“İnsan alverinin qurbanları aldanaraq insan alverçilərinin toruna düşür” - MÜSAHİBƏ
Ramiz Alıyev: “Maarifləndirici reklamların, filmlərin çəkilməsi istiqamətində işlərin aparılması vacibdir”
18 İyun 2013 15:34 MüsahibəBu gün Azərbaycan cəmiyyətində mövcud olan problemlərdən biri də insan alveri və onun doğurduğu fəsadlardır. Düzdür, dövlət və onun müvafiq strukturları, eləcə də bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qeyri-hökumət təşkilatları səviyyəsində sözügedən problemə qarşı mübarizə aparılsa da, hər bir ölkədə olduğu kimi Azərbaycanda da insan alveri problemini tamamilə aradan qaldırmaq hələlik mümkünsüz olaraq qalır. Bəs görəsən insan alveri, bu problemin genişlənməsinə rəvac verən amillər hansılardır və hansı vasitələrdən istifadə etməklə bu problemi minimum səviyyəyə endirmək olar. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev "OLAYLAR"-a verdiyi müsahibədə bu sahədə mövcud olan vəziyyət və problemdən çıxış yolları barədə danışıb.
-Ramiz müəllim, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı olaraq sözügedən problemin həlli istiqamətində hansı addımlar atır, tədbirlər həyata keçirirsiniz?
-İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı 2004-cü ildən dövlət qeydiyyatına alınıb. Yarandığı ilk gündən istər paytaxda, istərsə də regionlarda maarifləndirmə tədbirləri həayata keçirir, konfranslar təşkil edir, maarifləndirici çap məhsulları nəşr etdirir. Həmçinin beynəlxalq tədbirlərdə iştirak edir və s. Biz hər zaman özümüzü çox xoşbəxt insanlar sayırıq ki, atdığımız hər bir addımda dövlətimizi, vətənimiz, xalqımızı, Azərbaycan qanunvericiliyini düşünmüşük. Elə bir işlərdə adımız olmayıb ki, ordan dövlətçiliyimizə zərbə olsun. Təbii ki, hardasa nöqsanlar görmüşüksə, bunu aidiyyatı qurumlar qarşısında qaldırmışıq və həll olmasına da şahid olmuşuq. Hazırda da hər bir qeyri-hökumət təşkilatı kimi biz də qarşımıza qoyduğumuz istiqamət üzrə fəaliyyət göstərməkdəyik. Müntəzəm olaraq əhali arasında İnsan Alverinə Qarşı Mübarizə üzrə maarifləndirmə işləri aparırıq. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər Nazirliyinin müvafiq idarəsi, dövlətimizə və dövlətçiliyimizə zərbə vurmayan beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz, Biləsuvar və Yevlax rayonlarında "İnsan alverinə qarşı mübarizədə maarifçiliyin rolu" adlı layihə həyata keçiririk. Onu da qeyd etmək yerinə düşər ki, layihəmiz çox da uğurla davam edir. Bizim həyata keçirdiyimiz layihə yerli ictimaiyyətin marağına səbəb olub. Eyni zamanda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə birlikdə regionlarda təhsil ocaqlarında və s.. ictimai yerlərdə maarifləndirici tədbirlərdə iştirak edirik. Ümumiyyətlə bu cür layihələrin həyata keçirilməsinin çox böyük əhəmiyyəti vardır. Region əhalisinin informasiya qəbulu ilə paytaxtın əhalisinin informasiya qəbulu eyni ola bilməz. Buna görə də bu cür maarifləndirmə tədbirlərinin regionlarda həyata keçirilməsi daha məqsədəuyğundur.
-İnsan alveri ilə bağlı Azərbaycanda hansı problemləır var?
-İnsan Alveri ilə bağlı təkcə Azərbaycanda deyil, dünyanın hər bir yerində müəyyən problemlər olub və bu gün də var. Yəqin ki, yaxın bir neçə on illikdə də bu problem olacaq. Bu elə bir problemdir ki, bu problemdən qaçmaq olmur. Neçə əsrlərdir ki, bu cinayətkarlıqla mübarəizələr gedir, ancaq tam olaraq heç bir yerdə bu problem aradan qalxmayıb. Bunun üçün gərək cəmiyyət tam olaraq bu problemlə bağlı maariflənmiş olsun. Bu mübarizə yalnız hüquq muhafizə orqanlarının apardığı mübarizə ilə kifayətlənmir. Gərək cəmiyyətin hər bir üzvü bu mubarizədə aktiv iştirak etsin. Təbii ki, hərə öz fəaliyyət və səlahiyyəti çərçivəsində. Ölkəmizdə İnsan Alveri cinayətkarlığına qarşı mübarizə sahəsində dövlət əlindən gələni edir. DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi apardığı uğurlu fəaliyyəti ilə ildən ilə daha da müsbət nəticələr əldə edir. Bu sahdə fəaliyyət göstərən QHT-lər uğurlu maarifləndirmə tədbirləri həyata keçirirlər. Xüsusən də bu tədbirlər regionlarda olur ki, bu da region əhalisinin böyük əksəriyyətinin İnsan Alveri cinayətkarlığı haqqında məlumatlı olmasına gətirib çıxardır. Bütün bunlar hamısı sistemli olaraq Azərbaycan dövlətinə, xalqına, vətənimizə olan xidmətdir. Hər kəs cəmiyyətdə tutduğu vəzifəyə və səlahiyyətə uyğun olaraq öz fəaliyyəti ilə insan alverinə qarşı mübarizə aparmalıdı. Onu da qeyd edim ki, bu yaxınlarda Cinayət Məcəlləsində İnsan Alveri ilə bağlı müddəallarda bəzi dəyişikliklər oldu. Belə ki, insan alveri ilə məşğul olan cinayətkarla bağlı cərimələr və cəzalar daha da sərtləşdi. Mənə elə gəlir bu addımlar vaxtında və yerində verilmiş bir qərardır. Ümid edirik ki, bu dəyişiklik öz müsbət nəticəsini verəcək.
-Bəs problemdən çıxış yolları nədir?
-Çıxış yolu ancaq birlikdə mübarizə aparmaq, dövlətə və aidiyyatı qurumlara bu sahədə öz fəaliyyət istiqaməti üzrə dəstək göstərməkdir. Ən əsas da insanların insan alveri haqqında məlumatlı olmasıdır. Əgər insanların bu cinayətkarlıqla bağlı lazımi məlumatlı olsa, onda insan alverçiləri heç kimi öz toruna sala bilməyəcək. Çünki insan alverinin qurbanları aldanaraq insan alverçilərinin toruna düşür. Buna görə də maarifləndirmə tədbirlərini daha da artırmaq lazımıdır. Maarifləndirici reklamların, filmlərin çəkilməsi istiqamətində işlərin aparılması mütləqdir və vacibdir
Süleyman İsmayılbəyli