“Qarabağda yaşı 1400-1500 ildən artıq olan qəbirlər bizim soydaşlarımızındır” - Akif Nağı

“Qarabağ xanlarının-Pənahəli xanın, İbrahimxəlil xanın, Sadıqcanın, Xurşudbanu Natəvanın, Nəvvabın və başqalarının qəbri Qarabağ torpaqlarındadır

Son 25 il ərzində Azərbaycanda ən önəmli mövzu QARABAĞ mövzusu olaraq  qalır...Əslində bu çox təbii bir haldır, çünki torpaqlarımızı düşünmək bizim haqqımızdır. Əgər  işğalda olan torpaqlarımızı gündəmin əsas mövzusuna çevirməsək o zaman hansı vətənpərvərlikdən söhbət gedə bilər ki?! Bu illər ərzində Qarabağa həsr edilən yüzlərlə, minlərlə mövzular, proqramlar, onlarla sənədli filmlər, layihələr oldu ki, hər birində də Vətən sevgisi, torpaq sevgisi qabarıq şəkildə göstərildi. Bu bir daha sübut edir ki, Azərbaycan tarixən özünə aid olan torpaqlarından vaz keçmək fikrində deyil...

Müsahibim Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır.

- Başıbəlalı Qarabağ torpaqlarının işğalından uzun müddət keçdi...Çox təəssüf ki, bu illər ərzində torpaqlarımızı azad etmək üçün atılan hər hansı bir addım müsbət nəticə vermədi...

- O günlərdən artıq 25 il keçir...Bu artıq hər cəhətdən dözülməsi mümkün olmayan, narahatedici bir prosesdi...İllərdir ki, torpaqlarımız işğal altındadır və biz sadəcə uzaqdan müşahidə etmək məcburiyyətində qalmışıq. Azərbaycana məxsus olan tarixi abidələr, minlərcə insanlarımızın məzarlıqları məhv edilmiş, dağıdılmışdır. Bu artıq insanlığa zidd bir durumdur. Qarabağ Azərbaycanın ən qədim tarixə malik olan bölgələrindən biridir. Azərbaycan tarixinin ən şanlı səhifələri Qarabağda yazılıb. Təbii ki, bu da tarixi abidələrdə yaşayır. Mətbuatdan, internetdən izləyib şahidi oluruq ki, ermənilər kütləvi şəkildə, vəhşicəsinə Azərbaycan abidələrini erməniləşdirməklə məşğuldur. İşğal etdikləri torpaqlarımızdan əldə etdikləri tarixi abidələri saxtakarcasına özlərinə aid olaraq dünyaya təqdim edirlər. Müsəlman abidələrini, müsəlman qəbirlərini özlərinin simvoluna çeviriblər. Guya ki, haranı qazırlarsa xaçqar çıxır. Xaçqar, yəni xaç şəklində olan başdaşı. Yeri gəlmişkən, xaç şəklində olan başdaşı albanlarda da var. Ancaq başdaşını istənilən yerdə basdırmaq mümkün olduğu üçün bu bir daha sübut edir ki, ermənilər hər zamankı kimi yenə saxtakarlıqlarına davam edirlər.

- İnsanlıq naminə torpağı, sığınacağı olmayan bir xalqın nümayəndələrinə yaşamaq üçün yer verilir, nəticədə də torpağın mənimsənilir və sənə məxsus olan tarix saxtalaşdırılır...

- Bilirsinizmi, elə bir prinsip yoxdur ki, başqa bir xalqa mənsub olan torpaqda yaşayırsan və oranı özünə aid etmək üçün saxtakarlıq edirsən. Məntiqə sığmayan və dünyanın heç bir xalqının getmədiyi bir yoldur.  Türkün tarixi çox qədimdir. Türk milləti bütün dünyaya mədəniyyət yayır. Təsəvvür edin  ki, türk millətinin dədə-babadan yaşadığı torpaqlarda o qədər köhnə abidələrə rast gəlmək mümkündür ki, həmin abidələr göz bəbəyi kimi qorunur. Belə bir mədəniyyətə malik olan millət hər zaman üzdəniraq qonşularımızın xəyanətinin qurbanı oldu və olmaqdadır. Sizin qeyd etdiyiniz kimi heç bir millət oturduğu yerdə tarixi saxtalaşdırmır. Ancaq ermənilər o qədər eybəcər xalqdır ki, bunu sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Ermənilərin eybəcərliyini hələ XIX əsrdə Rusiyanın İran İslam Respublikasında olan səfiri, şair-publisist  Aleksandr Qriboyedov  çar I Aleksandra yazdığı məktubda xüsusi olaraq qeyd edib. Tarixdən də məlumdur ki, bəhs etdiyim əsrdə ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb. Aleksandr Qriboyedov  məktubunda yazırdı ki, erməniləri İrandan Azərbaycana köçürürük, ancaq imkan verməyin ki, onlar Rusiyaya keçsinlər, qoyun ermənilər Qafqazda qalsınlar, yoxsa digər yerlər kimi Rusiyada da yaşamaq imkanı əldə etdikdən bir neçə il sonra torpaq iddiası irəli sürəcəklər. Yəni tarixin yaddaşına həkk olunmuş bu məktub rəsmi şəkildə bəyan edilib. Məktubdan belə bəllidir ki, ermənilər nə qədər eybəcər xalqdır. Artıq bütün dünya erməninin iç üzünə bələddir. Çox təəssüf ki, heç kim ermənilərlə olan əlaqələrinə də son verə bilmir. Çünki erməni qırsaqqız olaraq yapışır, müxtəlif yollar tapır. Hələ XX əsrin əvvəllərində Rusiyanın tanınmış şəxsləri ermənilər haqqında elə fikirlər səsləndiriblər. Həmin fikirlərdə ermənilərin iç üzü görünür, yəni onlarla bir araya gəlmək mümkün deyil, hər zaman erməniləri yola vermək məcburiyyətində qalıblar. Eləcə də digər ölkələr hamısı erməninin yalançı saxtakarlığına göz yummaqdan beziblər.

