“Piylənmə ana olma şansını azaldır...” - MÜSAHİBƏ

Dietoloq həkim Ləman Süleymanovanın Olaylar İA-ya müsahibəsi.

Səhiyyə Nazirliyinin son açıqlamasına görə, Azərbaycanın 60% əhalisi piylənmədən əziyyət çəkir. Apardığım müşahidələrə əsasən belə bir nəticəyə gəlmişəm ki, bunun 40%-ni gənc nəsil təşkil edir və gənc nəsildə də piylənmə müxtəlif fəsadlara gətirib çıxarır. Piylənmə müxtəlif səbəblərdən : endokrinoloji xəstəliklər,hormonal pozğunluqlar, şəkərli diabet, qida rejiminin pozulmasından yarana bilər. Piylənmə özü də müxtəlif xəstəliklərə gətirib çıxarır. Piylənmə nəinki xarici orqanlarda, daxili orqanlarda da özünü göstərir. Gənc xanımlarda piylənmə onların ailə qurduqdan sonra ana olmaq şansını azaldır. Təbii ki, bu acınacaqlı bir haldır.

-Ləman xanım, gənc nəsildə piylənmə əsasən nədən baş verir?

-Gənc nəsildə - şagirdlərdə, tələbələrdə qida rejiminin pozulması maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Gənclər düzgün qidalanmır vaxtlı-vaxtında yemək yemirlər, fastfood yeməklərinə daha çox üstünülk verirlər, gündəlik olaraq qazlı içkilər içirlər. Bu onların artıq gündəlik qida rejiminə çevrilib. Gənclərin əksəriyyətində bu səbəbdən piylənmə baş verir. Bundan əlavə, bildiyimiz kimi qış fəsli geridə qalıb, çünki qış fəslində qidaya tələbat artır, xanımların əksəriyyəti yay aylarında arıqlamağa çalışırlar. Ümumiyyətlə, çalışmalıyıq ki, qida rasionumuzda meyvə - tərəvəz üstünlük təşkil etsin.

-Arıqlama preparatlarının təsiri necədir?

-Bəzi xanımlar arıqlamaq məqsədi ilə müxtəlif dərmanlardan, qəhvələrdən istifadə edirlər. Mən dəfələrlə qeyd etmişəm ki, bunlar insan orqanizminə mənfi təsir göstərir, arıqladan çaylar, qəhvələr, dərmanlar mövcud deyil. Mənə müraciət edən xəstələrin çoxusunda belə bir hal müşahidə etmişəm ki, xəstə gəlir, sorğu-sual olunur, bildirir ki, doktor mən arıqladıcı həb qəbul etmişəm, 15-20 kq arıqlamışam, həb qəbulunu dayandırdıqdan sonra dərhal kökəlməyə başladım. Belə xəstələr onlarla, yüzlərdədir... Arıqladıcı dərman preparatları orqanizmdən yağ çəkmək əvəzinə suyu çəkir. Yağlar qalın yerində... müəyyən müddət ərzində bu cür dərmanlar, kortəbii dietalar, arıqladıcı çaylar, bədəndən suyu çəkir və asılılıq yaradır. Və bunu dayandıran kimi artıqlaması ilə piylənmə baş verir. Maddələr mübadiləsi pozulur, qan azlığı yaranır, başgicəllənmə olur.

-Kortəbii dietalar arıqlamağa kömək edirmi?

-Kortəbii dietalar da arıqlama vasitələri ilə eyni xüsusiyyətə malikdir. Orqanizmdən suyu çəkir. Məsələn, belə bir pəhriz yayılıb ki, 10 gün ardıcıl qarabaşaq yemək. Baxın, bütün günü ac qal, hər gün alma ye, yenə də eyni çəkini itirəcəksiniz. İnsan düşünməlidir ki, mən bunu ömrümün sonuna qədər yeməyəcəm, nə vaxtsa bunu dayandıracam. Başqa bir qida qəbul edən zaman yenə də piylənmə baş verəcək. Bu cür dietaların insan orqanizminə heç bir faydasının olmaması haqqında insanları maarifləndirmək lazımdır. Dietalar mütəxəssis nəzarəti altında olmalıdır. Mən müraciət edən xəstələrdə əvvəlcə piylənmənin səbəbini axtarıram. Dieta yazan zaman qan qrupu, çəkisi, boyu, keçirdiyi xəstəliklər, bədən quruluşu nəzərə alınmalıdır. Bədənin hansı nahiyələrinin piylənməsi ilə bağlı xüsusi dietalar məsləhət görürəm. Proqram tərtib edilərkən xəstə ac qalmır, normal şəkildə qidalanır və sağlam şəkildə arıqlayır. Mənə elə gəlir ki, mən Azərbaycanda yeganə dietoloqam ki, mənim məsləhət gördüyüm dietalarda aclıq olmur, çünki insan ac qalsa maddələr mübadiləsi çalışmayacaq. Əgər hansısa bir dietoloq arıqladıcı həb məsləhət görürsə artıq ona dietoloq demək olmaz. Əsl dietoloq arıqladıcı dərmanları məsləhət görməz. Türkiyə dietoloqlarının heç biri dərman məsləhət görmür. Dietoloq elə bir proqram tərtib etməlidir ki, insan ac qalmasın. Mən çıxışlarımda dəfələrlə qeyd edirəm ki, gündə 5 dəfə qidalanın: Səhər, günorta, axşam və iki dəfə aralıq qidalanma.

Uşaqların da qidalanmasına valideynlər xüsusi diqqət yetirməlidirlər. Mənə müraciət edən insanlar arasında bu cür insanlar da vardır ki, həddindən artıq piylənmədən əziyyət çəkirlər. Valideynləri də deyirlər ki, mən övladımı yaxşı yedizdirirəm ki, övladım sağlam olsun. Bu çox yalnış bir fikirdir. Uşaqların da qidası sağlam şəkildə olmalıdır. Uşaqları meyvə-tərəvəzlərə öyrətmək lazımdır, yağlı yeməklərə öyrətmək lazım deyil. Təbii ki, hər kəs buna əməl etməlidir. Insanın sağlamlığı onun qidalanmasından asılıdır.

  Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31