“Bundan sonra Milli Şuraya qarşı olacam” - MÜSAHİBƏ
Çingiz Dəmiroğlu: “Bütün şər qüvvələrə qarşı mübarizə aparmağa həm gücüm, həm də həvəsim var”
30 May 2013 15:38 Müsahibə"Kim hansısa ölkələrin sifarişi ilə Azərbaycanda qarşıdurma yaratmağa cəhd göstərəcəksə, biz ona qarşı ciddi mübarizə aparacağıq"
Öz ətrafında 20-yə yaxın partiyanı birləşdirən "ATA" blokunun yaranmasının 10 ili tamam olur. Artıq on ildir ki, fəaliyyət göstərən "ATA" blokunun digər müxalifət birlik və bloklarından fərqi ondan ibarətdir ki, bu günə qədər blokda heç bir parçalanma baş verməyib. Blokun 10 illik yubileyi ərəfəsində qurumun sədri, Tərəqqi Partiyasının rəhbəri Çingiz Dəmiroğlu ilə "ATA" blokunun keçdiyi yola, onun fəaliyyətinə nəzər saldıq. "OLAYLAR"-a müsahibəsində Çingiz Dəmiroğlu prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, eləcə də bu günlərdə yaradıldığı élan edilən Milli Şura ilə bağlı məsələyə də toxunub.
-Çingiz bəy, yaxın vaxtlarda sizin də partiyanın təmsil olunduğu "ATA" blokunun yaranmasının 10 ili tamam olur. Etiraf etmək lazımdır ki, "ATA" bloku müxalifətin digər birlik və bloklarından fərqli olaraq uzunömürlüdür. Buna necə nail olmusunuz?
-"ATA" blokunun fəaliyyəti onun nizamnaməsi ilə tənzimlənir. Bizim nizamnamədə açıq şəkildə göstərilib ki, blok partiyaların heç birinin daxili işlərinə qarışmır. Blokdakı hər bir partiya müstəqildir. Digər bir vacib məqam ondan ibarətdir ki, blokda təmsil olunan partiyalardan biri hansısa qərarın qəbul edilməsi prosesində iştirak etmir və ya ona səs vermirsə, həmin qərarın icrasında da iştirakçı olmur. O, partiyaya da heç kim irad tuta bilməz. Ona görə də "ATA" blokundan heç bir partiya çıxmır. Hətta fəaliyyəti zəif olan partiyalar da blokda fəaliyyətlərini davam etdirirlər. Blokun bu günə qədər dağılmamasının da əsas səbəblərindən biri qeyd etdiyim nüanslardır. Blokun bundan sonra da dağılma ehtimalı yoxdur. Əksinə "ATA" bloku bundan sonra bir qədər də güclənə bilər. Yəni, "ATA" blokunun nizamnaməsi olduqca tolerantdır. Bizim blokda həm solçu, həm sağçı, həm də millətçi qüvvələr var. "ATA" blokunun amalı hər zaman milli birlik, barış, ümummilli problemlərin həllində hamının birgə fəaliyyət göstərməsi olub. İndiyə qədər hansısa blokun və ya birliyin 10 il dağılmadan fəaliyyət göstərməsi qeyri-mümkün olub. Mən özüm indiyə qədər "Üçlük", "Beşlik", "Demokratik Konqres", SİDSUH, Siyasi Fikir Mərkəzi kimi qurumlarda təmsil olunmuşam. Bütün təşkilatlarda da hamı məni qəbul edirdi. Çünki heç zaman özümdən razı olub iddia ortaya qoymamışam. Yalnız milli mənafe üçün çalışmışam. Millətçilik və dövlətçilik marağı həmişə həm partiya, həm də şəxsi maraqdan üstün olub. İndiyə qədər heç bir xarici qüvvə, ölkə ilə əlaqəm olmayıb və buna can atmamışam. Hələ Demokratik Konqres zamanında Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri ilə görüşəndə onlarla elə bir tonda danışırdım ki, həm yoldaşlarım, həm də səfirlər peşiman olurdular.
-Belə demək mümkündürmü ki, digər bloklardan fərqli olaraq "ATA" blokunda səmimi əməkdaşlıq mühiti mövcuddur?
-Bizim blokda çox tolerant münasibət var. Hazırda blokun sədri mənəm. Ancaq mən ortaya iddia qoyub heç kimə demirəm ki, mütləq məni dəstəkləyin. Əksinə, birmənalı olaraq bildirmişəm ki, bu dəfəki seçkilərdə namizəd kimi iştirak etməyəcəm. Çünki artıq 70 yaşım var və hesab edirəm ki, daha gənc insanlar prezidentliyə namizədliyini irəli sürməlidir. "ATA" blokunda kifayətqədər gənc insanlar var və onlar namizədliklərini irəli sürə bilərlər. Ancaq bu o demək deyil ki, biz mütləq prezident seçkilərinə öz namizədimizlə gedəcəyik. Əgər bizim məramımız hansısa namizədin məramı ilə üst-üstə düşərsə, blok sədri kimi həmin şəxslə müzakirələr edib siyasi qüvvələrə birgə müraciət ünvanlaya bilərik. Konkret olaraq kim qərəz, qisas tərəfdarı, hansısa xarici ölkənin əlində oyuncaq deyilsə o qüvvə ilə koalisiyaya getməyimiz mümkündür. Bizim başlıca amallarımız budur və bunu açıq-aydın bəyan edirəm.
