“Milli Şura bu cür davam edə bilməyəcək” - MÜSAHİBƏ
Niyaməddin Orduxanlı: “Rüstəm İbrahimbəyov bəyanat verəcək ki, İlham Əliyevin prezident seçilməsi zamanı göz yaşlarını saxlaya bilmədi”
12 İyun 2013 15:52 Müsahibə"Neçə ki, bu bəyanatı zamanında vermişdi"
Yaranmasından cəmi bir ay keçməsinə baxmayaraq Milli Şuranın dağılacağı barədə fikirlər yayılmağa başlayıb. Maraqlıdır ki, Milli Şuranın dağılacağı ehtimalı ilə təkcə həmin quruma qarşı əks mövqedə olanlar deyil, eyni zamanda orada təmsil olunan partiyalar da çıxış edirlər. Bir neçə gün əvvəl Müsavat Partiyasının Milli Şuradan çıxacağı barədə yayılan xəbərlər belə deməyə əsas verir. Bəs görəsən Milli Şuranın qısa müddətdə dağılmasına səbəb olan amillər hansılardır? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyir ki, buna səbəb adıçəkilən qurumda təmsil olunan partiyaların qeyri-səmimi mövqeyi və bir-birilərinə güzəştə getməməsidir. BAXCP rəsmisi seçki öncəsi bəzi müxalifət partiyaların nümayiş etdirdiyi mövqe və onların siyasi proseslərə təsir imkanları barədə də danışıb. O, Milli Şurada təmsil olunan müxalifətin prezident seçkilərində hansısa uğur qazanacağına inanmadığını deyib.
-Niyaməddin bəy, yaranmasından qısa müddət keçməsinə baxmayaraq Milli Şurada baş verən ciddi ziddiyyətlər nədən irəli gəlir?
-Hesab edirəm ki, Milli Şura bu cür davam edə bilməyəcək və həmin qurum qısa müddətdə dağılacaq. Artıq Milli Şurada təmsil olunan partiya sədrləri tərəfindən mətbuatda açıqlama verilir ki, Musavat Partiyası şuradan çıxa bilər. Orada təmsil olunan partiyalar xüsusilə vahid namizəd məsələsində vahid mövqeyə gələ bilməyəcəklər. Bu birmənalıdır. Bu da nəticə etibarilə Milli Şuranın dağılmasını qaçılmaz edəcək.
- Milli Şuranın dağılma prosesinə, onun sürətlənməsinə orada təmsil olunan partiyaların maraqları da təsir edə bilərmi?
-Milli Şuranın yaranmasında hər bir partiyanın öz maraqları var idi. Mən heç vaxt inanmaram ki, Milli Azadlıq Hərəkatının lideri olmuş Əbülfəz Elçibəyin vahid namizədliyinə razılıq verməyən Musavat Partiyasının başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyova və ya digər şəxsə güzəşt etsin. Bunu gözləyənlər yanılır. Bu olmayacaq. O bilir ki, bu addımı atsa deməli, İsa Qəmbər siyasətdən birdəfəlik getmiş olar. Onu da qeyd edim ki, İsa Qəmbərin bu addımının atmasını Rüstəm İbrahimbəyovdan çox Əli Kərimli istəyir. Əli Kərimli istəyir ki, İsa Qəmbər Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına razılıq versin və bununla da onun siyasi fəaliyyəti tarixin arxivinə keçsin. Özləri də bilirlər ki, bu qüvvələrin prezident seçkilərində qalib gəlmək imkanları yoxdur. Əli Kərimli özünü İsa Qəmbərdən sonrakı dövrə hazırlayır. Yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyov siyasət adamı deyil. Bu adamı Rusiya Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün danışdırır. Sabah Rusiya ilə Azərbaycan hakimiyyəti arasında anlaşma olsa, o zaman Rüstəm İbrahimbəyov bəyanat verəcək ki, İlham Əliyevin prezident seçilməsi zamanı göz yaşlarını saxlaya bilmədi. Neçə ki, bu bəyanatı zamanında, İlham Əliyev prezident seçiləndən sonra vermişdi. Şəxsən mən inanıram ki, Rüstəm İbrahimbəyov yenidən bu cür bəyanat versin.
-Milli Şuranın son toplantısında vahid namizəd məsələsinin dəstək görməməsi orada təmsil olunan bütün qüvvələrin şəxsi ambisiyalardan çıxış etdiyini ortaya qoymurmu?
-Milli Şurada hal-hazırda 3 nəfər vahid namizəd olmaq istəyir. Bunlar Rüstəm İbrahimbəyov, İsa Qəmbər və Mehman Əliyevdir. İsa Qəmbər bunların heç birinə güzəşt etməyəcək. Onu da qeyd edim ki, Rüstəm İbrahimbəyov verdiyi bəyanatın arxasından qaçdı. O, bir müddət əvvəl demişdi ki, onun siyasətlə məşqul olmaq və ya hər hansı bir siyasi iddiasi yoxdur. İndi sual olunur, Rüstəm bəy, nə oldu? Nə baş verdi ki, siyasi iddiaya düşdün? Elə buradan da görünür ki, bu adam siyasət adamı deyil. Gündə bir bəyanat verir ki, onlar da bir-birinin əksinə. O zaman bunu danışdıranlar nəyi deyirdilərsə, bu da həmin konspektden baxıb danışırdı. İndi də həmin adamlar deyirlər ki, sən namizəd olacaqsan. o da məcbur olub bunu söyləyir. Bir daha bəyan edirəm ki, bu qurum seçkilərə istər vahid namizədlə getsin, istərsə də parçalanmış vəziyyətdə, onlar prezident seçkilərində əsas siyasi qüvvə olmayacaqlar. Bu gün prezident seçkilərinin ən güclü namizədi məhz indiki prezident İlham Əliyevdir. İlham Əliyev seçkinin favoritidir. Bu bütün göstəriçilərlə belədir. Özləri də bunu yaxşı bilir.
-Bu günlərdə Vidadi İsgəndərli AXCP sədri Əli Kərimlinin onun Milli Şurada təmsil olunmasına qarşı çıxdığını deyib. Sizcə, buna səbəb nədir. Həmçinin o, bildirib ki, AXCP sədrinin oğlu ildə 30 min dollar ödəməklə xaricdə təhsil alır. Sizcə müxalifət partiyası liderində bu qədər vəsait necə ola bilər?
-Vidadi İsgəndərli uzun müddətdir ki, bu düşərgədə təmsil olunur. Görünür, bu adamın informasıyası olmasaydı, Əli Kərimli haqqında bu cür ifadələr işlətməzdi. Mən Vidadi bəyin dediklərinə inanıram.
-AXCP yenidən rayonlarda toplantılarının dağıdılması şousu yaradır. Sizcə bu ölkədə seçkiqabağı planlı şəkildə qarşıdurma yaratmağa planlaşdırılmayıbmı?
-Əli Kərimlinin adamları rayonlarda yeni bir şoular göstərirlər. Onlar qəsdən bu cür şou göstərib, özlərini reklam edirlər. Konkret olaraq ucuz reklamla məşğuldurlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bu yaxınlarda möhtəşəm, 700 nəfərlik qurultay keçirtdi. Buna qədər olan müddətdə isə 60 rayonda BAXCP-nin konfransları keçirilib. Ancaq biz heç bir rayonda polislə qarşıdurma ilə rastlaşmadıq. Çünki biz əvvəlcədən həmin rayonun icra strukturlarına məlumat verirdik. Həmçinin biz hansısa üzvümüzün evinə toplaşıb "səs-küy" yaratmırdıq.
Süleyman İsmayılbəyli