərə, istərsə də bu sahəyə investisiya qoymaq istəyən xarici investorlara xüsusi güzəştlər tətbiq edir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfatına birbaşa yardımların və kəndlərdə infrastrukturun yaradılmasına investisyalar qoyulur. Xüsusiylə cənab Prezidentin 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı dövlət proqramı əhalinin ərzaq təhlükəsizliyinin təminatı cəhətdən xüsusi əhəmiyyət daşıyır. Dövlət proqramında xüsusi olaraq qeyd edilir ki, dövlət insanlarımızın ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı, 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min tona, süd və süd məhsulları istehsalı 2,4 milyon tona, sənaye üsulu ilə quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır.
Ölkədə tərəvəz və bostan məhsullarının istehsalı 1,72 milyon ton, kartof 1,12 milyon ton, meyvə 800 min ton olmalıdır.
Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğunduru əkinini isə 20 min hektara qədər artırmaq nəzərdə tutulur. Ümumilikdə yem bitkilərinin əkin sahələri 500 min hektar olmaqla qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq nəzərdə tutulur. Həyata keçirilən islahatların nəticəsidir ki, bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. İnanıram ki, cənab Prezidentin rəhbərliyi altında aqrar sahədə olan inkişaf ilbəil artacaq.
Aytən