“Bizim mübarizə yolumuz mitinqlərdən keçmir” - MÜSAHİBƏ
Fazil Mustafa: “Küçə-meydam və başqa ab-havada müxalifətin daha şox məğlubiyyətə aparıldığını görürük”
19 İyun 2012 15:15 MüsahibəMüsahibimiz Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır.
- Fazil bəy, mətbuata açıqlamanızda rəhbərlik etdiyiniz partiyanın realist partiya olduğunu və mitinq taktikasına qarşı olduğunu bildirmisiniz. Bunu sizin siyası fəaliyyətinizin ana xətti kimi qəbul etmək olar?
- Bizim mübarizə yolumuz mitinqlərdən keçmir. Bizim yolumuz cəmiyyətdə insanları emosiya ilə deyil, ağıl və düşüncə ölkənin gələcəyi ilə bağlı islahat zərurətinə inandırmaq və insanları buna cəlb etməkdir. Ona görə də küçə-meydan və başqa ab-havada müxalifətin daha şox məğlubiyyətə aparıldığını görürük. Fikirlərdən daha çox emosiyaların önə çıxdığını görürük. Biz bu məsələdə fikirlərin daha çox önə çıxmasına üstünlük verən partiyayıq. Real vəziyyəti doğru-düzgün qiymətləndirərək fəaliyyətimizin cəmiyyətə təsir etməsinə çalışan bir siyasət sərgiləyirik.
- Bəs realist partiya fəlsəfəsi hansı anlamda başa düşülməlidir?
- Bəziləri deyir, real müxalifətik, biz isə fikrimizi əsaslandırırıq ki, biz realist müxalifətik. Əslində Azərbaycanda real müxalifət anlayışı yoxdur. Realist və idealist müxalifət var. Realist olmayan müxalifətin cəmiyyətə vurduğu zərbə illərlə daha böyük olub. Hesab edirik ki, insanları daha proqmativ və realist maraqlara doğru aparmaq yerində olar və Azərbaycan cəmiyyəti bundan faydalanar.
- Belə məlum olur ki, İctimai Palatanın seçdiyi mübarizə yolu sizi qane etmir.
- Təbii ki, mən bu metodu qəbul etmirəm. Elə mitinqlər ola bilər ki, biz də orada iştirak edə bilərik. Siyasi hakimiyyət uğrunda mitinq yolu ilə hansısa problemı çözmək çıxış yolu deyil və uduşa aparmır. Azərbaycan cəmiyyəti hər hansı partiyanı dəstəkləsə mitinqə çıxmadan belə onu hakimiyyətə gətirə bilər. Biz ciyasi hakimiyyət uğrunda aparılan mübarizə yolunu bunda görürük.
- ABŞ Dövlət Katibi Hillari Klintonun Azərbaycana səfərini necə dəyərləndirirsiniz? Bu səfər iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?
- Hillari Klintonun Azərbaycana səfərini Azərbaycan üçün çox uğursuz hesab edirəm. Ona görə ki, Klintonun Ermənistanda verdiyi açıqlama birbaşa Azərbaycanın maraqlarına ziddir və erməniləri dəstəkləmə xarakteri daşıyır. Bu baxımdan bu səfər sadəcə Azərbaycana özünün maraqları üçün lazım olan həddə Azərbaycandan istifadə niyyəti olduğunu göstərdi. Məsələn, Əfqanıstan məsələsində lazımdırsa Azərbaycan var, amma torpaqların işğal olunması, Azərbaycanın qaçqın və məcburi köçkün probleminin həllində hər hansı şəkildə Amerikadan dəstək almayacağını bəyan etdi.
- Sizcə, Hillari Klintonun Azərbaycan müxalifətilə görüşməməsi nə ilə bağlı idi?
- Belə görüş regionda yalnız Gürcüstanda keçirildi. Hesab edirəm ki, bu məsələdə seçilən taktika yanlışdır. Ermənistanda nə edibsə, onu Azərbaycanda da təkrarlamaq doğru deyil. Əslində bu standartlar bir az dəyişməlidir. Hər halda xanım Klintonun parlament müxalifətilə görüşməsi daha yaxşı olardı. O baxımdan ki, ölkənin problemləri ilə bağlı daha real münasibət görərdi, həm də ki, müəyyən baxışlarla tanış olardı. Təəssüf ki, davranışlarda tam demokratiklik çatışmır.
- Hilları Klintonun Azərbaycanla bağlı verdiyi bəyanatları bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqinin davamı kimi qəbul etmək olar?
- Klintonun Azərbaycanla bağlı verdiyi aşıqlamaları ölkəyə qarşı beynəlxalq təzyiqin tərkib hissəsi kimi qəbul etmək düzgün olmazdı. Ermənistanda etdiyi davranışı mexaniki olaraq Azərbaycanda təkrar etməsilə guya iki ölkəyə eyni yanaşmanı göstərdi. Əslində isə bununla Ermənistana dəstək verdi.
Alim