Millət vəkili kimi fəaliyyətimi vicdanla, ləyaqətlə yerinə yetirməyə çalışıram- MÜSAHİBƏ-ÖZƏL
19 Aprel 2021 12:00 MüsahibəCavid Osmanov: "Boş vaxtlarda ilk növbədə ailəmə zaman ayırır, övladlarımın təhsili və digər qayğıları ilə maraqlanıram"
"OLAYLAR" İnformasiya Agentliyi və qəzeti olaraq bu sayımızdan etibarən yeni bir rubrikaya start veririk. Milli Məclisin deputatları ilə həyata keçirəcəyimiz rubrika "Deputat vaxtı" adlanacaq. Əsasən deputatın gündəlik iş qrafiki, fəaliyyəti, eyni zamanda Milli Məclisdə təmsil olunan ana qədər keçdiyi həyat yoluna qısa nəzər salmağı hədəfləyən rubrikamızın ilk qonağı 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Cavid Osmanov oldu. Cavid Osmanovla "Deputat vaxtı"nda millət vəkili bir sıra maraqlı məqamları oxucularımızın diqqətinə çatdırdı.
![]()
-Cavid müəllim, məlumat verim ki, rubrikamızın adı "Deputat vaxtıdır". İlk sualım belədir. Deputat Cavid Osmanovun vaxtı, gündəlik iş zamanı, bölgüsü nədən ibarətdir?
-Düşünürəm ki, deputatın hər günü, istər bayram, istərsə də qeyri-iş günləri olsun, onun iş günü hesab olunur. Biz adətən gündəlik deyil, həftəlik iş proqramımızı planlaşdırırıq. Bura Milli Məclisin plenar iclasları, komitə iclasları, hansısa konfrans və digər bu kimi tədbirlərdə iştirak etmək daxildir. Eyni zamanda millət vəkili kimi gündəlik olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin keçirdiyi görüşlər, imzaladığı fərman və sərəncamlar, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qəbulları, iştirak etdiyi görüşləri izləyir, onların fikirləri, tövsiyələrindən irəli gələrək öz fəaliyyətimizi daha da təkmilləşdiririk. Bütün bunlarla yanaşı seçicilərimizlə mütəmadi olaraq əlaqədə olmaq, onlarla görüşüb qayğı və problemlərini dinləmək də deputat fəaliyyətimizə daxildir.
-Seçiciləriniz üçün günün bəlli bir zamanını, yəni vaxt müəyyən etmisinizmi, ayırmısınızmı, yoxsa seçici günün istənilən anında deputatla əlaqəyə girib onun belə demək mümkünsə vaxtını ala bilər?
-Məlumat üçün qeyd edim ki, ay ərzində 2 dəfə seçicilərin qəbul gününü müəyyən etmişik. 90 saylı Ağdaş seçki dairəsi üzrə fəaliyyət göstərən koməkçim vasitəsilə də seçicilərin problemləri dinlənilir. Eyni zamanda sosial şəbəkə, telefon, email ünvanına göndərilən müraciətlər əsasında da seçicilərin müraciətlərinə diqqət ayırırıq. Onu da qeyd edim ki, sosial şəbəkə üzərindən daha çox müraciətlər olur və həmin müraciətləri də diqqətdə saxlayır, onların həlli istiqamətində çalışırıq. Mənim və könəkçimin telefon nömrələri əksəriyyət seçicidə var və istənilən vaxt seçici bizimlə təmasda olub istəyini, problemini bizə çatdıra bilir. Bundan başqa qəbul günlərindən əlavə rayonda olduğum müddətdə hansısa bir seçici mənimlə görüşmək istəyirsə, dərhal onun istəyini nəzərə alır və qəbul günlərindən kənar vaxtlarda da həmin müraciətlər əsasında seçici ilə görüş keçirilir.
-Hər kəsin uşaqlıqdan müəyyən arzuları olur. Kimisi prokuror, kimisi həkim, kimisi də mühəndis və ya bir başqa sahənin sayılıb seçilən biri olmaq istəyir. Bəs, Cavid Osmanov necə, uşaqlıqdan elə deputat olmaq istəyirdiniz, yoxsa qarşınıza qoyduğunuz məqsəd başqa idi?
