Milli Şuranın uğuruna inanmırıq - MÜSAHİBƏ

Mütəllim Rəhimli: “Orada təmsil olunan partiyaların bir qisminin fəaliyyəti ənənəvi olaraq siyasi alverlə sonuclanacaq”

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti prezident seçkiləri ilə bağlı mövqeyini müəyyənləşdirsə də, hələlik gözləmə mövqeyində dayanan partiyalar da yox deyil. Belə partiyalardan biri də Ədalət Partiyasıdır. Partiyanın sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi partiyanın prezident seçkiləri ilə bağlı mövqeyinin müəyyənləşdirilməsinin səbəbi, Ədalət Partiyasının Milli Şuraya olan münasibəti, eləcə də seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşüb.

-Mütəllim bəy, hazırda Azərbaycan müxalifətinin seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz? 

- Hazırda seçkilərlə bağlı bir passivlik müşahidə edirəm. Hakim Yeni Azərbaycan Partiyasının öz namizədini elan etməsi, müxalifətin müəyyən bir qismini birləşdirən Milli Şuranın təsis edilməsi də cəmiyyətdə seçki əhval-ruhiyyəsi yarada bilmədi. Müxalifətin digər qismi isə hələlik ciddi inteqrativ addımlar atmayıb. Baxmayaraq ki, onlar birləşsə Milli Şuradan daha güclü və ümidverici qüvvəyə çevrilə bilərlər. Hələlik isə müxalifət düşərgəsinin ən böyük birliyi olan Milli Şura daha çox tənqidlərə məruz qalır. Bunun da əsas səbəbi qurumun daxilində prezidentliyə namizədliyini vermək istəyən şəxslərin öz iddialarından geri çəkilmək istəməmələri səbəbindən müxtəlif oyunlar oynamalarıdır. Əgər yaxın bir ay ərzində seçki məsələsini günün əsas mövzusuna çevirmək mümkün olmayacaqsa, o zaman əhalini seçkilərdə aktiv iştiraka cəlb etmək üçün vaxt çatmayacaq.

-Ədalət Partiyasının da təmsil olunduğu "Vətən" bloku seçkilərdə vahid namizədlə iştirak etməyi düşünürmü?

-"Vətən" blokunun yaradılması təkcə prezident seçkiləri üçün hesablanmayıb. Amma seçkilərdə də vahid platforma və namizədlə iştirak edə bilər. Hələlik bu məsələlər müzakirə olunmayıb. Yaşıllar Partiyasının sədri Mayis Güləliyev seçkilərdə Ədalət Partiyası sədrini müdafiə edəcəyi barədə kütləvi informasiya vasitələrində açıqlama verib. Sağ olsun. Biz də öz mövqeyimizi avqustun 18-də keçiriləcək qurultayda müəyyənləşdirəcəyik. Düşünürəm ki, partiyanın sədri İlyas İsmayılov prezidentliyə namizədliyini verməlidir. Secki kampaniyasının imkanlarından istifadə edib xalqımıza bir çox gerçəkliklərlə bağlı baxışlarımızı çatdıraraq seçki marafonundan çıxmalıyıq.

-Ümumilikdə, Azərbaycan müxalifəti bu seçkilərdən nə gözləyir və sizcə əvvəlki illərdəki uğursuzluqlar yenə təkrarlanacaqmı? 

- Azərbaycanda dəyişikliklər prosesinə start verilməsi ictimai tələbdir. Bu ya seçkilər yolu ilə olmalı, ya da hakimiyyət islahatlara getməlidir. Əks halda kənar qüvvələrin təsiri və daxili narazılıqlar nəticəsində respublikamızda idarəolunmaz situasiya yarana bilər. Mövcud vəziyyətdən çıxış edərək, seçkilərdə müxalifətin uğur qazanacağını arzulasam da, buna az inanıram. Lakin hələ seçkilərə xeyli vaxt qaldığından yeni və daha mütərəqqi addımlar atmaq olar ki, bu Azərbaycanı daha da irəliyə aparsın.

-Milli Şura ilə bağlı Ədalət Partiyası və şəxsin sizin mövqeyiniz nədən ibarətdir?

