Azərbaycan artıq özünü təsdiq edən və boy göstərən bir dövlətdir - MÜSAHİBƏ

Rafael Hüseynov: “Ona görə bizə qarşı qısqanclıq həmişə var ”

Müsahibimiz  millət vəkili, Milli Məclisin  mədəniyyət komitəsinin sədr müavini  Rafael Hüseynovdur

-Rafael müəllim, artıq xeyli müddət keçsə  belə,  hələ də "Eurovision-2013" yarışması ətrafında söz-söhbətlər davam edir. Xüsusilə də, Azərbaycanın Rusiyaya verdiyi səslərin oğurlanması məsələsi ətrafında qalmaqal hələ də bitməyib. Bildiyiniz kimi, bu məsələyə hətta, ölkə Prezidenti İlham Əliyev də müdaxilə edib. Sizcə, Azərbaycanın  Rusiyaya verdiyi səsin oğurlanması  nəyə mesajdır?

- Əvvəla onu qeyd edim ki, Azərbaycanın "Eurovision" kimi çox mötəbər və kifayət qədər dünyada populyar olan bir yarışmada növbəti dəfə yüksək yerlərdən birini tutması son dərəcə fərəhli hadisədir.  Zahirən bu mədəniyyət hadisəsidir, amma bunun arxasında böyük bir siyasət durur.  Odur ki,  bu, Azərbaycanın bir dövlət , bir millət , bir mədəni xalq olaraq dünyada təbliğinin vacib əlamətlərindən biridir. Bir neçə gün öncə mən Böyük Britaniyada-Londonda idim. Britaniya muzeyinə getmişəm, orada suvenir köşkündən bir neçə kitablar alıram, satıcı soruşur ki, sən hansı ölkədənsən? Deyirəm, Azərbaycandan və o saat "Eurovision"un adını çəkir ki, siz "Eurovision"da çox uğurla çıxış edirsiniz.  Ancaq təəssüf ki, biz sizin kimi orada uğur qazana bilmirik. Yəni, ən azı buna görə üç nəfər, beş nəfər, yüz nəfər, min nəfər Azərbaycanı tanıyır və Azərbaycana buna görə rəğbət bəsləyir. Bu baxımdan,  bu sahədə qazanılan hər bir uğurun əhəmiyyəti var. Azərbaycanınsa balaca bir dövlətdir. Ərazicə, iqtisadi potensialı etibarilə, amma dünyada bu gün artıq özünü təsdiq edən və boy göstərən bir dövlətdir. Ona görə bizə qarşı qısqanclıq həmişə var.  Mən bunu ən müxtəlif beynəlxalq məclislərdə iştirak edəndə də görmüşəm. Ən müxtəlif xarici ölkələrdə fərqli auditoriyalarda söhbətlər zamanı görmüşəm ki, bizə qarşı qısqanclıq var.  Azərbaycandan dəfələrlə böyük, nəhəng olan bir ölkə görür ki, Azərbaycan hansısa bir sahədə onun qazana bilmədiyi uğuru qazanır və  istər-istəməz adi insanlar arasında olan kimi, böyük siyasətçilər, böyük siyasətlər arasında, böyük dövlətlər arasında bu cür belə həsəd, rəqabət, daxildə  "mən niyə belə səviyyəyə çata bilmirəm" hissiyyatı olur. Məhz belə hissiyyatların köməyi ilə ən müxtəlif təxribatlar da,  o böyük şöhrəti azaltmaq üçün ona kölgə sala bilən addımlar atmaq təşəbbüsləri də ola bilər.

-Sözlərinizdən belə məlum olur ki,  belə davranışlar, addımlar bundan sonra da  gözləniləndir.

