Azərbaycan qədim sivilizasiyaları bir araya gətirən nadir turizm ölkəsidir-MÜSAHİBƏ-ÖZƏL
23 Dekabr 2021 10:59 MüsahibəYəmənli yazar Əbdül Həmid: "media sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi mümkündür"
Azərbaycanın yaxın və uzaq ölkələrlə əlaqələri, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ərəb dünyası, İslam aləmi xüsusi yer tutur. Müstəqilliyin ilk illəri, daha doğrusu ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra rəsmi Bakının ərəb dünyası ilə əlaqələri daha da genişlənib.
Azərbaycanın bu coğrafiyanın əsas füqurlarından olan Yəmənlə də ikitərəfli və çoxtərəfli formada əməkdaşlığı mövcuddur. İstər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər beynəlxalq təşkilatlarda Bakı ilə Sana bir-birinin mövqeyini dəstəkləyir, müdafiə edir.
İki ölkə arasında diplomatik əlaqələrin tarixinə nəzər salsaq, bu vacib məqam müstəqilliyin ilk illərinə təsadüf edir. Belə ki, 1991-ci ilin dekabr ayında Yəmən Azərbaycanın müstəqilliyini tanıyıb və ondan bir il sonra, 1992-ci il, fevral ayının iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bu gün iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr mövcuddur. Bakı ilə Sana arasında ən yüksək səviyyəli səərlərə isə 2013-cü ildən start verilib. Belə ki, 2013-cü ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rasim Rzayev etimadnaməsini Yəmən Respublikasının Prezidenti Əbdu Rabbih Mənsur Hadiyə təqdim edib. 2014-cü ilin 12-22 may tarixlərində isə Bakı şəhərində keçirilmiş neft-qaz istismarı sahəsində 5-ci ixtisasartırma kursunda Yəmən Respublikasından Neft hasilatı və kəşfiyyatı üzrə təşkilatın kəşfiyyat üzrə baş müdiri Adel Abdullah əl Hazmi iştirak edib. Həmin ilin 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"da Yəmənin Gənclər və idman naziri Muammar Mutaher əl-Əryani, həmçinin Nəzmi Əbdülsalam Osman, Hüseyn Abdullah əl-Əhməd və Xalid Abdullah Zokari iştirak ediblər.
Bəs, günümüzdə Azərbaycanla Yəmən arasında əlaqələri daha da inkişaf etdirmək üçün hansı addımlar atmaq zəruridir və Bakı ilə Sana arasında münasibətlərin gələcək perspektivi nədən ibarətdir? Bu və ya digər suallarla yəmənli gənc yazıçı, bu ölkənin "Əl-Tanmia Əl-Youm" qəzetinin Azərbaycan bölməsinin redaktoru, gənc yazıçı Əbdül Həmidlə söhbətləşdik.
-Əbdül Həmid günümüzdə Azərbaycanla Yəmən arasında əlaqələri necə xarakterizə edərdiniz?
-Azərbaycanla Yəmən arasında normal əməkdaşlıq mühiti mövcuddur. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur və bir-birinin mövqeyinə hörmətlə yanaşır. Eyni zamanda ikitərəfli formatda da əlaqələrimiz var. Düzdür, günümüzdə Azərbaycanla Yəmən arasında əlaqələr bizim istədiyimiz səviyyədə deyil. Yəni, hər iki ölkənin potensialı, gücü imkan verir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin, bir qədər də irəli getsin.
-Bildiyimiz kimi, siz Yəmənin nüfuzlu qəzetlərindən birində Azərbaycan bölməsinin redaktorusunuz. Azərbaycana maraq haradan qaynaqlanır?
-Sizin də qeyd etdiyiniz kimi mən "Əl-Tanmia Əl-Youm" qəzetinin Azərbaycan bölməsinin redaktoruyam. Qəzetimizdə Azərbaycanla bağlı müntəzəm olaraq məqalələr, yazılar dərc edilir. Azərbaycana olan marağa gəlincə, sizin ölkəniz yerləşdiyiniz coğrafiyanın ən nüfuzlu və güclü ölkəsidir. Bunu Azərbaycan dövləti 2020-ci ildə torpaqlarının azad edilməsi məqsədilə apardığı Vətən müharibəsi ilə də sübut etdi və güclü olduğunu ortaya qoydu. Güclü, nüfuzlu dövlətlərlə isə bir qayda olaraq əməkdaşlığa can atılır. Əlaqələrin inkişaf etdirilməsinə maraq göstərilir. Bizim də Azərbaycana olan marağımız məhz bu aspektdəndir.
-İki ölkənin media qurumları arasında əlaqələri inkişaf etdirmək üçün hansı perspektivlər var?
-Azərbaycan və Yəmənin media qurumları arasında əlaqələrin inkişıaf etdirilməsi üçün kifayət qədər imkanlar var. Ona görə də ümid edirik ki, müvafiq rəsmi qurumlar Azərbaycan və Yəmənin media sahəsində əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atacaqlar. Biz səlahiyyətli orqanlar tərəfindən bu istiqamətdə lazımı addımların atılacağını səbirsizliklə gözləyirik.
-Konkret media sahəsində hansı addımlar atıla bilər?
-Düşünürəm ki, media sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsi, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi mümkündür. Eyni zamanda gənclər, media, mədəni əlaqələrlə məşğul olan ortaq bir qurumun yaradılması istiqamətində işlər aparıla bilər. Bu məqsədlə qarşılıqlı səfərlərin həyata keçirilməsi də mümkündür.
Ümid edirik ki, Azərbaycan tərəfi, Azərbaycan hökuməti və mediası bu məqsədlə uyğun addımlar atacaq. Eyni zamanda gənclərimizin Azərbaycana səfər etməsi, gənclər, həmçinin mədəni, humanitar tədbirlərdə iştirak etməsinin ikitərəfli münasibətlərin inkişafına faydası olacaq və gənclərə Azərbaycandan faydalanmaq imkanı verəcək.
-Yəmənlə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək hansı imkanlar var?
-Azərbaycan qədim sivilizasiyaları bir araya gətirən və müxtəlif sahələrdə yüksək intibahın şahidi olan dünyada nadir turizm ölkəsidir. Biz yəmənlilər Azərbaycanın turizm imkanlarını diqqətlə izləyir, bununla bağlı çalışdığımız media qurumlarında yazılar dərc edirik. Eyni zamanda azərbaycanlı turistlərin də Yəmənə səfər etməsi münsibdir. Bunun üçüm səyahət xərcləri də uyğun qiymətədir.
Ümid edirəm ki, Azərbaycanda turizm sahəsində çalışan səlahiyyətli orqanlar bu istiqamətdə müvafiq addımlar atacaq. Məsələn, ölkəyə daha çox turistin gəlməsi üçün turist yarışlarının keçirilməsi məqsədəuyğundur. Onu da qeyd edim ki, Yəmənə getdikcə daha çox turist və ziyarətçi cəlb olunur. Düzdür, yəmənlilərin üzərinə ağır yüklər qoyan, vəziyyəti gərginləşdirən müharibə də gedir, amma əminəm ki, ümidverici addımlar var və atılacaq. Nəticədə bu kimi imkanlar ərəb dünyasından olan turistləri Yəmən üçün daha da həvəsləndirəcək.
Süleyman