“Ölkəmiz, dövlətimiz, dövlətçiliyimiz üçün daha əhəmiyyətli işlər edə bilərik”-MÜSAHİBƏ-ÖZƏL

Tural Əfəndi: "Türkiyə ilə qarşılıqlı əlaqələrimiz nə qədər səmimi və möhkəm olarsa, dövlətimizə də bir o qədər daha faydalı olacaqdır"

Azərbaycanla qardaş Türkiyə arasında bağların, əlaqələrin daha da inkişaf etdirilməsi, dərinlışdirilməsi istiqamətində hər iki ölkədə fəaliyyət göstərən rəsmi və qeyri-rəsmi qurumlar, qeyri-hökumət təşkilatları, eləcə də gənclər birlikləri durmadan çalışır, zaman-zaman qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş layihələr həyata keçirirlər.  Bu istiqamətdə uğurla fəaliyyət göstərən qurumlardan biri də Türkiyə Universitetləri Məzunları İctimai Birliyidir (TUMİB). Onu da qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl TUMİB rəhbərliyində baş verən dəyişiklikdən sonra İctimai Birliyinin fəaliyyəti daha da aktiv fazaya qədəm qoyub. Biz də fürsətdən istifadə edib həm TUMİB-in yeni rəhbərliyi ilə tanış olmaq, həm də qurumun yaxın vaxtlarda həyata keçirəcəyi layihələr, qarşıya qoyulan yeni-yeni planlarla bağlı İctimai Birliyin sədri Tural Əfəndi ilə söhbətləşdik.

-Tural  bəy, artıq bir xeyli müddətdir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinə (TUMİB) rəhbərlik edirsiniz. Bu müddət ərzində TUMİB-in həyatında, fəaliyyətində hansı müsbət dəyişikliklər, keyfiyyətlərə nail olmusunuz?

-Bizim TUMİB-in İdarə Heyəti rəhbərliyinə seçildiyimiz gündən təxminən 9 ay keçməkdədir. 9 ay baxılan aspektən asılı olaraq həm çox qısa zamandır, həm də normal zamandır. Təbii ki 1 il tamam olduğunda gördüyümüz və görəcəyimiz işlər daha açıq, daha əhatəli şəkildə öz əksini tapacaqdır. Məlum COVİD-19 pandemiyasının bütün müəssisələrdə olduğu kimi neqativ təsiri bizdən də yan keçməməkdədir. Əlbəttə pandemiya olmasaydı biz də daha geniş işlər ortaya qoymağı planlaşdırar, daha böyük göstəriciləri ortaya qoyardıq. Buna baxmayaraq biz bu 9 ayda planladığımız bütün işləri icra eləmişik. Əsas vizyonlarımızdan ilk 3-nü qısaca söylərsək, məzunlarımızın Azərbaycana inteqrasiyası, məzunlararası networkun yaradılması və Azərbaycan-Türkiyə münasibətlərində təsirli diaspora fəaliyyətini həyata keçirmək olduğunu söyləyə bilərik. Sadaladığımız hər 3 məsələdə ciddi irəliləyiş əldə etmişik. Gördüyümüz işlərdən bəzilərini sadalayarsaq; Malazgird zəfərinin 950-ci il dönümü ilə bağlı AMEA Tarix institunda və Azərbaycan Tarix Muzeyində keçirdiyimiz silsilə konfranslar, dövlət əhəmiyyətli günlərlə bağlı tədbirlərimiz, qardaş Türkiyənin Antalya şəhərinin Manavgat rayonundakı yanğınlarla bağlı yardım kampaniyasının təşkili, məzunların hər ayın son bazar günü davamlı olaraq səhər yeməyi proqramına başlanması, məzunlara bir çox müəssisələrin imkanlarından  endirimlərin tətbiqinə nail olmaq və.s. göstərə bilərik.

-Hər bir təşkilatın, qurumun yeni il üçün iş, fəaliyyət planı olur. Bilmək olarmı TUMİB-in 2022-ci illə bağlı fəaliyyət planında əsas nələr, hansı istiqamətdə fəaliyyətlər özünü ehtiva edir?

