Müharibə qaçılmazdır və ədaləti ancaq özümüz bərpa etməliyik- MÜSAHİBƏ-ÖZƏL

Azər Badamov: "Danışıqlar prosesi 25 ildə 25 qəpiklik nəticə vermədi"

Artıq bir müddətdir ki, ölkədə koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Qeydə alınan müsbət dinamika təkcə paytaxt deyil, eləcə də regionlarda nəzərə çarpmaqdadır. Bu isə mart ayından ölkədə tətbiq edilən sərt karantin tədbirlərinin tədricən yumşalmasına imkan yaradır.

Bir məqamı qeyd etmək yerinə düşər ki, koronavirusa qarşı aparılan mübarizənin effektli olmasını şərtləndirən başlıca amillərdən biri də səhiyyə sahəsində həyata keçirilən tədbirlərdir. Ötən müddət ərzində həm paytaxt, həm də bölgələrdə yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi sözügedən prosesdə müsbət nəticələrin əldə olunmasına imkan yaradır.  Elə biz də yeni istifadəyə verələn səhiyyə ocaqları, modul tipli xəstəxanaların əhəmiyyəti, koronavirusa qarşı mübarizədə mühüm rol oynaması barədə Milli Məclisin deputatı Azər Badamovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Badamov son vaxtlar işğalçı Ermənistanda artan hərbi hərəkətlilik, Azərbaycana qarşı yönəlmiş təhdidlər, eləcə də Qarabağ cəbhəsində yenidən aktiv hərbi əməliyyatların başlaması mümkünlüyündən danışdıq.

-Azər müəllim, deputat seçildiyiniz Qusar rayonunda koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət nə yerdədir? Vətəndaşlar, seçiciləriniz mövcud qaydalara nə dərəcədə əməl edirlər?

-Qusar rayonunda  pandemiya ilə bağlı vəziyyət ilk gündən nəzarətə götürülüb. Müvafiq strukturların rəhbərləri və mütəxəsislərdən ibarət rayon icra hakimiyyətində operativ qərargah yaradılıb, koronavirusla bağlı gündəlik vəziyyət təhlil olunur. İctimai yerlər dizinfeksiya edilir və karantin rejiminin tətbiqinə müvafiq strukturlar ciddi nəzrət edir. İnsanlar demək olar ki, şüurlu şəkildə lazımı yerlərdə tibbi maskadan istifadə edir, kütləvi ictimai tədbirlər təşkil olunmur. Görülən ciddi tədbirlərin nəticəsidir ki, bu günə qədər Qusar rayonu üzrə ümumi yoluxmaların sayı 104 nəfər olub. Bu günə Qusar rayonda 26 aktiv koronavirus infeksiya daşıyıcısı vardır ki, onlardan 6 nəfəri hospitallaşdırılıb, 20-si isə ev şəraitində müalicə olunur. Qusarlılar həmişə qanunlara ciddi riayət edənlər olub və bu gün də dövlətin müəyyənləşdirdiyi normalar hamının gündəlik həyatı üçün əsasdır. Qusar rayon polis idarəsinin əməkdaşları tərəfindən sərt karantin rejimi tətbiq olunmuş şəhər və rayonlardan karantin rejimini pozaraq gələnlərin müəyyənləşdirilməsi məqsədilə   mütəmadi rəydlər aparılır. Məhz ciddi nəzarətin qurulması digər şəhər və  rayonlardan Qusara gələnlərin sayını azaldıb. Bu da Qusarda infeksiyaya yoluxma riskinin aşağı səviyyədə saxlanılmasına imkan verib.

-Bir millət vəkili olaraq ümumilikdə ölkədə hazırda pandemiya dövründə vəziyyəti necə qiymətləndirirsiniz? İstər tətbiq edilən qaydalar, istərsə də həmin qaydalara vətəndaşın münasibəti adekvatdırmı?

