“Kim deyərdi ki, bir gün Röya ilə Aygün ərə gedəcək...” - MÜSAHİBƏ

Mübariz Bayramov: “Qadınlar hakimiyyətə gəlsə, dünya müharibədən də dəhşətli mənzərənin şahidi olacaq”

Müsahibimiz "Mövqe" qəzetinin gənc jurnalisti Mübariz Bayramovdur.

-Mübariz, nəyə görə jurnalistikanı seçdin?

- Əslində mən hərbçi olmaq istəyi ilə böyümüşəm. Bu gün də həmin istək müqəddəs bir hiss kimi ürəyimdədir. Amma uzun sadalanacaq obyektiv səbəblərdən bu arzum həyata keçmədi. Düzdür, ali təhsilim jurnalistika olmasa da, məni bu sahəyə gətirən əsas səbəblərdən birincisi həvəsimdir. Bundan başqa orta məktəbin sonuncu sinfindən bu günə qədər fəlsəfə ilə məşğulam. Yəqin ki, əmək fəaliyyətimi mətbuata istiqamətləndirən bu amil də var. Həm də kiçik yaşlarımda cəmiyyət böyüklərinin müvafiq sahənin nümayəndələrinə necə hörmət bəslədiklərini görürdüm. Jurnalistikaya yaranan həvəsimin kökündə göstərilən bu hörmət də olub. İnsanın daxilində "bioloji səs" deyilən bir şey var. Həmin o səs daim məxluqu azadlığa dartıb. Əslində, əsl media da yeganə əmək sahəmdir ki, həm yaradıcılığı və azadlığı özündə cəmləşdirir, bu, azmış kimi həm də onları təbliğ edir. Qısası, hər insan məşğul olduğu işinə bənzəyir. Bu günə qədər bir neçə adda mətbu orqanda işlədim. Artıq bir neçə müddətdir ki, "Mövqe" qəzetinin əməkdaşı olaraq xidmətdəyəm.
 

- Mübariz, Azərbaycan jurnalistikasında baş verən dəyişikliklər gələcəyə nə vəd edir?

- Ümumilikdə bir toplum ictimai - siyasi və sosial cəhətdən inkişaf edirsə, deməli, onun hər sahəsi paralel tərəqqi yaşayır. İdeal cəmiyyətin qeyri - mümkünlüyünü nəzərdə saxlayıb deyək ki, inkişafımız danılmazdır. Çatışmazlıq varsa, qonşuluğunda açıq düşməni olan ölkədə sabitlik də var. Son illərə isə təbii ki, müstəqillik qazanmış Azərbaycanın ən yaxşı günləri deyə bilərik. Odur ki, müharibə olmasa, belə və bundan artıq nailiyyətlərin qazanılacağı ehtimal olunur. Ona görə də bu, mütləqdir ki, cəmiyyət inkişaf etdikcə media da inkişaf edəcək. Xüsusilə də hazırda kursundan asılı olmayaraq lazım olan mətbu orqana dövlət tərəfindən dəstəyin mövcudluğunu nəzərə alaq.

- Jurnalist olaraq Azərbaycan mətbuatının hansı problemləri səni narahat edir?

- Ümumi problem kimi hazırda Sovetdən qalıb köhnəlmiş ənənəni misal çəkə bilərəm. Demək olar ki, Azərbaycanda əksər sahələrdə praktikadan çox, nəzəriyyəyə üstünlük verilir. Təbii ki, mən özümdən Amerika kəşf etmirəm, bunu hamı bilir. Odur ki, bu tarazlığın yerinin dəyişəcəyi vaxt gələcək. Konkret olaraq jurnalistika tədrisində ixtisaslaşma lazımdır. Yəni, ən azından magistr tədrisi hər sahənin öz müxbirini yetişdirməlidir. Kütləvi informasiya vasitələrinin kiminsə kurasiyasına keçməsi də qlobal media problemidir.

- Qadınların gender bərabərliyi davası ilə kişilərə qarşı müharibə açması, fikrincə əks cinsin nümayəndələrinin kişilər üzərində üstünlük iddialarından irəli gəlmir ki? Çünki, gender məsələləri Azərbaycanda heç də qadınların düşündüyü qədər bərbad vəziyyətdə deyil.

