Hər ötən gün əldə edilən nailiyyətlər, bizi qələbəyə daha da yaxınlaşdırır -MÜSAHİBƏ-ÖZƏL

Zaur Məmmədov: "Qələbə günü heç də uzaqda deyil və Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu o sevinci bizlərə, Azərbaycan xalqına yaşadacaq"

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  "Politologiya və siyasi idarəetmə" kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov sentyabrın 27-də baş verən erməni təxribatı, bu təxribata qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əkshücum əməliyyatı, eləcə də Azərbaycanın başlamış olduğu haqq işi uğrunda mübarizəyə bir sıra dövlətlər və beynəlxalq təşkilatların ədalətsiz mövqeyi, həmçinin rəsmi Bakının bu kimi mənfi tendensiyalara cavab olaraq atdığı addımlarla bağlı "OLAYLAR"-a müsahibə verib.

-Zaur müəllim, artıq on gündən çoxdur ki, Azərbaycan Ordusu erməni təxribatına qarşı cavab olaraq cəbhədə uğurlu hərbi əməliyyatlar keçirir. Ötən qısa müddət ərzində baş verən prosesləri necə xarakterizə edərdiniz?

-Azərbaycan xalqı bu illər ərzində işğal altında olan torpaqlarımızın hansı yolla olursa olsun düşməndən azad edilməsini istəyirdi. Sentyabrın 27-də baş verən erməni təxribatı və düşmən təxribatına qarşı Azərbaycan Ordusunun əks hücuma keçib uğurlar əldə etməsindən sonra gördük ki, Azərbaycan xalqı yaşından və cinsindən asılı olmayaraq cəbhəyə getmək, erməni hərbiçilərini döyüş meydanında məğlub etmək istəyir.  Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan tədbirlər, həyata keçirilən əməliyyatlar öz müsbət nəticəsini verməkdədir. Azərbaycan dövləti güclü orduya malikdir və bunu hər bir Azərbaycan vətəndaşı gözəl bilirdi. Ancaq dövlət olaraq uzun illər çalışırdıq ki, problem sülh, diplomatik yolla öz həllini tapsın. Ancaq təəssüflər olsun ki, nə Ermənistan, nə Ermənistanın havadarları, nə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bunu başa düşmək istəmirdilər.

-Hər ötən gün əldə edilən nailiyyətlər bizi işğal altında olan torpaqlarımıza nə dərəcədə yaxınlaşdırır?

-Təbii ki, hər ötən gün əldə edilən nailiyyətlər, Azərbaycan Ordusunun qazandığı uğurlar bizi qələbəyə daha da yaxınlaşdırır. İndi hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycan Ordusunun başlamış olduğu əks hücum əməliyyatı tezliklə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnəcək. Qələbə günü heç də uzaqda deyil və Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu o sevinci bizlərə, Azərbaycan xalqına yaşadacaq.

-Ancaq təəssüflər olsun ki, bəzi dünya ölkələri, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa Azərbaycanın başlamış olduğu haqq işi uğrunda mübarizəyə mane olmağa çalışır, açıq-aşkar ermənipərəst mövqe sərgiləyir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin belə bir ədalətsiz mövqe sərgiləməsini necə dəyərləndirərdiniz?

-Sizin də qeyd etdiyiniz kimi təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, Azərbaycanın uğurlarını, öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində başlamış olduğu mübarizəyə mane olmaq istəyən müəyyən qrupların, dövlətlərin mövcudluğunun şahidiyik. Təəssüflər olsun ki, belə ölkələrdən biri də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransadır. Fransa həmsədr ölkə kimi balansı qorumalı, tərəflərə eyni münasibət göstərməli olduğu halda, birtərəfli mövqe sərgiləyir, Ermənistanın müdafiəçisi kimi çıxış edir. Rəsmi Parisin belə bir ədalətsiz, qeyri-obyektiv mövqeyi Azərbaycan xalqında dərin narahatçılıq yaradır. Ancaq Fransanın nə deməsindın asılı olmayaraq Azərbaycan öz yoluna davam edəcək. Əgər Fransa beynəlxalq hüququ pozanların yanında yer alırsa və öz tarixini unudursa, bu o demək deyil ki, Azərbaycan da kiminsə diktəsi altında onların hansısa istəklərini yerinə yetirməlidir.  Əgər kimlərsə Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirsə, o zaman tez bir zamanda Ermənistana ciddi şəkildə təzyiq etməlidirlər ki, erməni əsgərləri Azərbaycan torpaqlarını tərk etsinlər.

-Bir sözlə Ermənistanın yerində oturdulması regionda sülhün təmin olunmasına gətirib çıxaracaq

-Tamamilə doğrudur. Eyni zamanda Ermənistanın yerində oturdulması tarixi ədalətin bərqərar  olması deməkdir. Bu həm də bütün planetdəki separatçılara bir siqnal olmalıdır ki, heç zaman mərkəzi hakimiyyətin icazəsi olmadan həmin ölkənin qanunlarını pozaraq birtərəfli şəkiildə müstəqillik əldə etmək mümkün deyil. Xüsusilə də, ermənilər kimi öz dövlətləri olan etnik bir qrupdan söhbət gedirsə. Bu gün Ermənistan dövləti var və həmin dövlət erməni etnik qrupunun, erməni xalqının dövlətidir. Ermənistan dövlətinin özü tarixi Azərbaycan torpaqları ərazisində qurulub. Onların ərazi iddialarının artması və Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra yeni ərazilər zəbt etmək istəklərinin baş qaldırması bir daha onu göstərir ki, Ermənistanın hər zaman başlıca məqsədi işğal etdiyi əraziləri boşaltmaq yox, yeni ərazilər işğal etmək olub.

-Düşmənin artıq mülki obyektləri, şəhər və kəndləri hədəf alması onu deməyə əsas verirmi ki, Ermənistan artıq uduzduğunun fərqindədir.

-Bu birmənalıdır ki, güclü ordu hər zaman əsgərlərə, silahlara qarşı mübarizə aparmalıdır.  Biz bunu Türkiyənin, Azərbaycanın timsalında aydın şəkildə görə bilirik. Ancaq erməni ordusu Azərbaycan hərbiçiləri ilə mübarizə aparmaq iqtidarında olmadığından onlar hər zaman olduğu kimi yenə də mülki infrastruktura, mülki insanlara qarşı amansızlıqla mübarizə aparırlar. Lakin ermənilər qətiyyən öz məqsədlərinə çatmayacaqlar. Artıq azalmaqda olan və hərbi texnikası yox səviyyəsinə qədər enən Ermənistan dövləti Azərbaycan qarşısında mütləq şəkildə məğlub olacaq.  

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31