Ayanın kilipi pis nümunədir - MÜSAHİBƏ

Müsahibimiz psixoloq Ramil Nəcəfli öncəki müsahibəsində "Hansı müğənninin psixoloqa ehtiyacı var?" mövzusu haqda danışarkən müğənni Nadir Qafarzadənin psixoloqa ehtiyacı olduğunu demiş, Ayanın  "Mən Olacağam" klipini isə əxlaqsızlıq adlandırmışdı. Ayanın psixoloq haqda dediyi "getsin özünü müalicə eləsin" fikrinə Ramil Nəcəfli də cavab verdi.

-Qarşı tərəfin bu qədər sərt fikirlər səsləndirməsi nədən xəbər verir?

-Bizim şou-biznes əhlində psixoloji tolerantlıq yoxdur. Nadir də, Ayan da psixoloqa ehtiyac duymadıqalarını, hər şeyin qaydasında olduğunu dedilər. Psixoloqlar kiminsə psixoloji problemlərinin olması haqda danışarkən nəyəsə əsaslanırlar. Bizə müraciət etmək üçün psixi xəstə olmaq lazım deyil. Müxtəlif ölçü meyarları, testlər var ki, biz mütəxəssislər də bu kimi amillərə əsaslanaraq qarşımızdakı  şəxsin psixologiyasında hansı problemlərin olmasından xəbər veririk. Müğənnilərin əksərində, xüsusilə də Nadir və Ayanda natamamlıq kompleksi var. Natamamlıq kompleksinin olması psixoloqa müraciət etmək üçün çox önəmli səbəbdir. Keşmişdən qalma zərbələr, əzab-əziyyətlər, kasıblıq, imkansızlıq, acizlik insanlarda sonradan bu  kompleksi yaradır. Bu cür şəxslər varlı olduqdan, tanındıqdan sonra da həmin komplekslə yaşayırlar. Elə bilirlər ki, hər kəs onlara on il öncə kimi, statussuz birisi olduqları kimi baxır. Buna görə, belə şəxslər bu cür durumlardan çıxa bilmirlər. Çalışırlar ki, öncəki kimi imkansız olmadıqlarını göstərə bilsinlər. Adama deyərlər ki, nəyi sübut eləmək, kimə özünü göstərmək istəyirsən? Məsələn, biri pencəyini göstərir deyir ki, beş min manatlıq, təmiz italyan brendli geyimim var. Və ya avtomobilinin, ev əşyalarının, telefonunun hansı qiymətə olduğunu deyir. Hər şeyi görürük də, narahat olma. Ən yaxşı  brendlər, geyimlər də səndədir. Ac adam tox olduğunu gözə salmağa çalışdığı kimi, bu da nəyisə  sübut etməyə çalışır. Belə insanlarda özünə güvən hissi olmur. Dilləri onların  heç bir problemlərinin olmadığını desə də, mövcud halları, davranışları bunu inkar edir. Həmin şəxslərin psixoloji yardıma çox ehtiyacı var. Onlar beyinlərində öncələr formalaşan yarımçıqlıq hissini silməyə çalışmalıdırlar. Hər şeyin qaydasında olduğuna, keçmişdəki problemlərin hazırda olmadığına əmin olmalıdırlar. Mən həmişə irəli getməyi sevən insanları sevmişəm. Hər kəs inkişaf edib, üzərində işləməlidir. Müxbir çox şey deyə bilər. Müxbir ondan evini, əşyalarını göstərməyi də tələb edə bilər. Lakin müğənnilərin xüsusi canfəşanlıqla özlərini göstərmələri nəyisə sübut etməyə çalışmalarından xəbər verir. Natamamlıq, yarımçıqlıq kompleksi bunu yaradan səbəblərdəndir. Bu komplekslər onların həyatlarında xüsusi iz qoyur. Demək olar ki, bütün müğənnilərdə bu kompleks var. Vəzifəli insanlar kimi, müğənnilər də daim  gərginlik və stress içində olduqları üçün çox xofludur.

-Ayanın fikirlərinə münasibətiniz necədir?

