Müxalifətin vahid güc nümayiş etdirməsi heç də asan məsələ deyil - MÜSAHİBƏ

Əli Oruclu: “Bu düşərgədə sanki prezidentliyə namizədlə bağlı bir basabas yaranıb”

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi

-Əli bəy, bu günlərdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev bu il ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyəcəyini bəyan edib. Eks-spikerlə AMİP lideri arasında zamanında yaxın münasibətlərin olması ACP-çilərin seçkilərdə sizin partiyanın namizədini dəstəkləməsi ilə nəticələnə bilərmi?

-Bu seçim Rəsul Quliyevin öz seçimidir. Şəxsən mən əvvəlcədən də təxmin edirdim ki, Açıq Cəmiyyət Partiyası liderinın Azərbaycana qayıtması və seçkilərdə hansısa şəkildə iştirakı mümkünsüzdür. Çünki nə iqtidarın onun qayıtmasına razılığı yoxdur, nə də Rəsul bəyin belə şəraitdə Azərbaycana dönməyə həvəsi var. ACP liderinin Azərbaycana qayıdışı iki halda baş tuta bilər: Birincisi, iqtidarla bazarlıq, ikincisi ölkədə mövcud hakimiyyətin dəyişməsi nəticəsində. Görünür Rəsul Quliyev bu baxımdan mövcud reallıqları dərin analizdən keçirdikdən sonra belə bir qərar verib. O ki qaldı Açıq Cəmiyyət Partiyasının  Azərbaycan Milli İstiqlal Partiyasının namizədini dəstəkləməsinə, bu Açıq Cəmiyyət Partiyasının seçiminə bağlıdır. Digər tərəfdən AMİP-in özünün seçkilərdə necə iştirak edəcəyi də hələlik müəyyənləşməyib. Ümid edirəm ki, Açıq Cəmiyyət Partiyası ötən illərdəki seçkilərdən fərqli olaraq bu dəfə daha ölçülüb-biçilmiş qərar verəcək.

-Sizcə, çoxsaylı müxalifət birliklərinin olduğu ərəfədə Milli Şura və ya "EL" Hərəkatı kimi təşkilatların yaranmasına zərurət vardımı?

-Ölkədə demokratik islahatlar və normal siyasi sistemin qurulması uğrunda mübarizə aparan qüvvələrin yenidən təşkilatlanması və fəal prosesə qoşulması təqdirəlayiqdir. Bu həm də siyasətə yeni insanların cəlb olunması, alternativlik mühitinin yaradılması baxımından da faydalıdır. Lakin qeyri-iqtidar düşərgəsində yeni yaradılan qurumlar daxili rəqabətə üstünlük verəcəklərsə, biri digərinin elektoratını qazanmağa köklənəcəksə, şəxsi və qrup maraqları önə çıxacaqsa bu artıq ziyanlıdır. Bunun qorxusu o vaxt olacaq ki, həlledici məqamda reallıq hisslərini dərk edə bilməyərək düzgün qərarlar və addımlar atılmayacaq. Lakin hesab edirəm ki, hər kəs ölkədəki situasiyanı anlayır. Siyasi qüvvələr və liderlər arasında güzəştə getmək və lazımı anlarda iddialardan çəkilmək və siyasi iradə ortaya qoymaq istəkləri yox deyil. İllər ərzində pərakəndə, inamsızlıq və qeyri-səmimi münasibətlərdə olan müxalifətin bir araya gəlməsi və vahid güc nümayiş etdirməsi heç də asan məsələ deyil. Adlarını çəkdiyiniz bu qurumların yaranmasına zərurətə qalınca, onu deməliyəm ki, elə insanlar var siyasi mənsubiyyət istəmədən öz vətəndaş mövqeyini ortaya qoymaq istəyir. Belə insanlar da təbii ki, öz fəaliyyət meydanlarını tapmalıdılar.

-Bu cür yeni birliklər müxalifət daxilində ziddiyyətləri daha da artırmırmı?

-Mən istəməzdim ki, müxalifət daxilində daha bir ziddiyət ocağı yaransın. Sağlam rəqabət ola bilər. Bunun təbii seçmə yolu ilə sonuclanması pis olmazdı. Yəni daha layiqlisi, daha perspektivli olanın seçilməsi müəyyən uğur qazandıra bilər. Amma bir-birlərinə badalaq vurma, gözdən salma, qarayaxma, qıcqanclıq hissləri bu rəqabətə tünd rəng qatmış olardı ki, bunu da bu ilki seçki ilində arzulamazdım.

-Azərbaycan Milli İstiqlal Partiyası bir müddət əvvəl seçkilərdə iştirak etmək barədə düşünmədiyini və 2015-ci ilin parlament seçkilərinin əsas hədəf seçildiyini bildirdi. Bir neçə gün əvvəl isə partiya sədri Yusif Bağırzadə AMİP-in seçkilərdə öz namizədinin olacağını dedi. Sizcə qısa bir müddət ərzində partiya rəhbərliyinin iki fərqli fikir söyləməsi Azərbaycan Milli İstiqlal Partiyasının ciddi bir partiya olduğunu şübhə altına almırmı?

-Mən sizin bu fikrinizlə qətiyyən razılaşmıram. Azərbaycan Milli İstiqlal Partiyası ilk siyasi təşkilat kimi bu gün də Azərbaycanda seçilən, ictimai-siyasi proseslərə ciddi təsir göstərən, özünün kifayət qədər tərəfdarı olan və zəngin təcrübəyə, potensiala malik bir partiyadır. AMİP-in verdiyi qərarlar həmişə geniş müzakirələrdən və təhlillərdən sonra kollegial şəkildə qəbul olunur. Azərbaycan Milli İstiqlal Partiyasını  digər partiyalardan fərqləndirən xüsusiyyətlərdən biri də partiyanın öz imzasınin üzərində durması, ardıcıl, sistemli və açıq siyasət yürütməsidir. Siz özünüz də şahidsiniz ki, müxalifət düşərgəsində sanki prezidetliyə namizədlə bağlı bir basabas yaranıb. Amma ölkənin ən iri, ən iddialı və ən təşkilatlanmış müxalifət partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası bununla bağlı konkret qərar verməyə tələsmir. Çünki, partiyanın yürütdüyü siyasətin ana xəttini ölkədəki seçkiöncəsi mühitin əlverişli olması, müxalifətin vahid komanda, vahid proqram və vahid namizədlə seçkiyə getməsi təşkil edir. Halbuki partiyanın bu seçkilərdə öz namizədi ilə iqtidarla güclü rəqabətə girə biləcək gücü və potensialı var. Bu sadaladığım qısa faktlar AMİP-in nə qədər ciddi və  nüfuzlu, aparıcı partiya olduğunu söyləməyə kifayət edər. Partiyanın sədri heç vaxt deməyib ki, Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkiləri marafonuna qatılmayacaq. O dəfələrlə bəyan edib ki, müxalifətin birliyinə nail olmaq üçün milli və dövlətçilik maraqları naminə öz iddiasından geri çəkilə bilər. Belə bir cəsarətli addımı hansı müxalifət partiyasının sədri ortaya qoyub? AMİP sədri Yusif Bağırzadə Demokratik Qüvvələrin Məşvərət Məclisinin hədəfini prezident seçkiləri ilə bərabər, həm də parlament seçkiləri olduğunu söyləyib. İndiyə qədər belə uzun müddətli hədəfləri qarşıya qoyan birliklər yaranmayıb.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31