“Bəziləri belə düşünürlər ki,..” - MÜSAHİBƏ
“Rüstəm İbrahimbəyov deyir ki, kim Milli Şuranın əleyhinədirsə, həmin şəxs hökumətin adamıdır. Bu cür şantaj, əsassız ittihamlarla heç kim özünü Azərbaycan cəmiyyətinə sırıya bilməz”
31 May 2013 15:20 MüsahibəAzərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "OLAYLAR"-a müsahibəsi
-Sərdar bəy, Milli Şuranın yaranması ilə demək olarmı ki, Rusiyanın Azərbaycanla bağlı planının birinci mərhələsinə start verildi?
-Bununla bağlı bizim şübhələrimiz var. Belə ki, bizim şübhələrimiz Milli Şuranın rəhbəri kimi nəzərdə tutulan Rüstəm İbrahimbəyovun Rusiyada yaşaması, onun "Milyarderlər İttifaqı"nın üzvü olması ilə bağlıdır. Əgər Rüstəm İbrahimbəyov Rusiyadan çıxıb Avropa ölkələrindən birində dislokasiya olunarsa müəyyən mənada bizim narahatçılığımız aradan götürülər. İkincisi, Milli Şiranın məram və məqsədlərinin gizli saxlanılması ciddi şübhələr yaradır. Məlum olduğu kimi Müsavat Partiyasının başqanı İsa Qəmbər məsələ qaldırmışdı ki, Milli Şuranın məqsədlərindən biri də Avroatlantik məkana inteqrasiya olsun. Lakin həmin məsələ çox ciddi müqavimətlə qarşılandı və hətta xeyli müddət bu məsələ Milli Şuranın elan olunmasının belə qarşısını aldı. Sonradan Milli Şuranın elan olunmasında razılıq əldə edilsə də, hələ də həmin məsələ açıq qalır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Milli Şura ətrafında yaranan səs-küy heç də əsassız deyil. Hadisələrin gedişi hər şeyi aydın göstərəcək. Əgər millətçi, istiqlalçı qüvvələrin qaldırdığı məsələlər Milli Şurada təsdiqini tapacaqsa, o zaman bizim narahatçılığımız da aradan qalxacaq.
-Azərbaycan Demokrat Partiyasının Milli Şurada iştirakına ciddi cəhdlə qarşı çıxanlar kimlər olub?
-Mən ad açıqlamaq istəməzdim. Ancaq açığını deyim ki, Milli Şuraya dəvət edilsək belə, orada iştirak etməyəcəkdik. Hətta Milli Şurada iştirak etsəydik belə, bu qurumun məqsəd və məramnaməsinin istiqlaliyyətçiliyə nə dərəcədə cavab verdiyini aydınlaşdıracaq. Bu gün necə gəldi hakimiyyəti dəyişmək məsələsi gündəmdə ola bilməz. Biz istiqlaliyyətin zəifləməsi ilə nəticələnən hakimiyyət dəyişikliyinin tərəfdarı deyilik. Bu gün haqlı olaraq ortaya bir sual çıxır. 20 ildir deyirik ki, hazırkı iqtidar Rusiyanın maraqlarını müdafiə edir, bu ölkənin siyasətini həyata keçirir. Ancaq indi belə çıxır ki, Rusiya hazırkı Azərbaycan iqtidarını dəyişmək üçün onun müxalifətindən istifadə edir. Onda sual olunur ki, iqtidar Rusiyanın hansı maraqlarına cavab verməyib ki, müxalifət həmin maraqlara uyğun addım atır? Nəticədə isə Rusiya özünün 20 illik müttəfiqindən imtina edib yeni bir müttəfiq axtarır. Burada iki nüans var. Avrasiya İttifaqına inteqrasiya və Gömrük İttifaqına daxil olmaq. Azərbaycan iqtidarı bu iki məsələdə çox prinsipial mövqe nümayiş etdirir. Buradan başa düşülən odur ki, Avrasiya İttifaqı və Gömrük İttifaqı məsələlərində Rusiya Azərbaycan iqtidarından istədiyi cavabı almadığı üçün Moskva hakimiyyətə qarşı yeni bir güc formalaşdırır. Əgər yeni güc Rusiyanın dediklərini edəcəksə, bu vətənə, Azərbaycanın istiqlaliyyətinə xəyanətdir. Bu baxımdan bizim ciddi narahatçılıqlarımız var. Həmin narahatçılıqlar aradan qaldırılmayacağı təqdirdə, bizi Milli Şuraya dəvət etsələr belə orada iştirak etməyəcəyik. Rüstəm İbrahimbəyov isə deyir ki, kim Milli Şuranın əleyhinədirsə, həmin şəxs hökumətin adamıdır. Bu cür şantaj, əsassız ittihamlarla heç kim özünü Azərbaycan cəmiyyətinə sırıya bilməz. Bizdən əvvəl yaşamış Azərbaycan istiqlalçıları istiqlaliyyətimiz üçün həyatlarını, hətta övladlarını belə qurban verdilər. Ancaq heç zaman istiqlaliyyət məsələsində güzəştə getmədilər. Şəxsən mən və Azərbaycan Demokrat Partiyasının böyük çoxluğu da istiqlaliyyət məsələsində həmin yolu tuturuq və bu məsələdə hansısa güzəşti vətənə xəyanət kimi qəbul edirik.