![]()
-Əlbəttə ki, uşaqlıqda hər kəsin öz arzusu olur və həmin arzuları həyata keçirmək üçün yeniyetmə vaxtlarda bu istiqamətdə çalışır, məqsədə nail olmaq istəyirsən. Əslində mənim uşaqlıqdan istəyim ondan ibarət olub ki, hər zaman insanlarla, sosial təbəqə ilə işləyim. Bu baxımdan gənc vaxtlarımdan Rayon Gənclər İdarəsinin rəisi, şəhər icra nümayəndəsi kimi vəzifələrə uyğun olaraq, eyni zamanda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri kimi hər zaman insanlarla ünsiyyətdə olub, onlarla işləmişəm. Millət vəkili olana qədər də 10 ilə yaxın müddətdə Ağdaş rayon icra hakimiyyətinin başçısının birinci müavini kimi sosial təbəqə ilə, insanlarla təmasda olub, onlarla işləmişəm. Beləliklə, tutduğum vəzifələr və insanlarla iş, hazırda da millət vəkili kimi fəaliyyətim mənim uşaqlıq arzularımın bir hissəsini reallaşdırıb.
-Yeri gəlmişkən deputat olmaq fikri, məramı haradan qaynaqlandı?
-Qeyd etdiyim kimi 2007-ci ildən Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədriyəm. 2015-ci ildə Ağdaş rayonunda keçirilən ümumi parlament seçkilərində 90 saylı Dairə Seçki Komissiyasının nəticələri ləğv olundu və ölkə prezidentinin sərəncamı ilə 2016-cı ilin iyun ayında təkrar seçkilər təyin olundu. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə partiyanın vahid namizədi kimi təkrar seçkilərdə iştirak etdim və V çağırış Milli Məclisə deputat seçildim. Həmçinin Yeni Azərbaycan Partiyasının namizədi olaraq VI çağırış Milli Məclisə keçirilən seçkilərdə iştirak edərək millət vəkili seçilməyim mənə nəsib oldu. Əlbəttə ki, millət vəkili olmaq böyük bir şərəfdir və bununla yanaşı həm də böyük bir məsuliyyətdir.
-Etiraf edək ki, deputat üçün də fəaliyyət, xüsusilə seçicilərlə işləmək o qədər də asan olmur. Səmimi deyək ki, deputata qəti aidiyyatı olmayan bir işin həll olunmasını ondan tələb edən seçicilər də az deyil. Bu mənada belə hallarla üzləşəndə öz-özünüzə də olsa deyirmisiniz ki, mən nə üçün deputat oldum. Qısası bu fəaliyyətdən bezdiyiniz zaman olur?
-Əlbəttə, bəzən bizə daxil olan müraciətlərdə millət vəkilinin səlahiyyətinə aid olmayan müraciətlərə də rast gəlirik. Eyni zamanda qeyri-qanuni müraciətlər də olur. Ancaq çalışırıq ki, seçicilər, vətəndaşlarımız bu cür müraciətlər edəndə onlara izahatlar verək, onları aidiyyati üzrə istiqamətləndirək, həmin müraciətlərin millət vəkilinə aid olmadığını seçicilərin diqqətinə çatdıraq. Bütün bunlara rəğmən tam səmimi deyirəm ki, heç vaxt bezdim, yoruldum kimi fikirlər ağlımın ucundan belə keçməyib. Yuxarıda da qeyd etdiyim kimi millət vəkili olana qədər də tutduğum vəzifələrlə bağlı insanlarla hər zaman yaxından ünsiyyətdə olub, onlarla işləmişəm və bundan da zövq almışam. Ümumiyyətlə, hər kəs gərək tutduğu vəzifədən, gördüyü işdən zövq alsın.
-Seçicilərinizi daha çox hansı problemlər, məsələlər narahat edir və həmin problemlərin həllinə nə dərəcədə nail ola bilirsiniz?
-Hər dövrün öz tələbi var və bu baxımdan seçicilərimizin müxtəlif problemləri mövcuddur. Biz də öz növbəmizdə çalışırıq ki, seçicilərimizi narahat edən problemləri mümkün dərəcədə tez həll edək və həmin problem tam mənada həllini tapana qədər nəzarətimizdə saxlayaq. Əlbəttə ki, bütün problemlər həllini tapmır və mümkün deyil ki, hər bir müraciət 100 faiz tam həllini tapsın. Ancaq mümkün olan müraciətləri, yəni millət vəkilinə aid olan işləri, eləcə də millət vəkilinin həmin müraciəti müvafiq quruma göndərməsi mümkün olan məsləni həll etməyə çalışırıq. Ümumiyyətlə, bütün müraciətlərə həssaslıqla yanaşırıq və çalışırıq ki, insanları narahat edən problemlərin həllinə öz töhfəmizi verək. Nəticə etibarilə seçicilərimizin, vətəndaşlarımızın problemləri öz həllini tapsın.
