Ortada böyük bir oyunbazlıq, şou var - FİKİR

Əhməd Oruc: “Milli adla danışanların milli kimliyi bir qədər şübhəlidir”

"Yalançı ana müxalifətçilərin heç birini qəbul etmirəm"

Rusiyanın adamı kimi tanınan kinorejissor Rüstəm İbrahimbəyovun yaratmaq istədiyi Milli Şuraya qarşı çıxan siyasi qüvvələrdən biri də Demokratik Qüvvələrin Məşvərət Məclisidir. Qurumda təmsil olunan partiyaların əksəriyyəti, eləcə də Azadlıq Partiyası Milli Şura ideyasını ziyanlı hesab edirlər. DQMM-nin Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc "OLAYLAR"-a verdiyi müsahibədə Milli Şura ideyasına qarşı çıxmaları səbəbinə aydınlıq gətirib. Partiya sədri hazırda müxalifət daxilində mövcud olan vəziyyət barədə də danışıb.

-Əhməd bəy, Demokratik Qüvvələrin Məşvərət Məclisi və Azadlıq Partiyasının ciddi cəhdlə Milli Şura ideyasına qarşı çıxması nə ilə bağlıdır?

-Kim nə istəyir, gedib düzəltsin, biz ona qarışmırıq. Əgər bu millət üçün xeyirlidirsə, Allah xeyir versin. Bütün halda biz buna qatılmırıq. Ümumiyyətlə, bir ilə yaxındır ki, bu məsələ ətrafında fikirlər səsləndirilir. Əvvəlcə Ziyalılar Forumu gündəmə gəldi, sonradan iddia edildi ki, müxalifət bir araya gətiriləcək. Bir müddət sonra üçüncü qüvvə nəzəriyyəsi üzə çıxdı, "EL" Hərəkatı yaradıldı. İndi də Milli Şura məsələsi ortaya atılıb. Beləcə ortada böyük bir oyunbazlıq, şou var. Uzun illər milli proseslərdə qorxub-çəkinmədən addımlayan bizlərik. Əgər onlar Milli Şuradırlarsa, o halda bizlər kimik? Onlar kim gəldi onun əmrini yerinə yetirməyə hazır olan buqələmunlardır. Adama demək lazımdır ki, sən get ilk növbədə tərcümeyi halına, keçmişinə bax. Zamanında kimlərlə, hansı oyunlardan çıxmısan, indi isə gəlib Milli Şura yaradırsan. Sən nə bilirsən ki, millət kimdir. Kim özünü Napoleon, Hannibal, Makedoniyalı İsgəndər hesab edirsə bizdən bir qədər kənar olsun. Biz özümüzün gündəlik işlərimizlə məşğuluq və onlarla başqa problemlərimiz yoxdur.

-Ancaq Məşvərət Məclisində təmsil olunan bəzi partiyaların da adı Milli Şurada hallandırılır. 

-Demokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan 3 partiyanın da adı zaman-zaman Milli Şura ilə əlaqələndirilib. İddia edilib ki, guya Azərbaycan Milli İstiqlal, Açıq Cəmiyyət və Liberal  partiyaları da Milli Şurada təmsil olunacaq.  Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq sonuncu iclasımızda bu məsələ müzakirəyə çıxarıldı. Bildirildi ki, kim Milli, lilli və ya gilli Şuraya getmək istəyir buyursun. Yetər ki, imkan verin işimizlə məşğul olaq. Adıçəkilən 3 partiya da bildirdi ki, Demokrtik Qüvvələrin Məşvərət Məclisi olaraq öz fəaliyyətimizi gücləndirməliyik. Növbəti toplantılarımızdan birində Demokratik Qüvvələrin Məşvərət Məclisinin qarşıdan gələn president seçkilərində hansı formada iştirak edəcəyinə dair məsələ müzakirə olunacaq.

-Ümumiyyətlə, Milli Şuranın perspektivinə inanırsınızmı?

-Mən Milli Şuranın hansısa nəticə əldə edəcəyinə inanmıram. Çünki bu gün milli adla danışanların milli kimliyi bir qədər şübhəlidir.