- Bunu ümumi halda belə deyim ki, qadınla kişi bərabərliyi ən çox bələk və kəfəndə ola bilər. Digər bütün hallarda bərabərlik qisməndir. Təbii, bərabərlik olmalıdır. Amma bu dünya və quruluş vahid tabeli iyerarxiyadır. Bir fiqur pozulursa, digərilərinə də siraət etmə ehtimalı çoxdur. Siyasət pozulursa, bu, iqtisadiyyata təsir edir, iqtisadiyyat pozulursa, bu, hüquqa, hüquq pozulursa, dolayısı ilə mənəviyyata, iradəyə, ənənəyə təsir edir. Ən nəhayət isə fiziki güc qalır ki, buna çatmamaq üçün cəmiyyətdə statusundan asılı olmayaraq heç kim heç kimin yuxarıda yarımçıq sadaladığım vəziyyətlərinə toxunmamalıdır. Amma bərabərlik üçün ilk öncə azadlıq lazımdır. İnsanın biososial varlıq olduğunu nəzərə alsaq, bu gün bizim cəmiyyətdə onun nisbətən çox sosial azadlığı təmin oluna bilir. Həmin gender termini yaranan ölkədə isə insanlar həm sosial, həm də bio-azaddırlar. Azərbaycan cəmiyyətində isə bio-azadlıq hələlik sevilmir. Ona görə də Azərbaycanda gender bərabərliyinin qəbuledilməzliyi elə ən çox bio-azadlığın tələblərindən yaranır. Sadəcə, bu məsələ ictimai şüura çox bağlıdır. Gərək kişi də, qadın da azadlığın sərhədlərini bilsinlər. Anlaşılma vəhdətdə olmalıdır. Amma mövcudluq elə qurulub ki, tək heç nə yoxdur. Hər şeyin və hər kəsin tayı var. Kim inanardı ki, bir nəfər çıxıb Kazımova Aygün və Röya ilə evlənərdi?! Bu nümunələr bərabərliyin göstəricisi deyilmi? Hüquqi dövlətin məhkəmələrinə görə, davamını sadalamasam yaxşı olar. Bəs, burda ictimai qınaq, ya da bəzilərinin bərabərsizlik çağırışları hanı? Alov birinci həmin, sonra isə ona yaxın olan yerləri yandırır. İnsan da elədir. Nə olsa, birinci insanın özünə, sonra onun yaxınlarına olur. Başqa anlamda da deməzdim ki, bizdə gender bərabərliyi yoxdur. Evə ərindən gec gələn qadınlarımız, uşağa yemək bişirən kişlərimiz artıq çoxdur! "Ərəbin qadını işləməz, türkün qadını işləyir" devizi reallaşıb. Mən buna bir tərəfdən də dövlət siyasəti deyərdim. Hazırda qadının dindəki azadlığını görürük: erotik hicab, dırnağın qırmızı boyaları, dabanı 14 sm olan ayaqqabısı vasitəsi il... Ailə də dövlət, dünya kimi tabeli olmasa, vəhdət olmaz. Odur ki, nə qədər sosial bərabərlik olsa da, əgər hansısa ailədə tabelilik varsa, deməli, bu bərabərlik pozulub. Bütün canlı varlıqlarda - həşəratdan tutmuş insana qədər hakimiyyət əzmi yalnız erkək cinsdədir. Bu o, anlama gəlir ki, qadın-kişi bərabərliyi kişinin üstünlüyü ilə bitir. Məncə, hər bir qadının da daxilində kişinin üstün olması istəyi var. Lap dərinə - metafizik anlama keçsək, bütün hərəkətlər kişiyə "üstün ol" anlamını verir. Qadınla kişi bərabər olsa, qadın çox əziyyət çəkər. Amma son illərdə qadınların bildi - bilmədi bu terminə çox diqqət etməsi onların uzun müddət əzgin olmasından irəli gəlir. İrəli keçsələr dünyanı idarə etmək fikrinə də gələcəklər. Bu gün dünyanı kişi idarə edirsə, onun bəlası müharibədir. Düzdür, qadın sülhə meyilli məxluqdur. Amma qadının idarəçiliyində isə müharibədən də dəhşət mənzərə ola bilər. Gender bərabərliyindən ona görə qorxun ki, bu gün üçüncü cinsin nümayəndələri də rəsmi təsdiqlənmək üzrədirlər. Dünya durmayıb ki? Hələ bunun 4-cü cinsi də var. Gün gələcək onlar da bu bərabərlikdən istəyəcəklər.

- Qısa don geyinən qadınlar kişilərin onlara söz atmasına görə "Bakıda küləyin möhkəm əsməsi"ni günahkar tuturlar. Fikrincə əsl xətakar harada gizlənib?

- Heç bir nəticə yalnız bir səbəbdən ibarət olmur. Kimsə müqəddəs yaradılış ünsürlərdən biri olan küləyi günahlandırırsa mənim bundan əvvəlki cümləmi oxusun. Tək külək deyil, ay xanımlar!!!. Onsuz da bu gün ölkəmizdə polis çoxdur. Deyirsən ki, indi də "külək polisi" yaradılsın? Mövzunun üstündən uzağı 15 cümlə keçib. Hansı ki, az əvvəl cəmiyyətimizdə olanı dedim ki, bizdə hər şeyə kişi nöqtə qoyur. Bir qadının donu qısadırsa, deməli, bir kişi icazə verib. Ən ümumisi isə günah eləmə ki, günahkarı da axtarmayaq. Birinci günah başqasında ola bilər, amma növbətiləri insanın özündədir. Bilirəm ki, həmin anaların balaları belə günahları birdən çox ediblər. Deməli, günah küləkdən çox özündə(sahibində) imiş. Həm də hər gün hava haqqında proqnozlar verilir. Bədəninin istiliyini qorumağını həmin proqnozlara uyğun tənzimləmək lazımdır. Lap dərinə getsək, günahkar Həvva, o vaxtın kişisi kimi də Adəmdir. Amma nə etmək olar?! Küləyi günahkar bilənlərin kökünü suvarsan da bitir, suvarmasan da!..

- Sən nə demək istəyərdin?

- Həmişə demişəm ki, birinə görə, qardaş(bacı), birinə görə, atayıq(anayıq). Digərinə görə düşmən, başqa birinə dostuq, kimə görəsə sevgili, o birinə görə hər şey, nəyinsə sahibiyik. Bu sadalamanı uzada bilərik. Amma hər şeyə və hamıya görə insanıq. Bunu qoruyaq İnsanın nələrinsə, kimlərinsə heç nəyi olmamaq ehtimalı yoxdur. Siyasət də, iqtisadiyyat da, hüquq da - yazılmışların hamısı yazılmamış mənəviyyata başlayır.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31