Bəzi beynalxalq təşkilatlar obyektiv yanaşma tərzi nümayiş etdirmirlər - MÜSAHİBƏ
Anar Sarıyev: “5000 –dən artiq mətbu orqanın fəaliyyət göstərdiyi bir ölkədə hansı mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilər?”
29 Aprel 2013 15:48 MüsahibəKorrupsiyaya Qarşı Mübarizə Təşkilatının sədri Anar Sarıyevin "OLAYLAR"-a müsahibəsi
-Anar müəllim, ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatının Azərbaycana aid hissəsində ölkəmiz tənqid olunub və bu sahədə nöqsanların olduğu iddia edilib. Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Təşkilatı olaraq hesabatı necə dəyərləndirirsiz?
-Bəzən beynalxalq münasibətlər prizmasından məsələlərə yanaşanda müəyyən mənada təəccüb və təəssüf hissini gizlətməmək olmur. Belə ki, nəhəng dövlətlər və iri beynəlxalq qeyri hökümət təşkilatları bir çox məsələlərdə, xüsusilə demokratik dəyərləri əks etdirən məsələlərdə heç də həmişə obyektiv yanaşma tərzi nümayiş etdirmirlər. Yuxarıda qeyd olunan hesabatda vurğulanan bir cox məsələlər bir vətəndaş cəmiyyəti institutu nümayəndəsi və bir Azərbaycan vətəndaşı olaraq məndə dərin təəssuf hissi yaratdı. Bizlər hesab edirik ki, hesabatda qeyd olunan məsələlər heç də bügünki Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirmir. Mən qeyd etmək istərdim ki, ölkəmizdə qeyd olunan iradlarla bağlı müvafiq beynəlxalq tələbləri özündə əks etdirən hüquqi-normativ baza və qanunvericilik aktları qəbul edilmişdir. Müstəqil milli dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyəti instututları formalaşdırılmışdır. Biz düşünürük ki, bu cür hesabatlar Azərbaycana təzyiq xarakterlidir və həqiqəti əks etdirmir. Qeyd etmək istərdik ki, iqtisadi inkişaf dinamikasına malik bir ölkədə müəyyən nöqsanlar da labüddur. Lakin onlar qeyd olunan səviyyədə deyildir və nöqsanların aradan qaldırılması istiqamətində dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə səyləri artırılır.
-Dövlət Departamentinin hazırladığı hesabatda Azərbaycanda medianın və vətəndaş cəmiyyəti insitutlarının, KİV vasitələrinin indiki vəziyyəti ilə bağlı iradlar bildirilmişdi. Buna münasibətiniz necədir?
-Təşkilat olaraq onu vurğulamaq istərdik ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının indiki formalaşmasında dövlətimizin dəstəyi danılmazdır. Artiq 5 ildir fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması qeyri-hökumət təşkilatlarının inkişaf etmələrinə, formalaşmalarına müxtəlif səpkili irili-xirdalı bir cox layihələrin icrasını həyata keçirmələrinə şərait yaradıb. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları müstəqil fəaliyyət göstərirlər. İstər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, istərsə də beynəlxaq təşkilatların elan etdikləri müsabiqələrdə iştirak edir və öz layihələrini icra edirlər. Müxtəlif formalarda, konfederasiyalarda birləşirlər. Biz hesab edirik ki, hər bir vətəndaş cəmiyyəti institutlarının fəaliyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənməlidir. Biz onu da qeyd edə bilərik ki, bəzi təşkilatlar öz fəaliyyətlərində bunu nəzərə almırlar və qanunları pozurlar. Təbii ki, qanun ən alidir və qanunu pozanlar məsuliyyətə cəlb olunmalıdırlar. Hesabatda ölkəmizdə mətbuat azadlığı ilə bağlı müəyyən iradlar bildirilmişdir. Mən istərdim Amerka Birləşmiş Ştatlarının ölkəmizdəki nümayəndəliyinin əməkdaşlarına sual edəm. 5000 -dən artiq mətbu orqanın fəaliyyət göstərdiyi bir ölkədə hansı mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilər? Məgər mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, internet resurslarından geniş istifadə etmək imkanları, sosial şəbəkələrdən aktiv istifadə edilməsi söz azadlığının məhdudlaşdırılmasıdırmı? İri super güclər dünyaya demokratiya ixrac edirlər və bir çox ölkələrə bu cür hesabatlarla siyasi təzyiqlər göstərirlər. Lakin Qərbin və Avropanın ən inkişaf etmiş ölkələrində rast gəlinən transmilli korporasiyaları tərəfindən həyata keçirlən çirkli pulların yuyulmasından, dini və etnik zəmində ayrıseçkilikdən və s. kimi məsələlərlə bağlı hesabatlar hazırlanırmı? Mən əminliklə deyə bilərəm ki bizim cəmiyyətimiz Misirdə, Liviyada, İraqda olan demokratiyanı istəmir, bu demokratiya deyil, anarxiyadı. Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası bu demokratik inkişaf mərhələsini XX əsrin 90-cı illərində cox boyük itkilər və çətinliklərlə keçmişdir.
Süleyman İsmayılbəyli