- Bir tarixçi kimi necə bilirsiniz, müharibə qanunlarında insanlıq hisslərini unutmaq deyilən bir məqam varmı?

- Tarixdən də məlumdur ki, ən dəhşətli savaşlarda belə düşmən tərəfin insani hissləri özünü buruzə verib...Ancaq tarixi olmayan, özünə yalançı tarix qurmaqla məşğul olan ermənilər insani hisslərdən xəbərsizdirlər. 

- İnsani hissləri olsaydı ölənlərin ruhuna hörmət əlaməti olaraq məzarlıqlara toxunmazdılar. Minlərlə insanlarımızın uyuduğu  məzarlıqlar dağıdıldı. Tanınmış insanlarımız var ki, artıq onları gələcək nəslə hansı formada tanıdacağımıza  düşünmək belə çətinlik yaradır...

- Qarabağın tarixi çox uzaq bir dövrü əhatə edir. Təsəvvür edin ki, hələ təxminən götürsək o ərazilərdə yaşı 1400-1500-dən artıq olan qəbirlər var ki, bunlar da həddindən artıq çoxluq təşkil edir. İlindən də bəllidir ki, bu islam dövrünə düşür və bu da o deməkdir ki, erməni heç bir iddia irəli sürə bilməz. Çünki Qarabağ torpaqlarında olan, yaşı 1400-1500-dən artıq olan qəbirlər azərbaycanlılara məxsusdur. Həmin qəbirlər dövlət səviyyəsində öyrənilməlidir ki, bunun üçün də maliyyə ayrılmalıdır. O dövrü öyrənmək üçün geniş tədqiqata ehtiyac var. Tədqiqatçı olmasam da, deyə bilərəm ki, islam dövründən başlayaraq Azərbaycanın yazılı tarixində çoxlu sayda məzarlıqlar olsa da, hətta dini ocaqlar olsa da hələ də tədqiqatçılar tərəfindən öyrənilməyiblər. Qarabağın istənilən kəndində heç olmazsa bir ocaq var ki, hamı gedib ziyarət edirdi, ancaq tarixi bəlli deyil, çünki öyrənilməyib. Tanınmış insanların məzarlıqlarına gəlincə, Qarabağ xanlığı dövründə  Qarabağ xanlarının-Pənahəli xanın, İbrahimxəlil xanın, onların davamçılarının  qəbirləri, Sadıqcanın, Xurşudbanu Natəvanın, Nəvvabın və başqalarının qəbri hamısı Qarabağ torpaqlarındadır.  Adlarını çəkdiyim insanlar tarixi şəxsiyyətlərdir. Digər tərəfdən isə tanınmayan insanlar vardı ki, onların hər biri öz sahəsində şərəflə, ləyaqətlə çalışmışlar və o tanınmayan insanların qəbirləri də artıq tarixdir. Düşünürəm ki, Qarabağ torpaqlarında olan məzarların tədqiqi çox vacibdir və qeyd etdiyim kimi bu dövlət səviyyəsində həyata keçirilməlidir. 

SON SÖZ ƏVƏZİ: Qarabağ torpaqlarının işğalı nəticəsində Azərbaycanın mədəni irsi talan edildi. Azərbaycana aid 500 tarixi-memari, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib.  Azərbaycanda professional musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki "Dairəvi Məbəd"(1356-1357) və "Türbə"-nin (14-cü əsr) aqibəti məlum deyil.

Ulduzə QARAQIZI

[email protected]

Yazı "Ortaq Dəyərlər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində çap olunur

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31