“Çıxıb hamı səhvlərini etiraf etməlidi” - MÜSAHİBƏ
Ramil Hüseynov: “Səhvi olanlar millətdən üzr istəyib kənara çəkilməlidi”
24 May 2013 15:05 Müsahibə"Bu siyasi fəlsəfə ilə onlar bundan sonra da heç bir nəticə əldə edə bilməyəcəklər"
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun "OLAYLAR"-a müsahibəsi
-Ramil müəllim, Vətəndaş və İnkişaf Partiyasının prezident seçkilərinə hazırlıq prosesi necə gedir?
-Məlumat üçün qeyd edim ki, bu il aprel ayının 7-də partiyanın məclisində seçkilərdə iştirakla bağlı qərar qəbul olunub. Həmin qərara müvafiq olaraq VİP -in Mərkəzi Aparatı seçki ilə bağlı təqvim planı hazirlayıb. Artıq təşkilati işləri gücləndirmişik. Partiyanın gənclər təşkilatı yenidən formalaşıb. Hazırda qadın təşkilatımızı formalaşdırırıq. Digər tərəfdən partiyada Bakı kəndləri icması yaradılır. Artıq bu çərçivədə bir neçə yığıncaq keçirilib və mühüm qərarlar qəbul olunub. Demək olar ki, Bakının bütün kəndlərin də davamlı görüşlərimiz keçirilir. Hər kənd üzrə nümayəndələr müəyyənləşib. Muəyyən texniki məsələlər qalıb ki, onlar da həll olunduqdan sonra Bakı kəndlər icması partiyanın namizədinin təbligatı və kəndlərdə daha geniş görüşlərimizin keçirilməsini həyata keçirəcək. Ümumilikdə isə prezident seçkilərində namizədliyini irəli sürdüyümüzü VİP sədri Əli Əliyevin ölkədə ən şanslı namizədə çevrilməsi istiqamətində fəaliyyətimizi gücləndirəcəyik.
-Partiya olaraq hazırda müxalifətdaxili vəziyyəti necə dəyərləndirirsiniz?
-Müxalifətdəki vəziyyəti hər seçkiqabagı olduğu kimidir. Yəni son iyirmi ildə müxalifətin vəziyyətində həlledici dəyişiklik müşahidə olunmur. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, hazırda müxalifətdaxilı proseslər düşərgəni növbəti sürükləmək yönündə aparılır. Belə təəssürat yaranır ki, müxalifətdəki bir çox siyasətçilər seçkidə muəyyən həddə qədər şəxsi maraqlarını, yaxud da hansısa başqa qüvvələrin maraqlarını təmin etmək üçün seçkiyə qatılırlar. Elə bil onlar qələbə üçün yox, məglubiyyət üçün bu prosesdə iştirak edirlər. Amma umid edək ki, bu seçkidə hər namizəd qələbə qazanmaq üçün çalışacaq, Bunun ehtimalı az da olsa bir vətəndaş kimi mən bunu arzu edirəm. Öz adımızdan deyə bilərəm ki, VİP bu seçkiyə qələbə qazanmaq üçün qoşulur.
-Seçkilərə qədər olan müddətdə VİP yenidən hansısa partiya ilə əməkdaşlıq formatı yaratmaq barədə düşünəcəkmi, yoxsa seçkiyə müstəqil şəkildə getmək tam qərarlaşdırılıb?
-Biz partiya olaraq heç bir kənar namizədi dəstəkləmək niyyətində deyilik. Bu seçkidə sona qədər partiyanın namizədini dəstəkləyərək, seçkidə iştirak edəcəyik. Bunun da səbəbi var. Biz 2010-cu il parlament seçkilərindən dərhal sonra seçkidə partiya olaraq iştirak edən siyasi qurumlara müraciət etdik ki, bir araya gələk, müxalifət birləşsin və növbəti seçkilərə qədər öz addımlarımızı müəyyənləşdirək. Lakin nəticəsi olmadı. Seckiyə az vaxt qalmış deyirlər ki birləşək, vahid namizəd olsun. Seckiyə 4 ay qalmış birləşib hansı nəticə əldə edə biləcəklər - mənə çox maraqlıdır. Nəzərə almaq lazımdı ki, hakimiyyətin kifayət qədər gücü, həm maddi, həm də digər resursları var. Biz o zamandan daxilimizdə təşkilati işlərimizi gücləndirdik, partiyanın Nizamnaməsinə uyğun olaraq rayon təşkilatlarımızı inzibati ərazi prinsipi üzrə deyil, seçki dairələri prinsipi əsasında yenidən qururuq və bu proses uğurla davam edir və artıq yekunlaşmaq üzrədi. Bu baxımdan, biz seçki prosesində öz namizədimizlə sona qədər iştirak edəcəyik və başqa namizədi dəstəkləməkdən söhbət gedə bilməz. Biz kimisə dəstəkləmək haqqında yox, bizim namizədimizi dəstəkləyən geniş koalisiya yaratmaq barəsində düşünürük. Yadınıza salım, İctimai Palata yarananda bəyan edirdilər, biz parlament seçkilərinin nəticələrini ləgv edəcəyik, Azərbaycanda inqilab olacaq və.s . Amma indi özləri artıq etiraf edirlər ki, İP elan etdiyi həmin məqsədə çata bilmədi. Baxmayaraq ki, İP-də təmsil olunanlar özlərini ən güclü və cəmiyyətdə təşəbbüsü ələ alan partiyalar hesab edirdilər. Lakin göründüyü kimi, heç bir nəticə əldə edə bilmədilər. Belə siyasi fəlsəfə ilə onlar bundan sonra da heç bir nəticə əldə edə bilməyəcəklər. Biriləri "Əgər mənim təşəbbüsümlə qurum yaranırsa yaransın, əks halda biz orada olmayacağıq" düşüncəsi ilə hərəkət edirlər. Bu artıq müxalifət liderlərinin bir neçəsinin cılız hisslərlə yaşadıqlarının bariz nümunəsidir.