-Fəaliyyət planını biz həm 1 illik, həm rüblük, həm də aylar üzrə öncədən müəyyənləşdiririk. Əgər fəaliyyət planımız olmasaydı, biz görülən işlərdən heç bir müsbət nəticə əldə edə bilməzdik. İdarə Heyəti olaraq 3 ayda bir görülən işləri dəyərləndirir, görüləcək işləri müzakirə edirik. 2022-ci ildə planlaşdırılan dövlət əhəmiyyətli tədbirlərdən başqa ( xüsusi günlərin qeyd edilməsi, tədbirlərin keçirilməsi), sırf TUMİB üçün əhəmiyyətli tədbirlər və layihələr də həyata keçiriləcək. Bilirsiniz ki TUMİB sadəcə paytaxt Bakı şəhərində təmsil olunurdu. Bizim idarə heyəti rəhbərliyində Azərbaycanın digər şəhər və rayonlarındakı məzunlarımızı təmsil etmək üçün regional bölgə nümayəndilikləri və qardaş Türkiyə Respublikasının bir neçə böyük şəhərində nümayəndəliyin qurulmasını nəzərdə tutmuşuq. 2021-ci ildə qərb bölgəsini əhatə edən Gəncə nümayəndəliyi və şimal-qərb bölgəsini əhatə edən Şəki nümayəndiliyinin təməlləri atıldı, yerli komanda təsis edildi. 2022-ci ildə Azərbaycanda daha 7 regional nümayəndilik təsis ediləcəkdir. Eyni zamanda qardaş Türkiyə Respublikasının Ankara, İstanbul və İzmir şəhərlərində də nümayənliklərin qurulmasının bu ilin sonuna qədər icrasını planlamışıq.

Biz eyni zamanda bütün prioritet ixtisaslar üzrə məzunları bir araya cəmləyən alt platformalar təsis edəcəyimizi ən başda söz vermişdik. Bu gün sözümüzü yerinə yetirərək ilk platformamız olan İş Dünyası platformunun təməllərini atmışıq. Bunun ardından isə elm işçilərinin, səhiyyə işçilərinin, hüquqşunasların, mühəndislərin və başqa peşə sahibi məzunlarımızın platformalarını təsis edərək bir arada toplanmalarına nail olacağıq.

-Belə demək mümkündürmü ki, Türkiyə universitetləri məzunları ilə iş yeni bir mərhələyə qədəm qoyub?

-2003-cü ildən rəsmi dövlət qeydiyyatından keçmiş TUMİB-in bu günə qədər çox sayıda məzunu idarə heyətində təmsil olunmuş, inkişafı üçün əllərindən gələn imkanları əsirgəməmişdilər. Odur ki biz hər şeyə sıfırdan başlamır, var olan bir sistemə yeniliklər gətirərək təməlləri möhkəmləndiriririk.  Yeri gəlmişkən TUMİB-in ortaya çıxdığı gündən bu günə qədər başda təsisçilər və idarə heyəti üzvləri olmaqla TUMİB-in inkişafı üçün əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.

Biz başladığımız bu yenilikçi istiqamətdə əvvəlki idarə heyətindən fərqli olan müəyyən işlər ortaya qoyuruq, daha bir çox işləri də planlaşdırmışıq. Əlbəttə bu bir dialektik inkişafdır. Yeni heyət baxılan məsələlərə yeni baxış bucağı ilə baxmaqda, görülən işlərə yeni nəfəs verməkdə, yeni metodlar ortaya qoymaqda, işlərin yeni icra olunma mexanizmini hazırlmaqdadır.  Bu baxımdan  bir daha xatırladım ki, əvvəlki idarə heyətlərinin əməyini yüksək qiymətləndirməklə bərabər, əlbəttə hazırki idarə heyətinin fəaliyyətinin fərqləndiyini biz özümüzdə görürük və ətrafdan da aydın bir şəkildə seçilir.

-Etiraf edək ki, gənclərin, məzunların üzləşdiyi əsas problemlərdən biri də ali təhsildən sonra qarşılaşdıqları işsizlik problemidir. Bəs, Türkiyə məzunları necə, belə problemlə üzləşirlərmi və TUMİB Türkiyə məzunlarının müvafiq, öz ixtisaslarına uyğun işlə təmin olunmaları istiqamətində hansı fəaliyyətlərdədir?

-Bütövlükdə gənclərin iş ilə təmin edilməsi dövlətin aidiyyatı qurumlarının  səlahiyyətindədir.  Bu gün işsizlik probleminin aradan qaldırılması üçün Dövlət Məşğulluq Agentliyi rəhbərliyinin ortaya ciddi, şəffaf proyektlər qoyduğuna şahid olur, fəaliyyətlərini alqışlayırıq. Yeri gəlmişkən Dövlət Məşğulluq Agentliyinin vizyonist , islahatçı sədri elmlər doktoru Mustafa Abbasbəylinin də bir Türkiyə məzunu olması bizə ayrıca fərəh hissi yaşadır.