-Pandemiya dövründə ölkədə vəziyyət qənaətbəxşdir. COVİD-19 infeksiyasının yayılma dinamikasını stabilləşdirə bilmişik. Vəziyyət nəzarətdən çıxmayıb. Tibb personal operativ işləyir. Gündəlik testlər aparılır. GOVİD -19 xəstələrinin müalicəsi  üçün 46 xəstəxana istiqmətləndirilib.  Zənglər operativ qəbul olunur və xəstələr hospitallaşdırılır. İnsanlar üçün konkret qaydalar müəyyənləşib. Karantin rejimi tətbiq olunan ilk vaxtlarda koronavirus xəstəliyi o qədər də insanlar tərəfindən ciddiyə alınmırdısa, indi hamı anlayır ki, bu çox təhlükəli xəstəlikdir. İnsanlar da qapalı məkanlarda tibbi maskadan istifadə edirlər. İctimai obyektlərin girişlərində dizinfeksiyaedici məhlullar qoyulub. Yəni, insanlar yeni dövrün tələblərinə uyğunlaşaraq yaşamağa  öyrənib. Bu da yoluxmaların sayını aşağı səviyyədə saxlamağımıza imkan verir.

 -Həm paytaxt, həm də bölgələrdə açılan yeni modul tipli xəstəxanalar koronavirusa qarşı mübarizədə nə dərəcədə effektli təsir bağışlayır?

-Modul tipli xəstəxanaların tikilməsinə ölkə başçısı tapşırıq verəndə bəziləri fikirləşirdi ki, bu bizim nəyimizə lazımdır. 1 ay bundan əvvəl koronavirus xəstələrinin sayında baş verən artımlar onu göstərdi ki, ölkə başçımız uzaqgörən liderdir, qərarlar vaxtında verilir.. Hər atılan addım sabahı düşünülərək atılır. Artıq ölkədə 11 modul tipli xəstəxana tikilib. Fövqəladə Hallar Nazirliyinin 2 modul tipli xəstəxanası da istifadəyə verilib. Yeni tikilmiş modul xəstəxanalarda 4100-dən çox çarpayı yeri yaranıb. Əgər payız aylarında yenidən koronavirusa yoluxmalar sürətlənərsə, o zaman bütün xəstələrin mülaicəsinə şərait yaranacaq.  Ən əsası odur ki, biz hazırlıqlı olmalıyıq və ehtiyatımızı əlimizdən verməməliyik.

-Bu arada bəzi vətəndaşlarımız toy və yas mərasimləri, rayonlara gediş-gəlişə icazə verilməməsindən narazılıq bildirirlər. Sizcə nə dərəcədə haqlı narazılıqdır?

-Burada insanların narazılıqları  başa düşüləndir. Çünki, 6 aya yaxın bir müddətdir ki, həyat özünəqapanmaya gedib. Yas və toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Qadağalara baxmayaraq məclis quran bəzi insanlara da rast gəlirik. Ölkədə karantin rejiminə nəzarət və formalaşmış ictimai nəzarət belə halların müəyyənləşdirilməsinə və iştirakçıların cəzalandırılmasına imkan verir . Bu kütləvi şəkildə baş vermir. Mənim təmsil olunduğum Qusar rayonunda neçə ailəni tanıyıram ki, toy mərasimi olmadan gənclər ailə həyatı qurublar. İnsan həyatının xoşbəxtliyi dəbdəbəli toylarda deyil. Əsası odur ki, ailə həyatını quran gənclər bir-birini sevən insanlar olsunlar. Xoşbəxtlik isə Allahın əlindədir və bütün gənclərimizə Allahdan xoşbəxt ailə həyatı arzulayıram. Yas mərasimləri də keçirilmir. Əslində yas mərasimlərinin həmişə belə qalmasının tərəfdarıyam. Dəbdəbəli yas mərasimləri öz doğmasını itirmiş şəxs üçün əlavə bir dərdə çevrilmişdi. Karantin rejiminin tətbiqi hamı üçün eyni qaydanın tətbiq olunmasını gündəmə gətirib və şəxsin ictimai statusundan , vəzifəsindən asıllı olmayaraq yas mərasimləri təşkil olunmur. Həm də narazı  insanlar da vəziyyəti  başa düşməlidirlər. Tətbiq olunmuş qadağalar bizim sağlamlığımızı təhlükədən qorumaq üçündür.

-Azər müəllim, artıq bir xeyli müddətdir ki, Ermənistan tərəfində hərbi hərəkətlilik müşahidə edilir. Təbii, Azərbaycan tərəfi də buna cavab olaraq müəyyən addımlar atır. Sizcə mövcud durum hərbi əməliyyatlar riskini nə dərəcədə artırır?

