“Sevinc Babayeva ilə sevgi macəram olmayıb” - Gülərin əri
24 Aprel 2013 17:39 MüsahibəHazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova gündəmin əsas mövzularından biri olmaqda davam edir. Minval.az saytı dünən onun həyat yoldaşı Fikrət Əhmədovdan müsahibə götürüb. F.Əhmədov danışmaqda maraqlı olmasa da, saytın əməkdaşı israrla ondan bir neçə suala cavab ala bilib. Müsahibəni olduğu kimi təqdim edirik:
- Fikrət bəy, istintaqın durumu ilə bağlı fikriniz nədir?
- İstintaqla bağlı durumu vəkilin özü şərh edir. O ki qaldı bir sıra saytlara, bununla bağlı da öz iradım var. Amma Gülər Əhmədova həbsdə olduğu müddətdə bu barədə danışmaq istəməzdim. Bununla belə, bir şeyi sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu yaxın həftələrdə Gülər Əhmədovaya təqdim edilmiş ittihamnamənin hər bir sözünə, hər bir cümləsinə cavab verəcəyik. Onu deyə bilərəm ki, Gülər Əhmədova tamamilə qeyri-qanuni həbs olunub. Onun həbsi də qanunsuzdur, heç bir sübut yoxdur. Bütün bu KİV-lərdə dərc edilənlər isə uydurma, cəfəngiyyatdır.
- Hər halda, prokurorluq da ortaya müəyyən sübutlar, dəlillər qoymuşdu. Bunlar olmadan həbs edə bilərdimi?
- Heç bir əsas və sübut olmadan həbs edilib.
- Fikrət bəy, sizin də adınız bu hadisədə hallanmışdı. Sevinc Babayevanın İstanbulda qaldığı evə getməyiniz, həmin binanın mühafizə kamerasında görüntülərinizin olması barədə məlumatlar yer aldı mediada.
- Xanım qız, o, Sevinc Babayevanın oğlunun ağzına gələni dedikləridir.
- Axı istintaq da sizin adınızı hallandırmışdı.
- Xeyr, mənim adımı çəkməyib. Biz Gülər Əhmədova ilə birlikdə Gürcüstana gedəndə bizi Qazax sərhədində saxlamışdılar. Mən də onda ifadə vermişəm, vəssalam. Həmin vaxt bizdən gedişimizin səbəbini soruşublar.
- Deyirsiz ki, Sevinc Babayeva ilə İstanbulda hər hansı görüşünüz olmayıb? Hər halda, oğlu sizin ona pul apardığınızı iddia etmişdi.
- Mən sizə dedim ki, istintaqın məsələləri var və mən o məsələlərə qarışmaq istəmirəm. Ümumiyyətlə, Sevinc Babayeva ilə nə biznesim olub, nə sevgi macəram. Heç bir məqsədli işimiz olmayıb.
- Sevinc Babayevanın...
- (sözümüzü kəsir) Sənə dedik ki, vəssalam. İntervü vermirəm mən, istintaq sirridir. Bir kəlmə bildirirəm ki, istintaq qeyri-qanuni şəkildə Gülər Əhmədovanı həbs edib. Bu barədə yaxın vaxtlarda saytınızda oxuyacaqsınız.
- Oğlunuzun durumu necədir?
- Yaxşıdır, düzəlib. Qolu gipsdədir. Hazırda evdə, məzuniyyətdədir.
- Gülər xanımın saxlanma şəraiti ilə bağlı mətbuatda hər gün yeni məlumatlar dərc edilir. Onun lüks kamerada saxlanması, içəri mebel, soyuducu aparılması və sairlə bağlı açıqlamalar verilir.
- Onu deyən qələt edir, başını daşa döyür. 8 kvadrat metrlik ərazidir. Orda iki qadın yatır. Hər 2 kvadrat metrdən bu edir 4 kvadrat metr. 1 kvadrat metr orda tualet, əlüzyuyandır. 1 kvadrat metr də stoldur. Qalır orda 2 kvadrat metr. (istehza ilə) Yox, 2 kvadrat metrə royal gətirib qoyublar... Özünüz nəticə çıxarın da. İki qadın qalır kamerada. İkisi də kök qadınlardır. Hərəsinə elə ancaq 1 kvadrat metr yer düşür. Orda nə mebel, nə əlavə şərait?
- Bəs kamera yoldaşının kimliyi barədə məlumatınız var? Deyirlər, həmin qadını Gülər xanıma qulluqçu olaraq gətiriblər...
- Xeyr, o xanım çox abırlı, həyalı, tərbiyəli bir qadındır. Nə qulluqçu? Heç Obamanı da sabah türməyə salsalar, qulluqçusu olmayacaq. Sizi əmin edirəm. Kimsə ağzına gələni danışırsa, bu, o demək deyil ki, siz ona inanmalısınız. Gah dedilər, ağzından dişlərini çıxarıblar, gah dedilər, boğazını əməliyyat ediblər. Kimə lazımdır özünə bu cür düşük reklam qazanmaq? Hər şeyin bir həddi var. Götürüb yazırlar ki, Gülər Əhmədova 5 milyonluq restoranını bağışlayıb bir jurnalistə. Bir köpəkoğlu axtarıram ki, bütün əmlakımızın hamısına 5 milyon versin, papağımızı başımıza qoyub getməsək, bizdən əskik adam yoxdur. Hələ o dedikləri restoran da içində olmaqla.
- Hər halda, medianın gündəmində olan mövzudur, yeni iddialar olur və yazılır.
- Yazırlar yox e, yazdırırlar...
- Kim yazdırır?
- Yazır başqa şeydir, yazdırır başqa şey. Elə Elşadın pulu yazdırır... (Müsahibimiz bu yerdə söhbətin onun üçün bitdiyini deyir və əlavə sual verməyə imkan vermədən sağollaşır)