“İnsan bir cəmiyyətdə qatildirsə, o birində peyğəmbər, digərində əxlaqsızdır” - Qan Turalı

“İnsan istədiyi hər şeyə çatandan sonra özünü çox bədbəxt hiss edir”

Müsahibimiz yazar, "kulis.az" internet jurnalının baş redaktoru Qan Turalıdır. 

- Çarlz Bukovski deyirdi ki, insanlardan qaçıram, çünki çox dar maraq sahələri var, bayağıdırlar, bundan da əlavə niyyətləri pisdir və zəhlətökəndirlər... Bu baxımdan heyvanlar möhtəşəm varlıqlardır.

- Bir insanın cəmiyyətdən qaçmasının əsas səbəbi onun insanlardan nəsə öyrənəcəyinə inamının olmamasıdır. Adam tənhalığa çəkiləndə elə zənn edir ki, artıq onun insanlardan öyrənəcəyi heç nə yoxdur. Adətən adam daha çox kitab oxuduqca, buna paralel olaraq onun əhatəsində olan insanların sayı da məhdudlaşır. Mən isə daimi olaraq 10-15 nəfər var ki, onlarla görüşürəm. Əvvəllər isə ən azı 30-40 nəfərlə əlaqə saxlayırdım. Lakin getdikcə hiss edirəm ki, siyahıdakı insanların sayı azalır.   

- Təfəkkürü tam formalaşmış bir insanın görəcəyi ilk iş nə olmalıdır?

-  Əgər bir insan dünyaya yeni göz açıbsa, təbii ki, onun görəcəyi ilk iş ağlamağı olacaq (gülür). Şüurlu insan ilkin olaraq özünüdərk xüsusiyyətinə sahib olmalıdır. Özünüdərk fəlsəfi və psixoloji baxımdan insan həyatında başa çatmayan mərhələdir. İnsanın həyatda özünü tapması hər şeydən vacibdir. İnsan özünü müxtəlif formalarda dərk edir. Dərketmə prosesi fiziksəl və beyinsəl ölümədək davam edir, lakin yarımçıq qalır. Qədim yunan məbədlərinin üzərində yazıldığı kimi insan hər şeydən qabaq özünü dərk etməlidir.   

- İnsan üçün ən asan həyat hansıdır?

- İnsan üçün ən asan həyat onun cəhalət içərisində yaşamasıdır. Metafizik, fəlsəfi, ədəbiyyat, insan həyatı, onun mənası ilə bağlı problemləri, həmçinin yaxşı nədir, pis nədir, ölüm nədir, sevgi nədir kimi məsələləri düşünmədən yaşanan həyat çox rahatdır.

- İnsan xeyirxah, təmiz, ədalətli və namuslu olmaq üçün doğulur - Viktor Hüqo belə deyirdi.

- Fəlsəfədə bununla bağlı iki ziddiyyətli fikir var. Onlardan biri Volterə, biri isə Russoya aiddir. Volter belə hesab edir ki, şəhərlər və mədəniyyət insanları inkişaf etdirən əsas məfhumlardır. Amma Russo deyirdi ki, insanları məhv edən elə mədəniyyətdir. İnsanın böyük varlıq olduğuna inanmıram. İnsan bu və ya digər şəkildə hansı mühitin içindədirsə, o mühitin daxilindəki şəraitə uyğun yetişir. İnsan bir cəmiyyətdə qatildirsə, birində peyğəmbər, digərində əxlaqsızdır. Ona görə də Hüqonun söylədiyi fikirlər müəyyən qədər düzgün deyil.     

- Niyə yazarlar spirtli içki və siqaretə bu qədər maraqlıdırlar?

- Əvvəllər mənim özüm çox siqaret çəkirdim, lakin bu gün demək olar ki, onu atmışam. Tək yazarlar yox, Azərbaycan əhalisinin böyük əksəriyyəti siqaretə meyllidir. Siqaret çəkməyin və spirtli içkilərə meylli olmağın səbəbləri müxtəlif cür olur. Söhbət sırf yazarlardan gedirsə, onlar belə düşünürlər ki, yazını siqaretsiz düşünmək olmaz. Bir hekayəni siqaretsiz yazmaq mümkündür. Siqaret çəkmədən çox rahat yazmaq olur.

- Höte deyirdi ki, istər kral, istər kəndli olsun, dünyada ən xoşbəxt insan evində hüzurlu olandır.

- Xoşbəxtlik mənim aləmimdə şərtidir. Çox vaxt insan düşünür ki, istədiyi hər şeyə çatandan sonra xoşbəxt olacaq. Lakin insan bütün istədiklərinə real təsdiq qazandırandan sonra o özünü çox bədbəxt hiss edir. Yəni ki, xoşbəxtlik insan həyatında nisbi xarakterə sahibdir.

- Tural bəy, insanları kitab oxumağa yönəltmək üçün yazarlar hansı ədəbi cərəyan, yaxud janra üstünlük versələr yaxşı olar?

- Son dörd-beş ilə nəzər salsaq görərik ki, əvvəlki illərə nəzərən Azərbaycanda kitab oxumağa qarşı maraq artıb. Vəziyyət o qədər də acınacaqlı deyil, vəziyyət nisbətən yaxşılaşıb. Lakin vəziyyət çox da qənaətbəxş deyil. Bu sahədə daimi bir inkişaf nəzərə çarpır. Hər halda Azərbaycanda kitab oxumaq yenidən dəbə minir. İnsanları kitablara həvəsləndirmək üçün ilk növbədə kitab çapı sahəsindəki vergilər azaldılmalıdır, təhsil sahəsindəki bəzi əskikliklər bərpa olunmalı, televiziyalar axmaq verilişləri kənara qoyub insanlara Azərbaycan xalqının səviyyəsinə, mental dəyərlərinə uyğun proqramlar təqdim etməlidirlər.

- Gənc yazarlar gələcək üçün Azərbaycanın ədəbi mühitinə hansı yenilikləri vəd edirlər?

- Gələcək zamanın çox mübahisəli vaxtıdır. Çünki, gələcəyə verilən və boşa çıxan çox vədlər görmüşük. Ona görə də onu görmək üçün hələlik yaşamaq lazımdır.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31