-Xəbər portallarının keçirdiyi sorğularda VİP sədrinin hətta AXCP və Müsavat başqanını geridə qoyması onu deməyə əsas verirmi ki, cəmiyyətin artıq müxalifətdəki köhnə simalara inamı və etimadı azalıb?
-Bir neçə xəbər portallarında müxalifətin vahid namizədi ilə bağlı sorğular keçirilib. Dediyiniz kimi, həmin sorğuların əksəriyyətində VİP sədri Əli Əliyev qalib gəlib. Bu onu göstərir ki, cəmiyyət yeni lider axtarışındadı, yeni simalardan nəsə umur, nəsə gözləyir. Bu təfəkkürlə də seçimlərini həmin kriteriyalara uyğun gördükləri Əli Əliyevin xeyrinə edirlər. Burada bir məqamı da qeyd etmək istəyirəm. Bilirsiniz ki, ölkədə internet istifadəçilərinin mütləq hissəsini gənclər təşkil edir. Həmin sorğularda Əli Əliyevin qələbəsi də gənc nəslin ölkə siyasətçilərinə münasibətinin göstəricisidir. Mən o insanların hamısına öz dərin təşəkkürümü bildirirəm. Əgər hakimyyət seçkilərin demokratik keçirilməsinə imkan versə, namizədlər üçün bərabər şərait yaradilsa, biz seçkidə qələbə qazanmaq əzmindəyik.
-Görünən odur ki, müxalifət bu seçkiyə də parçalanmış halda gedəcək. Sizcə, uzun illərdir müxalifətin bir araya gələ bilməməsinin başlıca səbəbi nədir?
-Müxalifətin bir araya gələ bilməməsi bəzi müxalifət liderlərinin müxalifəti monopoliyada saxlamaq cəhdləridir. Mənə elə gəlir ki, həmin insanlar özləri də bilirlər ki, bunun nə özlərinə, nə millətimizə, nə də dövlətimizə xeyri yoxdur. Bu heç bir uğur gətirməyən bir siyasi xarakterdi. Belə yanaşmalar təbii ki, müxalifət daxilində birləşməyə imkan vermir.
-Vətəndaş və İnkişaf Partiyasının Milli Şura ideyasına ciddi cəhdlə qarşı çıxması bu ideyanın Rusiyadan qaynaqlanması ilə bağlı ola bilərmi?
-Son aylarda Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlik və bu çərçivədə hadisələrin inkişafı Milli Şura ideyasının öz başlanğıcını məhz Rusiyadan götürdüyünü deməyə imkan verir. Hesab edirik ki, Milli Şura Rusiyanın Azərbaycanı tamamilə öz təsir dairəsinə almaq məqsədi ilə təzyiq xarakterli təşəbbüsdür. Ona görə də, VİP olaraq, Azərbaycanın suverenliyinə təhlükə kimi gördüyümüz o prosesdə iştirak etmirik və bu, mümkün də deyil.
Yeri gəlmişkən, Milli Şuranın yaradılmasına çalışanlar cəmiyyətin diqqətini Rusiya faktorundan yayındırmaq üçün şantaja əl atmağa başlayıblar. Yəni özlərini təmizə çıxarmaq üçün onları tənqid edənləri hakimiyyətlə işbirliyində suçlamağa cəhd göstərirlər. Bu böhtanlar da təsdiqləyir ki, həmin adamlar artıq normal düşünmək və danışmaq qabiliyyətini itiriblər. Bu da onların psixoloji durumlarının pozulduğunu göstərir.
Süleyman İsmayılbəyli