Azərbaycana beynəlxalq səviyyədə böyük maraq var - MÜSAHİBƏ

Rufiz Qonaqov: “Düşünmürəm ki, prezident seçkiləri ərəfəsində hansısa xarici dairələrin Azərbaycanda qarşıdurma, gərginlik yaratmaq planları baş tuta bilsin”

"Bu gün Azərbaycanda stabillik mövcuddur və ümid edirəm ki, növbəti prezident seçkilərində də bu stabillik qorunub saxlanılacaq"

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmtəsisçisi Rufiq Qonaqovun "OLAYLAR"-a müsahibəsi

-Rufiz bəy, Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı president seçkiləri zamanı səsvermə prosesinin müşahidəsini nəzərdə tuturmu?

- Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı yaranarkən bir illik fəaliyyət proqramını müəyyənləşdirdi. Həmin proqramda iki istiqamət əsas götürüldü. Birinci istiqamət Azərbaycanda keçiriləcək prezident seçkilərinin uzunmüddətli monitorinqi, ikinci istiqamət isə yeni media vasitələrindən istifadə etməklə Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsi, təbliği kimi məsələlər idi. QHT Əməkdaşlıq Alyansı olaraq prinsip etibarilə hər iki istiqamətdə fəaliyyət göstəririk. Yəni, həm seçki monitorinqinə başlamışıq, həm də beynəlxalq təşkilatlarla ciddi şəkildə işləyirik. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, beynəlxalq təşkilat nümayəndələri ilə görüşlərimiz olur. Bir müddət əvvəl isə Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı Bakıda böyük bir forum keçirdi. Həmin forumda Azərbaycanda fəaliyyət göstərən 28 xarici ölkə səfirliyi və beynəlxalq təşkilat təmsil olunurdu. Həmin forumun da başlıca məqsədi qeyri-hökumət təşkilatları ilə beynəlxalq qurumların əməkdaşlığının gücləndirilməsi idi. Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı olaraq bu gün sosial şəbəkələrdə ən fəal koalisiyayıq. Xüsusilə, facebook sosial şəbəkəsində Alyansın bütün üzv təşkilatları və onların nümayəndələri fəaldır. Biz istəyirik ki, bu yolla Azərbaycanın problemlərini dünya ictimaiyyətinə çatdıraq. Artıq iki ildir ki, biz Xocalı soyqırımı ilə bağlı böyük internet aksiya həyata keçiririk.

-QHT Əməkdaşlıq Alyansının yaxın müddət üçün tədbirlər planı nədən ibarətdir?

-QHT Əməkdaşlıq Alyansı olaraq hazırda  Şuşanın işğalı ilə bağlı internet aksiya reallaşdırırıq. Aksiya çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğu və ərazilərimizin 20 faizinin işğala məruz qaldığı barədə fəaktlar Birləşmiş Ştatların Konqresi, Avropa parlamentariləri, ayrı-ayrı ölkələrin qanunverici orqanlarına çatdırılacaq. Burada başlıca məqsəd ondan ibarətdir ki, Azərbaycanın haqq səsi dünyaya çatdırılsın. May ayının 8-də, Şuşanın işğalı günündə isə böyük aksiyalarımız olacaq. Aksiya  böyük ticarət mərkəzləri, əhalinin daha çox olduğu məkanlarda həyata keçiriləcək. Eyni zamanda Qeyri Hökumət Təşkilarının Əməkdaşlıq Alyansı olaraq çalışırıq ki, Azərbaycandakı ictimai-siyasi, iqtisadi vəziyyətlə bağlı bütün məsələləri yeni media vasitələrindən istifadə etməklə dünyaya çatdıra bilək. Bundan sonra da  Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı olaraq yuxarıda qeyd etdiyim iki istiqamət üzrə fəaliyyətimizi daha da gücləndirəcəyik. May-iyul aylarında isə Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının təşkilatçılığı ilə Azərbaycanda bir neçə  beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur.

-Qeyri Hökumət Təşkilatları Əməkdaşlıq Alyansı olaraq prezident seçkiləri ərəfəsində olan Azərbaycana xarici dairələrin təsirini hiss edirsinizmi?

-Bu gün Azərbaycana beynəlxalq səviyyədə böyük maraq var. Çünki Azərbaycan nəhəng enerji ölkəsidir və bu gün dünyaya neft-qaz ixrac edən bir dövlət kimi həm Qərb, həm Rusiya, həm də regiona daxil olan ölkələrin maraq dairəsindədir. İqtisadi imkanlarına görə də hazırda Azərbaycanın iqtisadi qüdrəti çox yüksəkdir. Bu baxımdan düşünürük ki, prezident seçkilərində olan Azərbaycana olan xarici maraq daha da artıb. Hesab edirəm ki, qarşıdan gələn prezident seçkilərində həm Qərb,  həm Avropa, həm də Şərq ölkələri və Rusiya kimi dövlətlər Azərbaycanda keçiriləcək prezident seçkilərini ciddi şəkildə izləyəcəklər. Bu sirr deyil ki, həmin dövlətlərin hər birinin Azərbaycanda öz maraqları var. Bir dövlətin iqtisadi maraqları olduğu halda, digərinin tamam başqa maraqları mövcuddur. Ümumilikdə götürsək, həqiqətən də Azərbaycana maraq böyükdür. Ancaq düşünmürəm ki, prezident seçkiləri ərəfəsində hansısa xarici dairələrin Azərbaycanda qarşıdurma, gərginlik yaratmaq planları baş tuta bilsin. Bu gün Azərbaycanda stabillik mövcuddur və ümid edirəm ki, növbəti prezident seçkilərində də bu stabillik qorunub saxlanılacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31