“Bu gün ölkədə sabitlik var” - MÜSAHİBƏ

Rufiz Qonaqov: “Bəzi mətbuat orqanlarının yazdığı kimi ölkədə gərginlikdən danışmaq yersiz olar”

"Siyasi partiyaların seçkilərə hazırlıq prosesi çox ləng gedir"

Bu il ölkədə keçiriləcək prezident seçkiləri siyasi partiyalarla yanaşı, ictimai təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin də diqqət mərkəzində olan məsələ sırasındadır. Prezident seçkilərini ölkənin həyatı üçün mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirən bir sıra qeyri-hökumət təşkilatları seçkilərə qədərki dövr ərzində ölkədə cərəyan edən prosesləri, seçkiyə hazırlıq istiqamətində görülən işləri yaxından izləyirlər. Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansı da məhz bu aspektdən çıxış edərək prezident seçkilərinə qədər olan dövr ərzində partiyaların, onların seçkiyə olan marağı və iştirak imkanlarının monitorinqini həyata keçirib. Alyansın həmsədri, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov həyata keçirilən monitorinqin nəticələri, eləcə də təmsil etdiyi qurumun növbəti mərhələdə atacağı addımlar, həmçinin seçkiqabağı Azərbaycandakı mövcud vəziyyətlə bağlı "OLAYLAR"-ın suallarını cavablandırıb.

-Rufiz bəy, Qeyri Hökumət Təşkilatlarının Əməkdaşlıq Alyansının həmsədri və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri olaraq ölkədə seçkiqabağı situasiyanı necə dəyərləndirirsiniz?

-Məlum olduğu kimi artıq seçkiyə az bir müddət qalıb. Konkret olaraq 2-3 aydan sonra Azərbaycanda rəsmi seçki marafonu başlayacaq. Seçkiqabağı situasiya haqqında danışarkən mən istərdim ki, bu vəziyyəti bir neçə prizmadan aydınlaşdıraq. Ümumi ölkədəki vəziyyəti nəzərə alsaq, hesab edirəm ki, bir neçə yerlərdə, rayonlarda ərazi səviyyələrində yaranan narazılıqları istisna etməklə ümumilikdə ölkədəki vəziyyəti stabil dəyərləndirmək olar. Yəni bəzi mətbuat orqanlarının yazdığı kimi ölkədə gərginlikdən danışmaq  yersiz olar Müxtəlif vaxtlarda yerli səviyyələrdə rayon icra hakimiyyətlərinin,  yaxud hansısa məmurların məsuliyyətsizliyi səbəbindən yaranan narazılıqlar vardı ki, bu narazılıqlar da artıq ölkə prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələr zamanı verdiyi qəti göstərişlərdən sonra demək olar ki, aradan qaldırılır. Bu baxımdan düşünürəm ki, bu gün ölkədə stabillik var və hər hansı bir gərginlik görmürəm. Ümumilikdə isə bu seçki Azərbaycanın tarixində bir qədər fərqli seçki olacaq. O baxımdan ki, həm dünyada gedən proseslər, eyni zamanda Azərbaycana və Qafqaz regionuna olan maraq, insanların sosial şəbəkələrdə aktivləşməsi onu deməyə əsas verir ki, bu seçki tamamilə fərqli bir seçki olacaq  Çünki bu seçkidə nəyisə gizlətmək, düzgün yazmamaq çətin bir məsələdir. Düşünürəm ki, Azərbaycanda keçiriləcək seçkilər dünya və region ölkələri, eyni zamanda Qafqazın lider ölkəsi kimi Azərbaycan üçün çox mühümdür. Hesab edirəm ki, digər ölkələr də bu seçkiləri ciddi şəkildə izləyəcək.

-QHT Əməkdaşlıq Alyansı olaraq seçki dövründə keçirdiyiniz monitorinqlərin nəticəsi kimi siyasi dairələrin seçkiyə hazırlığını necə dəyərləndirirsiniz?