-İstisna deyil, çünki onlar keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Mən bunu istisna etmirəm. Ancaq  biz öz  xəttimizi davam etdirməliyik. Xəttimiz də ondan ibarətdir ki, Azərbaycan yüksəlir, Azərbaycan dünyaya bütün istiqamətlərdə gücünü sübut edir , o cümlədən mədəniyyət , musuqi sahəsində, ədəbiyyat sahəsində də. Yeri gəlmişkən, bir neçə gün öncə YUNESKO-da Məhsəti Gəncəvinin 900 illiyi qeyd olunub. Bu, son dərəcə böyük bir hadisə - mədəniyyət hadisəsidir, amma arxasında böyük siyasət var. XII əsrdə bir çox xalqların heç ədəbiyyatı yox idi. Bu gün Avropanın öndə gedən xalqlarının o dövrdə, qadınlarını bir tərəfə qoyuram, ortaya çıxaracaq o səviyyəli bir kişisi-şairi, ədəbiyyat xadimi, mədəniyyət xadimi yoxdur. Amma Məhşəti Gəncəvi 12-ci yüzilliyin içərisində dünyada parlamış və o vaxtkı sivilizasiyasının ən üstün qadın şəxsiyyətidir. Bu da Azərbaycanın şöhrətidir. Əlbəttə ki, buna da kimsə həsəd apara , paxıllıq edə  və bununla əlaqədar arzuolunmayan addım ata bilər. Odur ki, Azərbaycana Rusiyanın "Eurovision" mahnı müsabiqəsində dəstək göstərməsini biz, əlbəttə ki, çox yüksək dəyərləndiririk. Müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən , Avropa Şurasında da biz dəfələrlə bu cür müttəfiliqıyi, bu cür iş birliyini, bu cür arxadurmanı görmüşük və buna çox böyük dəyər vermişik. Biz də buna çox böyük dəyər veririk. Biz də öz növbəmizdə imkan düşdükcə onları müdafiə edirik, o yerdəki  fikrimiz, əqidəmiz, baxışlarımız uyğun gəlir, biz həmişə Rusiyaya dəstək veririk. Düşünürəm ki, onların "Eurovision" müsabiqəsində iştirak edən nümayəndəsi kifayət qədər səsi olan bir insan idi, çox gözəl də ifa etdi. Amma görürəm ki, Rusiyaya qarşı kiminsə o mənfi münasibəti, kiminsə deyəndə də artıq bu kiminsə şərti ifadədir, bunun arxasında dünyanın müxtəlif guşələrindəki siyasi qüvvələr , müəyyən siyasi qruplaşmalar durur. İnternet şəbəkəsi indi elədir ki, istənilən xəbər  bir an içərisində dünyanın ən müxtəlif ölkələrinə gedib çatır  və hansısa böyük bir uğur haqqında sən istəyirsən ki, bir tərəddüd yaradasan, onu da yaratmaq mümkün olur. Sən belə bir böhtan, yanlış, qarayaxma, ya çaşdırıcı bir informasiyanı burax, istər-istəməz o böyük uğura bir tərəddüd şübhəsi əlavə edə bilir. Məsələn, mən baxıram ki, internet saytlarında ki, guya Rusiya ifaçısının təqdim etdiyi mahnı plagiat imiş və yanında da o biri nümunəni qoyur.

-Siz necə düşünürsünüz, məsələ ictimaiyyətə təqdim edildiyi  kimi deyil?

-Təbii ki, yox. Çünki  dinləyirsən, görürsən ki, fərqli şeylərdir. Amma bu başlıqla, bu təqdimatla ortaya atırlar və hansısa qüvvələr  bununla Rusiyaya pis münasibətlərini ifadə edirlər. Ona görə də düşünürəm ki, nə Rusiya, nə bu cür hücumlara məruz qalan digər bir ölkə və Azərbaycan özü gələcəkdə belə şeylərdən çox ciddi narahat olmalıdır. Əsas odur ki, karvan gedir və çalışmaq lazımdır ki, karvan dayanmadan yolunda inamla irəliləsin və onda həmişə uğurlar bizi müşayiət edəcək. Ancaq o cür böyürdən daş atanlar, səs-küy salanlar sonucda o böyük uğurları, böyülk qələbələri,  davam edən fəaliyyətləri gördükcə istər-istəməz özləri susacaqlar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31