-Blokun yaranmasının 10 illiyi ilə əlaqədar geniş bir yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur?
-Biz o qədər də təmtaraq tərəfdarı deyilik. Sadəcə olaraq blokun Sədrlər Şurası yığılacaq. Medianı da dəvət edəcəyik.
-Bu gün "ATA" bloku konkret hansı mövqedə dayanır?
- "ATA" bloku demək olar ki, mərkəzdə dayanıb. Biz iqtidara islahata getməyi təklif edirik. Müxalifətə isə deyirik ki, hər şeyi qara rəngdə görmə. Demək olar ki, hazırda "ATA" bloku ağsaqqal funksiyasını yerinə yetirir. Biz istəmirik ki, ölkədə qan tökülsün, qarşıdurma olsun. Allah ərəb ölkələrində baş verənləri Azərbaycana qismət etməsin. Əgər kim qisas, ölkədə qarşıdurma yaratmaq haqda düşünəcəksə, o zaman qarşısında "ATA" blokunu görəcək. Eyni zamanda kim hansısa ölkələrin sifarişi ilə Azərbaycanda qarşıdurma yaratmağa cəhd göstərəcəksə, biz ona qarşı ciddi mübarizə aparacağıq. Arzu edirik ki, şəffaf seçki keçirilsin və xalq da kimi istəyir onu seçsin. Seçkidə məğlub olanlar isə qalib gələni təbrik etsin, onun əlini sıxsın. Ümumiyyətlə, Azərbaycan xalqının istənilən övladı ümummilli problemlərin həllində bir yerdə olmalıdır. Əgər milli birliyə nail olsaq bütün dünya üstümüzə tökülsə belə bizə heç nə edə bilməzlər. Təssüflər olsun ki, bəzi qüvvələr ya bilərəkdən, ya da bilməyərəkdən milli birliyə zərbə vururlar. Ancaq onlar düşünmürlər ki, bununla həm millətə, həm də öz ailələrinə zərbə vurmuş olurlar. Milli birlik, milli barış deyən hər bir şəxs mənim gözümün işığıdır.
-Milli Şura ilə bağlı mövqeyiniz nədən ibarətdir?
-Ümumiyyətlə, Milli Şura tarixdə iki dəfə olub. Milli Şura birinci dəfə Demokratik Cümhuriyyətin zamanında, ikinci dəfə isə 90-cı illərin əvəllərində yaranıb. Demokratik Cümhuriyyətin zamanında yaranan Milli Şurada siyasi baxışından asılı olmayaraq millətin bütün təbəqələri təmsil olunurdu. Hazırda cəmiyyətə Milli Şura kimi təqdim edilən qurumu isə sanki kimlərsə 3-4 nəfər yaradıb və onu inhisara götürüblər. Halbuki həmin 3-4 nəfərin gücü kənarda qalan gücün üçdə biri qədər deyil. Bura həm regional amili, həm də partiyaların sayını daxil etmək olar.
-Belə çıxır ki, dəvət edilsəniz belə siz Milli Şurada təmsil olunmayacaqsınız?
-Heç vaxt. Hətta mənə ağsaqqal kimi Milli Şuranın vahid namizədi olmaq təklif edilsə, buna qətiyyən razı olmaram. Bizim Milli Şurada təmsil olunmağımız belə mümkünsüzdür. O qurumun ki, arxasında Rusiya, və ya hansısa xarici qüvvə dayanıb biz ona dəstək verə bilmərik. Bütün halda mən o quruma qarşıyam və bundan sonra da Milli Şuraya qarşı olacam. Ona görə də bütün milli qüvvələr ayıq olmalıdır. Çünki olduqca pis oyunlar gedir. Bir tərəfdən "Milyaderlər İttifaqı", digər tərəfdən iqtidara düşmən olan Söyün Sadıqov və ya Abbas Abbasov. Bütün bunlar təhlükəli oyunlardan xəbər verir. "ATA" bloku olaraq bu oyunlara qarşı irəlidə gedəcəyik. Bütün şər qüvvələrə qarşı mübarizə aparmağa həm gücüm, həm də həvəsim var. Eyni zamanda sağlamlığım da buna imkan verir.
Süleyman İsmayılbəyli