-Ayanın cavabını gördünüz də. Ancaq  xüsusi statuslu, yüksək, dahiyanə və populyar adamlar onun haqqında fikir söyləyə, nəyisə müzakirə edə bilər. Belə çıxır ki, adi adam, psixoloq və ya jurnalist bunlar haqda fikir deyə bilməz. Sən də xalqın bir nümayəndəsisən, biz də. Mənim tanınmış olub-olmamağımın nə aidiyyatı var? Onun  haqqında fikir söyləmək üçün mütləq populyar olmalıyam? Heç reklama da ehtiyacım yoxdur. Ayan deyir ki, mən onun haqda fikir söyləməklə özümü reklam edirəm. Güya onun klipi vasitəsi reklam olunmaq istəyirəm. Bu çox çürük fikirdir. Son zamanlar müğənnilər sualdan yayınmaq, müəyyən məsələ haqda açıqlamaya münasibət bildirmək istəmədikləri üçün filankəsin onun vasitəsilə reklam olunmaq niyyətində olduğunu deyirlər. Reklam olar deyə, heç kim haqda fikir bildirməyəcək? Sonra deyər ki, Ramil Nəcəfli onun  vasitəsilə reklam olunmaq istəyir. Reklam olunası tərəflərim çoxdur. Amma özümü reklam eləmək niyyətində deyiləm.

-Ayan verdiyi açıqlamasında klipdə əxlaqsızlıq amillərinin olmamasını, evli kişilərin cavan qızlarla gəzməsini bugünki cəmiyyətimizin reallığı kimi qəbul edib.

-Evli kişilərin cavan qızlar, cavan qızların da imkanlı kişi ilə dostluq edərək pul qazanması, avtomobil, villa əldə etməsi cəmiyyətimizin reallığıdır. Biz də bu cür mövzuların gündəmdə olduğunu bilirik. Amma bu cür pis nümunələri göstərməyə, standarta çevirərək reklam etməyə nə ehtiyac var? Bu çox pis nümunə yaradır. Mən bunun əleyhinəyəm.

-Belə çıxır ki, müğənnilərin keçmişi bugünki sıxıntılarının yaranması üçün başlıca amildir.

-Keçmişdə maddi sıxıntıların olması qəbahət deyil. İnsanın on il bundan əvvəlki vəziyyətdə də qalması başqalarında ikrah hissi yarada bilər. Əvvəllər imkansız olub, daha sonra populyarlıq əldə etmək normal haldır. Bu belə də olmalıdır. Bəzən insanların keçmişi, o zamanlar yaşadıqları maddi sıxıntı onda keçmişdən acıq çıxmaq üçün bir qəzəb yaradır. Buna görə də onlar sonradan tanındıqdan, populyarlıq əldə etdikdən, varlandıqdan sonra hər şeyi nümayiş etdirməyə çalışır. 

Mən demirəm ki, onlar dəli, ya başdanxarabdırlar. Natamamlıq kompleksi,  yaşadıqları gərginlik, iş həyatı müğənnilərdə də müəyyən psixoloji problemlər yaradır. Psixoloq başqa işlə məşğuldur, psixiator başqa. Heç kəs onlara dəli, ya axmaq demir. Sadəcə bu problemləri həll etmək lazımdır. Yüzlərlə psixoloji problemləri olanlar var.  Elə adamlar var ki, onlar həddindən artıq təmizkarlığı ilə digərlərindən seçilir. Məsələn, dünya şöhrətli müğənni Maykl Cekson üstünə virus düşməməsi üçün hər kəsdən beş metr aralı gəzirdi. Elə şəxslər var ki, onlar dəsmalla əl verib görüşürlər. Həddindən artıq təmizkarlıq da müəyyən problemlərin olmasından xəbər verir.

- "Psixoloqa getmisinizmi?" sualı niyə bir çox müğənnilərimiz üçün bu qədər kobud səslənir?

-Çünki psixiatriklə psixolojinin fərqlərini bilmirlər. Psixiatrik sözü bizim dəli dediyimiz anlayışdır ki, bu cür xəstələrlə xəstəxana şəraitində ciddi məşğul olurlar. Psixoloq isə normal insanlara məxsus problemlərlə məşğuldur. Hər bir insan normal həyatda müxtəlif problemlərlə qarşılaşa, ağır itki verə, depressiyaya düşə bilər. Məsələn, birin başına iş gəldiyi üçün işdən uzaqlaşaraq həyatın mənasının olmadığını, insanlara nifrət etdiyini deyib özünə qapılır. Bu cür insanlarda ağlağanlıq, məyusluq, ümidsizlik, hamıdan uzaqlaşma, əmək qabiliyyətini itirmə müşahidə edilir. Bu xüsusiyyət insanın ağır günlərə görə, yaşadığı psixoloji gərginlikdir. Psixoloji problem sözü niyə insanlar tərəfindən pis qəbul olunur?  Natamamlıq kompleksi, nasizm xəstəliyi bu cür şəxslərə məxsus xüsusiyyətlərdir.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31