“Hərbi texnika və insan resurslarına görə biz düşməndən qat-qat güclüyük” - MÜSAHİBƏ
Emin Həsənli: “Yaxşı olar ki, müharibə başlamadan havadarları Ermənistanın başına ağıl qoysunlar”
30 Aprel 2013 16:39 MüsahibəMüsahibimiz Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlidir.
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 50 yaşadək kişilərin səfərbərliyi elan olmalı idi. Məqsəd nədir, hər an baş verə biləcək müharibə təhlükəsi, yoxsa ki, döyüş keyfiyyətinin yüksəldilməsi?
- Zaman-zaman bu cür addımlar atılıb və proses gələcəkdə də davam etdiriləcək. Ermənistanla atəşkəs rejimində olmasına baxmayaraq qarşı tərəf mütəmadi olaraq atəş açaraq cəbhədə vəziyyəti gərginləşdirir. Dağlıq Qarabağ münaqişəsinin həllsiz qalması regionda müharibə təhlükəsini gündəmdə saxlayır. Azərbaycan ordusu isə həmişə öz torpaqlarını azad etmək üçün hazır vəziyyətdədir. Ordunu formada saxlamaq üçün daim ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığı yoxlanılır, onların qeydiyyatı aparılır və kimin ölkədə olub olmamağı qeyd edilir. Həmçinin xüsusi ixtisaslar üzrə hərbi qulluqçuların bilik və bacarıqları yoxlanılır. Sevindirici haldır ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti hərbi xidmət keçmiş insanlardan ibarətdir. Onlar da bu cür səfərbərliklərə yüksək əhval-ruhiyyə ilə yanaşırlar. Dünya ictimaiyyəti də bilir ki, gec-tez Azərbaycan öz torpaqlarını güclü ordusunun hesabına işğaldan azad edəcək. Azərbaycan Silahlı Qüvvələri ən müasir texnologiyalarla təchiz edilib və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdir. Ordu komplektləşdirilib, Silahlı Qüvvələrin əsgəri heyətinin sayı kifayət qədər çoxdur, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.
- Emin müəllim, Azərbaycanın ehtiyatda olan əsgəri qüvvələrinin döyüş hazırlığını necə qiymətləndirərdiniz?
- Azərbaycan xalqı böyük bir vətənpərvərlik ailəsidir. Xalqımız torpaqlarımızın işğal altında olmasilə barışmır, hər an Qarabağı Ermənistan əsarətindən xilas etmək üçün səfərbərliyə hazırdır. Milli Qəhrəman Mübariz İbrahimovun nümayiş etdirdiyi şücaət onu göstərdi ki, Azərbaycanda elə bir gənclik yetişib ki, Qarabağın erməni işğalında olmasilə heç vaxt barışmır. Qarabağ Azərbaycanın tarixi ərazisidir, həmin torpaqlarda ikinci "erməni dövləti" yaratmaq istəyirlər. BMT-nin təsdiq etdiyi Azərbaycan Respublikasının ərazisi var və biz həmin sərhədləri bərpa etməliyik. Ermənistan ordusu tez-tez atəşkəsi pozur və həmişə də öz layiqli cavabını alaraq geri çəkilir. Azərbaycan cəmiyyəti bilir ki, Qarabağın azad olunması üçün hər an əmr verilə bilər. Ona görə də cəmiyyət ermənilərlə müharibəyə köklənib. Bunun üçün dövlətin güclü iqtisadi əsasları var, müdafiə qabiliyyəti yüksək səviyyədədir, güclü xarici siyasəti var. Tez-tez hərbi hissələrdə oluram, əsgərlərimizdə mənəvi-psixoloji vəziyyətini yüksək formada, döyüşkənlik ruhunu görürəm. Müdafiə naziri, cənab general-polkovnik Səfər Əbiyevin rəhbərliyi altında Azərbaycan ordusunda yüksək səviyyədə irimiqyaslı hərbi təlimlər keçirilir. Hər il Azərbaycanın dövlət büdcəsində olduğu kimi hərbi sahənin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən külli-miqdarda maddi vəsait xərclənir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə artıqdır. Bunun daha çox artırılması qarşıya məqsəd qoyulub. İstər hərbi texnika, istərsə də insan resurslarına görə biz düşməndən qat-qat güclüyük. Ramil Səfərov və Mübariz İbrahimov sübut edilər ki, Azərbaycan ordusunun hər bir əsgəri bütün Ermənistan ordusunu məhv etməyə qadirdir. Əsas odur ki, Azərbaycan əsgəri bayrağımızı və Vətənimizin adını hər şeydən yüksək tutur.