-Deyə bilərikmi seçiciləri Cavid Osmanovdan razıdır?
-Düşünürəm ki, bu sualın cavabını seçicilərimiz daha yaxşı verə bilər. Deputat kimi özümü qiymətləndirmək hesab edirəm ki, düz olmaz. Ancaq onu deyə bilərəm ki, millət vəkili kimi fəaliyyətimi vicdanla, ləyaqətlə yerinə yetirməyə çalışıram. Seçicilərimizə, ölkəmizə, xalqımıza, dövlətimizə, mənsub olduğum partiyaya hansısa formada fayda vermək üçün hər zaman çalışmışam.
-Yuxarıda da qeyd etdiyim kimi fəaliyyətiniz kifayət qədər çətin və ağırdır və nəzərə alsaq ki, VI çağırış Milli Məclisin fəaliyyəti həm də pandemiya və Vətən müharibəsi dövrünə düşdü, o zaman millət vəkilin fəaliyyətinin nə dərəcədə ağır olduğu ortadadır. Bəs, bütün bunların qarşılığında deputat Cavid Osmanov özünə vaxt ayıra bilirmi və əgər ayıra bilirsə həmin vaxtı adətən kiminlə, hansı atmosferdə keçirməyi xoşlayır?
-Çox qürurverici haldır ki, VI çağırış Milli Məclis deputatlarının fəaliyyət dövrü ilk növbədə 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizə təsadüf etdi. Bundan sonra biz həm də qalib ölkənin deputatı kimi tanınacaq, fəaliyyətimizi davam etdirəcəyik. Bu Azərbaycanın ən şanlı tarixidir. Təkcə müstəqillik dövrü deyil, bütövlükdə ölkəmizin bütün dövrlərinin ən parlaq qələbəsi, şanlı tarixidir. Sizin də qeyd etdiyiniz kimi VI çağırış Milli Məclisin fəaliyyəti həm də bütün dünyanı cənginə alan koronavirus pandemiyası dövrünə təsadüf etdi. Hər kəsə bəllidir ki, bu pandemiya bütün dünya düzənini dəyişib. Hər bir sahədə olduğu kimi pandemiya Milli Məclis üzvü kimi bizlərin fəaliyyətinə də təsirsiz ötüşməyib. Buna baxmayaraq maksimum dərəcədə çalışmışıq ki, deputat olaraq pandemiya dövründə üzərimizə düşən vəzifələri yerinə yetirək. Heç kəsə sirr deyil ki, pandemiyanın özü ilə gətirdiyi çətinliklər də var. Ancaq bütün bunlara baxmayaraq işimizin öhdəsindən gəlməliyik. Çünki bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Ona görə də hər birimiz çalışmalıyıq ki, fəaliyyətimizi pandemiya qaydalarına uyğun quraq.
O ki qaldı deputat olaraq özümə vaxt ayıra bilmək və həmin vaxtı kimlərlə keçirdiyim barədə suala, desəm ki, 24 saat çalışıram və özümə vaxt ayıra bilmirəm, yalan danışmış olaram. Əslində özümə də zaman ayıra bilirəm. İlk nöbədə çalışıram ki, boş zamanımda fiziki işlə məşğul olum. Adətən axşam saatlarında televiziya kanallarında xəbərləri dinlədikdən sonra açıq havada gəzməyə üstünlük verirəm. Bunu bəzi hallarda ailəmlə, bəzən isə tək olaraq edirəm. Bəzən dostlarla da gəzintiyə çıxıram. Eyni zamanda boş vaxtlarda ilk növbədə ailəmə zaman ayırır, övladlarımın təhsili və digər qayğıları ilə maraqlanıram. Həmçinin dostlarıma da vaxt ayırıb, onlarla görüşməyə, söhbətləşməyə çalışıram. Yaxşı futbol qarşılaşması olanda onu da izləməyə zaman ayırıram.
Süleyman İsmayılbəyli