“Xalq Artisti Yaşar Nuri mənim idealımdır”- MÜSAHİBƏ
5 Avqust 2021 13:56 MüsahibəAzərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Teatrın tarixi keçmişinə nəzər salsaq, görərik ki, müxtəlif tamaşalar qədim zamanlardan mövcuddur. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. Azərbaycan xalq teatrı realist özəllik daşıyıb və əməkçi təbəqələrlə bağlı olub. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil edib. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb.
Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.
Azərbaycan milli teatrının inkişafında, əsası XIX əsrin sonuncu 10 illiyində qoyulmuş Lənkəran teatrının özünəməxsus yeri vardır. Təsadüfü deyil ki, Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışiniski, Cahan xanım Talışiniskaya kimi məşhur sənətkarlar Lənkəran teatrının yetirmələridir. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda xarici ölkələrdə qastrol səfərlərində olmuş və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak etmişdir.
Olaylar.az teatrdakı fəaliyyəti ilə bağlı Lənkəran Dövlət Dram Tetrının direktor müavini Emin Fərzullayevlə qısa bir söhbət etdi. Aktyorun dediklərinə görə gənclər dünyagörüşünü artırmaq üçün mütləq teatr və tamaşalara getməlidirlər:
- Özünüzü oxucularımıza təqdim edin, zəhmət olmasa.
- Fərzullayev Emin Təyyar oğlu. 14 yanvar 1983-cü ildə Lənkəran rayonu Mamusta kəndində anadan olmuşam. 2002-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyirəm. 2004-cü ildə Bakı Mədəni- maarif texnikumunun yaradıcılıq kollektivinin rəhbəri fakultəsini bitirib, təhsilimi başa vurduqdan sonra yenidən teatrda işimi davam etdirmişəm. 2014-cü ilə qədər Bədii Quruluş Hissə müdiri olmuşam. Bu günə qədər isə direktor müaviniyəm.
- Neçə ildir teatr sahəsində işləyirsiniz? Fəaliyyətiniz dövründə hansı tamaşa və ya filmlərdə rol canlandırmısınız?
- Artıq 21 ildir ki, bu sahədəyəm və ömrüm yetdikcə olmağa davam edəcəm. İşlədiyim vaxtdan 35-ə yaxın tamaşada müxtəlif rollar ifa etmişəm. Məsələn, H. Orucovun "Məni qınamayın" əsərində Məmiş, L.Korsunskinin "Fırıldaqçı" əsərində Dima, A.Abdullayevin "İnsan və Şeytan" əsərində Təlxək, Ç.Aytmatovun "Manqurt" əsərində Sabitcan və başqa tamaşalarda müxtəlif rolların ifaçısı olmuşam. Bunlarla yanaşı, "İyirmi il öncə" filmində Əsgər, "Qəzan mübarək, Paşam" filmində Yavər və "Təlatüm" filmində Mafya başçısı obrazlarını ifa etmişəm.
- Mədəniyyətin başqa hansı sahəsinə üstünlük verirsiniz?
- Əsasən, teatrı - aktyorluğu sevirəm və üstünlük verirəm.
- Canlandırdığınız obrazların içərisində ən sevdiyiniz və sizə görə tamaşaçının ən sevdiyi obraz hansıdır?
- Bir var yüngül əsər, bir də var çətin əsər. Düşünürəm ki, Çingiz Aytmatovun "Manqurt" əsəri çətin və ən möhtəşəm əsərlərdən biridir. Məhz buna görə, əsərdəki Sabitcan obrazı ən sevdiyim obrazdır. Çünki, bu obrazın öhdəsindən yaxşı gəlməyi bacarıram. Hidayət Orucovun "Məni qınamayın" tamaşası isə komediya janrında olduğundan, Məmiş obrazı tamaşaçının ən sevdiyi obrazdır.
- Bir aktyor kimi özünüzdə hansı xüsusiyyətləri bəyənirsiz?
- Canlandırdığım rolu daxilimdə yaşamağı və onu tamaşaçıya məharətlə çatdırmağı bacarıram. Bu özümdə ən sevdiyim xüsusiyyətimdir.
- Azərbaycan Teatr sahəsində hansı aktyoru idealınız kimi görürsünüz və bunu səbəbi nədir?
- Azərbaycanın dəyərli Xalq Artisti Yaşar Nuri mənim idealımdır. Çünki, bacarıqlı aktyor, rejissor olmaqla yanaşı, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı idi. Bu isə hər adamın işi deyil.
- Azərbaycanın bugünkü teatr sənəti haqqında nə deyə bilərsiniz?
- Bu çox dərin mövzudur, haqqında çox şey demək olar. Sadəcə onu deyə bilərəm ki, ümid edirəm, yaxın illərdə hər şey daha yaxşı olar.
- Gənclərimizə, oxucularımıza nə demək istəyirsiniz?
- Gənclərimiz mütləq teatrlara, tamaşalara getsinlər. Bu onlara böyük mənəvi dəstək, dünyagörüşlərinin artmasında böyük yardımcı olacaq.
Teatr müasir incəsənət aləmində ən vacib yeri tutur və buna görə də geniş auditoriya üçün nəzərdə tutulmuşdur və hər gün daha çox yeni tamaşaçı cəlb edir. Çox vaxt müasir teatrlarda məşhur klassiklərin əsərlərinə həsr olunmuş pyeslər var, bu yeni biliklər əldə etməyə və tarixlə daha yaxından tanış olmağa imkan verir.
Teatr bizim milli dəyərimizdir, onu qoruyub, inkişafı üçün gələcək nəsillərə ötürməliyik.
Röyalə Xəyal