- Azərbaycan Silahlı Qüvvələrinin digər Cənubi Qafqaz ölkələrinin hərbi gücü ilə müqayisədə üstün cəhəti nədən ibarətdir?
- Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO standartlarına uyğunlaşdırılıb. Ordunun Hərbi Akademiyası, Təlim Tədris Mərkəzi, müasir hərbi sənaye kompleksi var. Hərbi hissələrdəki bütün əsgər yataqxanaları müasirləşdirilib. NATO-nun Sülh naminə fərdi tərəfdaşlıq proqramında iştirak edirik. Əfqanıstanda, İraqda sülhün bərqərar olunması üçün aktiv fəaliyyət göstəririk. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstandan fərqi ondan ibarətdir ki, biz öz ərazi bütövlüyümüzü heç bir kənar kömək olmadan bərpa etməyə qadirik. Gürcüstan ABŞ-a arxalanır, Ermənistan Rusiyanın vassalıdır. Rusiyanın bu ölkədə kifayət qədər hərbi birləşmələri var. Azərbaycan isə öz ordusunun qüdrətinə inanır. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təlimlərdə və ordu quruculuğunda həmişə böyük nailiyyətlər əldə edib. Keçirilən həmin təlimlərdə Azərbaycan nəinki Ermənistan və Gürcüstan, hətta Avropanın bir sıra dövlətlərindən də yüksək yer tutub. Azərbaycan həm Quru Qoşunları, həm Hərbi Dəniz Donanması, həm Hərbi Hava Qüvvələrinın qüdrəti baxımından Gürcüstan və Ermənistandan qat-qat irəlidədir. Beynəlxalq statuslu hərbi ekspertlər dəfələrlə dönə-dönə vurğulayıblar ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsüdür. Azərbaycan ordusunda ən müasir texnologiyaları idarə edəcək çox güclü kadr potensialı var. Digər ölkələrdən fərqli olaraq Azərbaycanın milli hərbi sənayesi mövcuddur. Artıq Azərbaycan özünün milli hərbi sənaye məhsulları ilə dünyada ən yüksək nailiyyətlər əldə edib. Gələcəkdə ölkədə iriçaplı silahların istehsalına da başlanılacaq. Biz silah alan ölkədən silah satan ölkəyə çevrilirik. Əsasən də hərbi kadrların hazırlanması işinə dövlət xüsusi diqqət yetirir. Azərbaycan hərbçiləri dünyanın ayrı-ayrı dövlətlərindəki hərbi akademiyada təhsil alırlar və əksinə dünyanın başqa-başqa ölkələrindən olan hərbçilər Azərbaycanda hərbi biliklər qazanırlar.
- Danışıqlar nəticə verməsə Dağlıq Qarabağm münaqişəsinin həlli üçün müharibə variantının seçiləcəyi labüddür. Kənar müdaxilələrsiz Azərbaycan ordusu hansı müddətə torpaqları işğaldan azad etmək qabiliyyətinə malikdir?
- Təəssüflər olsun ki, Rusiya sürətli şəkildə Ermənistanı silahlandırır, ABŞ və Fransa maliyyə yardımı edir. BMT-nin başqa dövlətlər üçün qəbul etdiyi qətnamələrin hamısı qısa zamanda icra edilir. Amma 20 ildən çoxdur ki, BMT TŞ-ın Qarabağla bağlı qətnamələrinin heç biri yerinə yetirilmir. TŞ-ın 3 daimi üzvü həm də ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Təəssüflər olsun ki, Rusiya, Fransa və ABŞ münaqişənin həll olunması üçün konkret addımlar atmaq niyyətində deyillər, ikili standartlara yol verirlər və Ermənistana heç bir sanksiyalar tətbiq etmirlər. Azərbaycan ordusunun cəmi bir neçə hərbi hissəsi isə Qarabağı işğaldan azad etmək gücündədir. Amma Azərbaycan dünyada sülhə töhfə verərək məsələni danışıqlar yolu ilə həll etmək niyyətindədir, Cənubi Qafqazda vəziyyətin yenidən alovlanmasını istəmir. Azərbaycan ordusuna silah-sursat və irimiqyaslı hərbi texnikaları sərgiyə çıxarmaq üçün almayıb. Azərbaycan insan, iqtisadi və hərbi resursları müqayisə olunmaz dərəcədə Ermənistandan üstündür. Bütün parametrlərdə Azərbaycan Ermənistanı 10 dəfə qabaqlayır. Biz ordumuzun əsl gücünü Qarabağın azad olunmasından sonra görəcəyik. Bu il ordumuzun 95 illiyidir və il ərzində Silahlı Qüvvələr hərbi texnologiyanın ən müasir yeniliklərilə təchiz olunacaq. Ordumuz Ali baş komandanın əmrini gözləyir. Ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyi də bunu göstərir. Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulmuş konkret planları var və həmin proqram üzrə biz qısa müddətə torpaqları geri qaytara bilərik. Azərbaycan son 10 ildə dünyada inanılmaz dərəcədə üstünlüklər əldə edib. Dünya birliyi Ermənistanın başına ağıl qoysa bir o qədər yaxşı olar. Əgər ikinci dəfə Dağlıq Qarabağa görə regionda müharibə başlasa bu heç də Ermənistanın xeyrinə olmayacaq. İndiki məqamda Ermənistan Cənubi Qafqazda Azərbaycan tərəfindən reallaşdırılan beynəlxalq layihələrdən kənarda qaldığına görə dərin böhran içərisində boğulursa, müharibədən sonra onun bir dövlət kimi varlığı sual altında olacaq. Çünki, Cənubi Qafqazın hegemonu Azərbaycandır, regionda aparılan siyasətə görə Azərbaycana hesabat verilir, dövlət Cənubi Qafqazın iqtisadiyyatının təkbaşına 80%-ni təşkil edir. Ermənistan son iki əsrdə beynəlxalq güclərin təhrikilə Azərbaycan türkünə qarşı apardığı soyqırım siyasətinin cavabını verməlidir. Dünya praktikasından da məlumdur ki, hər hansı bir xəstəlik müalicə yolu ilə effekt vermirsə xəstə üzərində əməliyyatın aparılması qaçılmazdır. Başqalarının torpaqlarına iddia etmək kimi ermənilərin düçar olduğu bir xəstəlik var, həmin xəstəliyin müalicəsi isə Azərbaycan əsgərinin silahından keçir. Amma yaxşı olardı ki, müharibə başlamamış havadarları Ermənistanın başına ağıl qoysunlar.
- Azərbaycan ordusu peşəkar sistemə keçməlidirmi?
- Ordunun peşəkar səviyyəyə keçməsi üçün artıq müəyyən addımlar atılır. Azərbaycanın vahid komandanlığa əsaslanan nizami ordusu var. Təbii ki, ölkə iqtisadiyyatı daha da gücləndikcə müəyyən irəliləyişlər olacaq. Artıq ölkədə müəyyən kateqoriyalı hərbi qulluqçular müqavilə əsasında orduda xidmət edirlər. Amma hələlik qarışıq sistemin tərəfdarıyıq. Azərbaycan vətəndaşları çağırış sistemilə hərbi ximətdən mütləq şəkildə keçməlidirlər. Peşəkar sistemə keçirilsə belə çağırış sistemi də saxlanılmalıdır. Hərbi xidmətin müsbət keyfiyyətləri var, hərbi xidmətə elə belə kişilik məktəbi demirlər. Ola bilsin ki, müharibə qurtardıqdan sonra əsgərlik müddəti bir il olsun. Həmçinin gələcəkdə ali təhsilli gənclər hərbi xidmətdən azad olunması da mümkündür. Yəni ki, müharibədən sonra ordu peşəkar sistemə keçməsə belə müəyyən güzəştlər tətbiq edilə bilər.
- Hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün hansı addımlar atılır?
- Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 20 ildən artıq xidmət keçmiş hərbi qulluqçular mənzillərlə təmin olunur. Bu hərbçilər arasında böyük əhval-ruhiyyə yaradır. Milli qəhrəmanlara təqaüdlər, şəhid ailələrinə, Qarabağ əlillərinə, veteranlarına, Çernobıl əlillərinə, İkinci Dünya Müharibəsi veteranlarına, qaçqın və məcburi kökçünlərə evlərin verilməsi dövlətin həmin insanlara göstərdiyi xüsusi qayğıdır. Bütün bunlar gənclərdə vətənpərvərlik ruhunu yüksəldir. Vaxt vardı ki, Azərbaycanın müstəqil olmasına utopiya kimi baxırdılar, lakin Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir. Torpaqlarımızın da alınmasına möcüzə kimi baxanlar bir vaxt görəcəklər ki, ordumuz onu düşmən əsarətindən azad edib. Ona görə ki, cənab prezident nə lazımdırsa onun hamısını edib.
Ömər Zamin