-AXCP və Müsavat Partiyasının Milli Şura ideyasına dəstək verməsini necə qarşılayırsənız?

-AXCP və Müsavat başqanı uzun müddət hərəkatda olmuş insanlardır. Ancaq təssüflər olsun ki, bu şəxslər Mirmahmud Mirəlioğlu və ya Əhməd Orucla deyil, hakimiyyətin istifadə edib yararsız kimi atdığı insanlarla bir yerdə olmağı daha üstün tuturlar. Bu da onu göstərir ki, həmin şəxslər də çox şeyləri itiriblər.

-Sizin Milli Şura ideyasını dəstəkləməməniz həmin ideyanın Rusiyadan qaynaqlandığından irəli gəlmirmi?

-Mən ümumilikdə Rusiya hökumətinn Milli Şuranın arxasında durduğuna da inanmıram. Ola bilər ki, Rusiyada kimsə fərd olaraq bu ideyaya dəstək verir. Ümumilikdə götürəndə Rusiyanın bugünkü məqsədi Azərbaycanı sıxıb Avrasiya İttifaqına razı salmaqdır. Rusiya gözəl bilir ki, 20 ildir yalandan irəli-geri gedib heç nəyə nail ola bilməyən qüvvələrlə hakimiyyəti qazanmaq olmaz. Onların kimliyi artıq hamıya bəllidir. Biri 1 hektar torpağa görə hakimiyyətdən narazı düşüb, digəri on il parlamentdə yalançı ana müxalifətçilik edib. Mənim üçün əsas prinsip ondan ibarət olmalıdır ki, hansı qurum yaradılırsa onun prinsipləri şəffaf, yaradılma mexanizmi aydın olmalıdır. Həmin qurumda kimlər təmsil olunacaq onunla bağlı aydın, birmənalı mövqe ortada olmalıdır. Bunlar özlərinə uyğun birini hansısa dərədən tapıb gətirirlər və deyirlər ki, Milli Şura olacaq. Eyibdi bu cür şeylər. Bunlar ya özlərini, ya da təmkinlərini itiriblər. Bəlkə bu ağılla özünüz üçün BMT yaradasınız.

-Demokratik Qüvvələrin Məşvərət Məclisinin seçkilərlə bağlı mövqeyi konkret nədən ibarət olacaq?

-Hələlik dəqiq demək olmaz. Biz razılaşmışıq ki, növbəti yığıncaqların birini sırf Məşvərət Məclisinin seçkilərdə hansı formada iştirakına həsr edək. Həmin iclasda Demokratik Qüvvələrin Məşvərət Məclisinin seçki blokuna çevrilib çevrilməyəcəyi, qurumun vahid namizədinin olub-olmayacağı müəyyənləşdiriləcək. Yəqin ki, növbəti ayda bu məsələ müzakirə olunacaq.

-Sizcə, Demokratik Qüvvələrin Məşvərət Məclisinin vahid namizədi kim ola bilər?

-Açığı bu məsələlər hələlik bizdə müzakirə olunmayıb. Azadlıq Partiyası qarşıdan gələn prezident seçkilərində mənim namizədliyimlə iştirak etmək barədə qərar qəbul edib. Ona görə də seçkilərdə kimi dəstəkləyəcəyimi desəm inandrıcı olmaz. İkincisi, bizdən üstün, Azərbaycanın maraqlarına daha uyğun fəaliyyət göstərə biləcək, ictimai rəy tərəfindən qəbul olunan, prezident seçiləcəyi təqdirdə Azərbaycanın problemlərini həll edə biləcək hansısa namizəd olsa bizə həmin şəxsin xeyrinə geri çəkilə bilərik. Ancaq yalançı ana müxalifətçilərin heç birini qəbul etmirəm və onların heç birinin namizədliyi ətrafında müzakirədən söhbət gedə bilməz. Siyasi səhnəyə yeni adam, yeni təfəkkür və baxışlar gəlməlidir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31