-Azərbaycanın müstəqilliyi, istiqlaliyyəti uğrunda meydanlara çıxan siyasilərin hazırkı vəziyyətdə Rusiyanın sifarişi ilə yaradılan qurumda təmsil olunmasını necə qarşılamaq olar?
- Bəziləri belə düşünürlər ki, Rusiyanın əli ilə siyasi situasiyanı dəyişib sonradan Rusiyadan imtina etmək mümkündür. Bu olduqca yanlışdır və Rusiya ilə bu cür təhlükəli oyun oynamaq olmaz. Onlar bir şeyi də unudurlar ki, Rusiya ilə oyuna gedərkən Amerika və Avropadan uzaqlaşırlar. Çünki Rusiyanın özü belə bəzi məsələlərdə Amerika və Avropa ilə razılaşır. Ona görə də həmin qüvvələrin bu oyunun içərisinə girməsindən təəccüblənirəm və buna izahat tapa bilmirəm. Düzdür, İsa Qəmbər müəyyən mövqe ortaya qoyub ki, Avroatlantik məkana inteqrasiya məsələsi olmasa Milli Şuraya daxil olmayacaq. Ancaq digər siyasilərin susqunluğu müəyyən narahatçılıq doğurur. Nəyə görə Azərbaycanın Qərbə inteqrasiyası yönü dəyişdirilməli və ya bu məsələdə güzəştə gedilməlidir? Bu günlərdə məni yerli internet televiziyalarından birinə Milli Şura ilə bağlı debata dəvət etmişdilər. Bildirdilər ki, həmin görüşdə iştirak etmək üçün Milli Şurada təmsil olunanlar müxtəlif bəhanələrlə imtina ediblər. Bu bir reallıqdır ki, bir təşkilat yarananda həmin təşkilatda olanlar onu təmsil etməyə çalışırlar, təşəbbüsü ələ almaq istəyirlər. Maraqlıdır ki, bu gün hamı birmənalı şəkildə Milli Şura ideyasının onlara deyil, yalnız Rüstəm İbrahimbəyova aid olduğunu deyir. Hətta həmin quruma daxil olmalarına baxmayaraq onu müdafiə etməkdən yayınırlar. Oradakı insanlardan heç kəs xalqın qarşısına çıxıb açıq şəkildə Milli Şuranı müdafiə etmək istəmir. Bu da çox maraqlı məqamdır və bizim şübhələrimizə haqq qazandırır. Halbuki bundan əvvəl biz görürdük ki, Azərbaycanın siyasi qüvvələri öz mövqelərini müdafiə etmək üçün hər cür aktivlik nümayiş etdirirlər. Ancaq Milli Şura məsələsində onlar gizlənir, ortalığa çıxmır, açıq diskussiyalardan qaçırlar. Bu özü də başqa bir şübhə yaradır. Əgər bu adamlar Milli Şura məsələsində özlərini düzgün, bizi isə yanlış hesab edirlərsə, nəyə görə irəli çıxıb bizi yerimizdə oturtmurlar. Nəyə görə xalqa cavab verib bizim şübhələrimiz dağıtmırlar ki, Milli Şura Azərbaycanın istiqlaliyyəti üçün təhlükəli olan layihələrdən deyil. Əgər xalqın xoşbəxtliyi demokratiyadan keçirsə, demokratiyanın da əsası istiqlaliyyət, müstəqillikdir. Müstəqil olmayan bir xalq heç zaman demokratiya qura bilməz.
Süleyman İsmayılbəyli