-Biz dəfələrlə bildirmişik ki, Milli Şurada iştirak etmək niyyətimiz yoxdur. Çünki əvvəla təmsil olunduğumuz "Vətən" bloku var və biz ümidliyik ki, imkanımız daxilində, bu blok çərçivəsində uğurlu fəaliyyət göstərəcəyik. Digər tərəfdən, bizim Milli Şurada təmsil olunan bəzi partiyalarla cox ciddi fikir ayrılığımız var. Onlar Avroatlantik məkanına inteqrasiya tərəfdarıdırlar. Amma nədənsə " "unudurlar" ki, nə Amerika, nə İngiltərə, nə də Fransa Azərbaycanın ərazi bütövlüyünü rəsmən BMT-də səsvermə zamanı tanımayıb. İşğalçı erməni terrorçularını hərtərəfli dəstəkləyiblər. Başqa məmləkətləri uydurma ittihamlarla öz maraqları naminə darmadağın etdikləri halda terrorçularla yumşaq davranırlar, ərazi bütövlüyümüzü bərpa etməyə ciddi maneçilik törədirlər. Biz isə, xarici siyasətdə balansın tutulmasının tərəfdarıyıq, məmləkətimizin başqa dövlətlərin siyasətinin daşıyıcısı olmağının əleyhinəyik. Həmçinin qonşu dövlətlərə qarşılıqlı hörmətə, faydaya əsaslanmış münasibətlərin tərəfdarıyıq. Azərbaycana Türkiyədən savayı beynəlxalq aləmdə səmimi tərəfdaş olmadığını bəyan edirik. Biz işğal olunmuş torpaqlarımızın bütün üslublarla qaytarılmasının tərəfdarıyıq. Onlar isə  Qərbin təlimatlarını yerinə yetirərək "danışıqlar" tərəfdarlarıdır.
Xüsusi vurğulamaq istəyirəm ki, biz Milli Şuranın uğuruna inanmırıq. Heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, sıravi fədakarların, əhalinin ümidlərini qırmaq fikrindən uzağam. Sadəcə Milli Şurada təmsil olunan insanlardan bir qismi bəzi  korrupsioner məmurlar tərəfindən dəstəklənirlər. Digər  bir qisim isə Qərbin himayəsindədir. Bu günlərdə Rusiyanın ORT telekanalında Rüstəm İbrahimbəyov xatirələrini bölüşərək, mərhum rus sənətçisi Abdulovla donuz əti yediyini dedi. Siz donuz əti yeyəndən şəhidlik gözləyirsiniz? Milli Şurada təmsil olunan partiyaların bir qisminin fəaliyyəti ənənəvi olaraq siyasi alverlə, seçkilərə demokratik fon yaratmaqla, mənasız bəyanatlarla, fədakarların məhrumiyyətləri ilə sonuclanacaq.
 

-Sizcə xaricdəki bəzi maraqlı dairələr, konkret olaraq regionda marağı olan dövlətlər seçki ərəfəsində Azərbaycanda hansısa gərginlik yaratmağa cəhd edəcəklərmi?

-Qərb müsəlman Azərbaycanda demokratik proseslərin inkişafında maraqlı deyil. Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, Oman, Birləşmiş Ərəb Əmirliklərində demokratiya axtarışına çıxmadığı halda Qərb qardaş Türkiyədə, İranda, Rusiyada "demokratiya" axtarışına çıxıb. Çünki ərəbləri talayırlar. Mənə maraqlıdır, bizdə ABŞ, İngiltərə səfirliklərinin qapılarını az qala dabanından çıxaran psevdomüxalifət, qrantlar naminə Qərbin xidmətçilərinə çevrilənlər indi hansı üzlə "qərb dəyərlərindən" danışacaqlar? Mən əksəriyyətdən fərqli olaraq düşünürəm ki, Azərbaycanın inkişafının qarşısını alan əsas qüvvə Rusiya yox, ABŞ və Qərbdir. Qarabağ problemi də məhz onların maraqlarının nəticəsi olaraq həll olunmur. Azərbaycanda qanunların aliliyi gözlənsə daxili proseslərə heç bir yad qüvvənin müdaxiləsi mümkün olmaz. Ona görə də, Ədalət Partiyasının mövqeyi sadədir. Qanun nə qədər pis olsa da ona riayət olunmalıdır. Bizdən ötrü əsas kimin neçə dəfə seçilməsi deyil, seçkilərin demokratik keçirilməsidir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31