Fahişəliyin leqallaşdırılması - MÜSAHİBƏ
Ramiz Alıyev: “Ölkəmiz üçün uyğun ola bilməz”
29 Aprel 2013 13:29 Müsahibəİnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevin müsahibəsi.
-Ramiz müəllim, bu günlərdə Milli Məclisdə fahişəliyin leqallaşdırılması təklif edildi. Buna münasibətiniz necədir?
-Azərbaycan Respublikası demokratik bir ölkə olduğu kimi onun Milli Məcilisi də demokratik bir parlamentdir. Orada sərbəst olaraq hər bir millət vəkili hər sahədə öz fikirlərini, təklif və iradlarını səsləndirə bilər. Milli Məclisin iclaslarında hər hansı bir məsələ ilə bağlı hansısa bir millət vəkilinin öz şəxsi fikrini səsləndirməsinə normal yanaşmaq lazımdır. Bu o demək deyil ki, Milli Məclisdə hər hansı bir millət vəkilinin fərdi olaraq səsləndirdiyi fikirlər ümumilikdə Milli Məclisin qərarıdır. Kimlərsə hansısa bir millət vəkilinin fikirlərinə müxtəlif don geyindirib onu özlərinə sərf edən formada ictimaiyyətə təqdim edirsə həmin şəxsin özünün milli mentalitetə hörməti yoxdur və onu heç milli mentalitet kimi məsələlər də maraqlandırmaz. Azərbaycan dövləti hər zaman İnsan Alverinə Qarşı Mübarizə sahəsində qətiyyətli mövqeyini qoymuşdur. O ki qaldı ölkəmizdə fahişəliyin leqallaşdırılması məsələsinə mənim münasibətimə, mən şəxsən fahişəliyin leqallaşdırılmasının əleyhinəyəm. Ona görə ki, biz müsəlman ölkəsiyik, bizim ən dəyərli milli mentalitetimiz var, bu məsələ də bizim dinimizə, mentalitetimizə zidd olan bir qərar ola bilər. Mən inanmıram ki, nə vaxtsa Milli Məclis belə bir qərar verə. Ona görə ki, Milli Məclis də çıxardığı hər bir qərar zamanı milli mentalitetimizi nəzərə alır. Bu cür məqamlar yolverilməzdir, həssas nöqtələrə toxunaraq ondan siyasi məqsədlər və s. üçün istifadə etmək olmaz.
-Ümumiyyətlə, bu Azərbaycan cəmiyyəti üçün nə qədər uyğundur?
-Bu cür qərarlar bir çox ölkələrdə həyata keçirilməkdədir. Avropanın demək olar ki, əksər ölkələrində bu metod tətbiq olunmaqdadır. Ancaq təbii ki, ölkəmiz üçün bu cür qərarın verilməsini məqbul saymıram və inanmıram ki, nə vaxtsa belə bir qərar verilə bilsin. Bu cür qərarlar ölkəmiz üçün uyğun ola bilməz. Bunu hər kəs bilir!
-Sizcə cəmiyyətin buna reaksiyası necə ola bilər?
-Hər birimiz cəmiyyətin bir üzvüyük. Biz necə reaksiya veririksə cəmiyyətimizin digər üzvləri də bu cür məsələrlərə eyni reaksiyanı verər. Ancaq cəmiyyətimizin əksər hissəsi belə bir təkilifin verilməsinə və qərarın veriləcəyinə heç vaxt inanmaz.
-Bu qanun qəbul edilərsə mənfi və müsbət tərəfləri nədən ibarət olacaq?
-Bu və bu kimi milli mentalitetimizə zidd olan qanunlar hazırki Milli Məclisində nəinki qəbul edilməz, heç təklif də olunmaz. Milli Məclisin üzvlərinin hər biri Azərbaycan Respublikasının vətəndaşlarıdır, cəmiyyətimizin bir üzvləridirlər, milli mentalitetimizi də çox gözəl bilirlər.
Süleyman İsmayılbəyli