-Bir neçə müddətdir ki,  Ermənistan tərəfində hərbi hərəkətlilik müşahidə olunur. 12 iyulda növbəti uğursuzluğa düçar olunmuş ermənilər bildilər ki, Azərbaycanla zarafat etmək olmaz. Düşmən görür ki, təxribata yönəlmiş hər bir addımına  ordumuz tərəfindən 10 qat artıqlamasıyla cavabı verilir.  Bu gün Dağlıq Qarabağda hərbi xidmət etməyə əsgər tapılmadığından Paşinyan  qoca kişiləri könüllü adıyla orduya səfərbər edir.  12 iyul hadisələrindən sonra orduda  itirilmiş ruh yüksəkliyini bərpa etmək üçün Paşinyan Qarabağa səfər edir, hərbiçilərlə görüşür və özünün küçə təfəkkürlü fikirlərini onlara çatdırır.  Paşinyanın bu hərəkətləri danışıqlar prosesinin bitməsinin göstəricisi olduğunu hesab edirəm. Müharibə hər zaman alovlana bilər. Azərbaycan Silahlı Qüvvələri və xalqımız müharibəyə hər an hazırdır. 12 iyul hadisələri ərəfəsində vətəndaşlarımızın orduya  dəstək yürüşləri bir daha onu göstərdi ki. xalqımız işğallla heç vaxt barışmayacaqdır və düşmənlə döyüşmək əzmindədir.   Biz də mütəmadi olaraq hərbi təlimlər keçiririk və ordunun döyüş təcrübəsini, peşəkarlığını artırırq. Düşünürəm ki. indiki vəziyyətdə müharibə başlanarsa bu ermənilərin sonu deməkdir. Çünki xalqımız da artıq başa düşüb ki. danışıqlar prosesi 25 ildə 25 qəpiklik nəticə vermədi və torpaqlarımızı ancaq öz gücümüzlə azad etməliyik.

-Bu arada Rusiyadan ötən müddət ərzində hərbi texnikanın hava məkanı vasitəsilə Ermənistana daşınması şimal qonşumuzun Minsk Qrupunda həmsədr kimi tərəf tutduğunu ortaya qoymurmu?

-Təbii ki, elədir. Hamı bilir ki, münaqişənin bu günə kimi həll olunmamasının kökündə nə dayanır. Minsk Qupu formalaşanda da burada münaqişəni həll edə biləcək bir format yaranmadı. 26 ilə yaxın bir müddətdə heç bir müsbətə doğru addımı ortaya qoya bilməyən bu qrup bundan sonra da bizə heç nə verməyəcəkdir. Minsk Qrupunun məqsədi münaqişəni dondurmaq və status kvonun bundan sonra da dəyişilməz qalmasıdır. Ümumiyyətlə, münaqişənin danışıqlar yolu ilə həll olunmasına dəvət edən bu qrupun bir üzvünün işğalçı ölkəni silahlandırması onun niyyətini ortaya çıxardır. Əgər Rusiya Ermənistana dayaq olmadan, təkbaşına öhdəmizə buraxılsa inandırım sizi ki, məsələ 1-2 həftə ərzində həll olunacaq, ədalət bərpa ediləcək. Əminliklə deyə bilərəm ki, buna ordumuzun gücü artıqlanmasıyla çatar.

-Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun yenidən formalaşması və ya ondan imtina edilməsi təşəbbüsləri nə dərəcədə mümkün görünür?

-ATƏT-in Minsk Qrupunun yenidən formalaşdırılması deyildiyi kimi asan məsələ deyil. Çox istərdik ki, yenidən formalaşsın və orada Türkiyə də iştirak etsin. Dünyada ikili standartlar var. Hər şeyi zaman göstərəcək.

-Bu arada Ermənistanın Dağlıq Qarabağda qeyri-qanunu məskunlaşdırma siyasəti həyata keçirdiyi müşahidə olunur. İşğalçı ölkənin bu addımının qarşısını hansı yollarla almaq mümkündür?

-Ermənistan Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşma aparır. Livandan erməni ailələrin Qarabağa köçürülməsi prosesinə başlanılıb. Burada məqsəd etnik tərkibin balansını pozmaqdır. Beynəlxalq hüquq və normalara görə statusu müəyyən olunmamış münaqişə bölgəsinə kənardan gətirilərək məskunlaşmanın aparılması qadağandır. Buna beynəlxalq təşkilatlar nəzarət etməli və imkan verməməlidir. Amma biz nəyi görürük. Heç kim səsini çıxartmır. Bu bir daha onu deməyə imkan verir ki, müharibə qaçılmazdır və ədaləti ancaq özümüz bərpa etməliyik.

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31