-QHT Əməkdaşlıq Alyansının monitorinqi əsasən siyasi partiyalarla bağlı idi. Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən artıq siyasi partiya var ki, biz monitorinq zamanı həmin partiyaların imkanlarını araşdırdıq. Bu imkanlar həmin partiyaların resursları ilə bağlı idi. Bura partiyaların texniki, insan resursları, rayon təşkilatları və üzvlərinin sayı daxil idi. Ancaq təssüflər olun ki, həmin 50-dən artıq siyasi partiyanın cəmi 24-nün monitorinqini apara bildik. Yerdə qalan partiyaların demək olar ki, sədrlərini belə tapmaq müşgül məsələ idi. Sədrləri olsa belə onların ofisi,  hər hansı fəaliyyəti olmadığı halda monitorinq etməyin də mənası yox idi. Ancaq 24 siyasi partiyanın monitorinqi aparıldı. Onlardan 10-a qədəri gündəlik ictimai-siyasi proseslərdə sktivlik göstərən siyasi partiyalardı. Biz həmin partiyaların imkanlarını araşdırarkən məlum oldu ki,  siyasi partiyaların cüzi bir hissəsi bütövlükdə seçkilərdə iştirak etmək barədə düşünür. Bu sıraya hakim Yeni Azərbaycan Partiyasını şamil etmək olar. Yeni Azərbaycan Partiyasının kifayətqədər potensialı var və bu partiya hazırkı dövlət başçısı, partiyanın sədri cənab İlham Əliyevin namizədliyini irəli sürməyi düşünür. İctimai Palata adlanan qurumda təmsil olunan bir qism partiyalar var ki, onların hələlik qəti bir mövqeyi yoxdur. Düzdür, partiyalar daxilində müəyyən hazırlıqlar həyata keçirilsə də, lakin hələlik qəti bir mövqeyə gələ bilməyiblər. Monitorinqlər zamanı açıq gördük ki, bu düşərgədəki heç bir partiyanın tək bir namizədlə çıxış edib qələbə qazanmaq şansı o qədər də real görünmür. Biz siyasi partiyalarla bağlı o qənaətə gəldik ki, bütövlükdə siyasi partiyalar ümumi cəmiyyətdə heç də əhalini tam əhatə edə bilməyiblər. Ümumi götürəndə Azərbaycan əhalisi və seçicilərinin 30 faizə qədəri siyasi partiyaların üzvüdür. Yerdə qalan 70 faiz isə bitərəf, heç bir siyasi partiyanın üzvü olmayan vətəndaşlardır. Ümumilikdə, dünya ölkələrində də partiyaların üzvlərinin sayı 50 faizə çatmır. Azərbaycanda isə əhalinin 30 fazinin siyasi partiyalarda təmsil olunması normal haldır. Monitorinqin nəticəsi olaraq bizim qənaətimiz ondan ibarət oldu ki, siyasi partiyaların seçkilərə hazırlıq prosesi çox ləng gedir. Biz düşünürdük ki, mart-aprel aylarında müəyyən aktivlik olar. Ancaq göründüyü kimi elə də ciddi bir aktivlik müşahidə edilmir. Yalnız müəyyən iclaslar, müşavirələr keçirilir. Hətta bəzi partiyalar özlərinin ali qurultaylarını belə keçirməyə tələsmirlər. Samki partiyaların hamısı son seçki marafonu, iki-üç aylıq bir müddəti gözləyir. Ümumiyyətlə, əldə olunan nəticə ondan ibarətdir ki, siyasi partiyalardan yalnız Yeni Azərbaycan Partiyası, İctimai Palata adlanan qurumda təmsil olunan partiyalar və bu quruma yaxın olan partiyalar istisna olunmaq şərtilə digər partiyaların seçkiyə hazırlığı çox zəifdir. Hətta demək olar ki, yox dərəcəsindədir.

-Bəs növbəti mərhələdə QHT Əməkdaşlıq Alyansının əsas iş prinsipi nədən ibarət olacaq?

-Biz növbəti mərhələdə partiyaların rayon təşkilatlarının vəziyyətini aydınlaşdırmaq istəyirik.

-Nəticələr belə deməyə əsas verirmi ki, seçkinin favoriti Yeni Azərbaycan Partiyasının namizədi olacaq?

-Əsas məsələ ondan ibarətdir ki, hakim komandada yeganə namizədin İlham Əliyev olması barədə yekdil fikir var. Bu baxımdan düşünürəm ki, Yeni Azərbaycan Partiyasının imkanları həm insan resursları, həm texniki, həm də lider baxımından digər partiyalardan üstündür və hakim partiyanın elə bir problemi yoxdur. Müxtəlif mətbuat orqanlarının hakimiyyət içərisində namizədlə bağlı guya fikir ayrılığı olduğunu yazmasına baxmayaraq, bu hiss edilmir və hansısa fakta söykənmir. Bütövlükdə götürsək bu gün Yeni Azərbaycan Partiyası  və hakim komanda birmənalı olaraq hakim partiyanın namizədini dəstəkıəyir, onu müdafiə edir. Ancaq digər müxalifət partiyaları, İctimai Palatanı götürsək görərik ki, onların içərisində vahid lider və vahid namizəd problemi var. Bu problemi də onlar özləri yaradırlar. Çünki seçkilərdə hər bir partiyanın öz namizədi ola bilər. Hər bir müxaalifət partiyasının nümayəndəsi öz namzədliyini irəli sürə bilər. Lakin onlar özləri ötən seçkilərdən bu problemi yaradıblar və indi də həmin problemdən qurtula bilmirlər. Bütün problem də bunun ətrafında dolanır. Nəticədə həmin partiyalar seçkiyə hazırlaşmaq əvəzinə sanki vahid namizəd olmaq barədə yarışa giriblər. Əgər müxalifətin içərisində bir neçə namizəd, hakim Yeni Azərbaycan Partiyasının isə bir namizədi olacaqsa, o halda təbii ki, Yeni Azərbaycan Partiyasının imkanları üstün olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31