Biz də bir qeyri hökümət təşkilatı olaraq imkanlarımız daxilində məsələyə biganə qalmaq istəmirik. Çünki işsizlərin içində əlbəttə ki, Türkiyə məzunları da yer almaqdadır. İlkin olaraq bir çox müəssisədə kadr ehtiyacı yarandığı zaman işsiz olan məzunlarımızı yönəldirdiksə, hazırda böyük müəsisələrlə sözlü razılaşmaya gəlmişik və yaxında məzunların staj və iş imkanları ilə təmin edilməsi üçün qarşılıqlı müqavilələr imzalanacaqdır. Hazırda hüquqşunaslarımız bu müqavilələr üzərində çalışırlar.

-Müntəzəm olaraq qardaş ölkəyə səfər edərək orada dövlət rəsmiləri ilə görüşlər keçirirsiniz. Həmin görüşlərin əsas mahiyyəti nədən ibarətdir və Türkiyənin hər hansı dövlət qurumu ilə TUMİB-in birgə layihələrinin reallaşması mümkündürmü?

-Mən bu barədə biraz geniş izah vermək istərdim. Hər kəsə məlumdur ki, SSRİ dövründə Azərbaycan Türkiyə arasında SSRİ-nin özünəməxsus əməkdaşlığı istisna olmaqla heç bir əməkdaşlıqdan söhbət gedə bilməzdi. Təşkilatların, insanların əməkdaşlıq etməsi qeyri-mümkün idi. Bu gün çox şükür edirik ki, uzun müddət böyüklərimizin, yaşlılarımızın arzuladıqları bu əməkdaşlığı bu gün biz həyata keçirməkdə, yaşamaqdayıq. Türkiyə səfərimizdəki rəsmi görüşlərdə əsas vizyonlarımızdan biri olan Azərbaycan -Türkiyə münasibətlərində güclü diaspora fəaliyyətində aktiv olmaq prinsipimizi rəhbər tutur, qarşılıqlı layihələrin icra olunması ilə bağlı müzakirələr aparırıq. Eyni zamanda iki ölkə gəncləri arasında (xüsusən Türkiyə məzunlarının) əməkdaşlığın artırılması barədə danışılır, çünki dərk edirik ki, qarşılıqlı əlaqələrimiz nə qədər səmimi və möhkəm olarsa, dövlətimizə də bir o qədər daha faydalı olacaqdır. Təbii ki, onlar da bunu eyni aspektdən çox yaxşı qiymətləndirir və çalışırıq ki, bu yaxınlaşmaları daha da sürətləndirək. Türkiyənin YTB, TİKA, Gənclər Fondu, Gənclik və İdman Nazirliyi ilə qarşılıqlı layihələrimizin reallaşacağına inanırıq.

-Bəs, TUMİB-in Azərbaycanla bağlı, belə demək mümkünsə daxili auditoriya üçün planları nədən ibarətdir. Məsələn "Şuşa İli"ndə türkiyəli məzunların Şuşaya səfəri, yaxud digər tədbirlər nəzərdə tutulurmu?

-Bizim birinci planımız, birinci niyyətimiz, birinci məqsədimiz, birinci fəalliyyətimiz Azərbaycanın daxili üçün nəzərdə tutulub, ölkəmiz üçün fəaliyyət göstəririk. Təbii ki, biz qurum şəklində birləşib böyüdükcə ölkəmiz, dövlətimiz, dövlətçiliyimiz üçün daha əhəmiyyətli işlər edə bilərik və edəcəyimizə də inanıram. İşğal dövründə işğal olunmuş bütün şəhərlərdə olduğu kimi Şuşadakı erməni vandalizmi barədə də xarici təşkilatlara çox sayda məlumatlar çatdırmışıq. Bu ilin mart ayının sonunda Türkiyənin bir neçə universitetində "Azərbaycana Təzyiqlər Türkiyə İctimaiyyətinin Diqqətində" layihəsini həyata keçirərək, Türkiyə vətəndaşlarına və üçüncü ölkədən olan tələbələrə, eləcə də müxtəlif media qurumları vasitəsi ilə Türkiyə ictimaiyyətinə həqiqətləri çatdırmış olacağıq.

Şuşaya məzunlarımız ilə birgə səfər etmək bir müddətdir ki, gündəmimizdədir. Hava şəraitini nəzərə alaraq, məzunların da çoxunun xahişi ilə səfərimizin nisbətən yaz fəslinin sonuna doğru təxirə salınmasını uyğun bildik. Şuşa səfərimiz məzunlar arasında müsbət mənada böyük izdiham yaradacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31